2020-ci il 13-14 iyulda Tovuz bölgəsində həlak olmuş şəhidlərimizin xatirəsinə
Oğullar anaya, Vətənə bağlı,
Şəhid anasıyıq ürəyi dağlı,
Dünya bizim dünya; qaralı-ağlı...
Dünən də şəhid var, bu gün də şəhid.
Zamanın təpiyi altındayıq biz,
Doğuda, Güneydə, Batıdayıq biz,
Şəhidik, torpağın qatındayıq biz.
Dünən də şəhid var, bu gün də şəhid.
Tökülür qanımız, axır qanımız,
Torpağa qurbandır bizim canımız.
Ölümdür, itimdir hər bir anımız.
Dünən də şəhid var, bu gün də şəhid...
Haqqımız tapdanır, kor gözlər görmür,
Hər şəhid bir çiçək torpağa gömür,
Şəhidlər heç zaman, heç zaman ölmür.
Dünən də şəhid var, bu gün də şəhid...
Hər oğul yurdumun sərhəd dirəyi,
Hər oğul Vətənin hər gün gərəyi,
Hər oğul vətənin vuran ürəyi...
Dünən də şəhid var, bu gün də şəhid.
Bu gün də şəhid var, dünən də şəhid.
Şəhidlər torpaqdan cücərir qalxır,
Vətəndir cismimimz, canımız bizim,
Düşməni bu həsəd yandırıb yaxır.
***
Çıxıbdır əlindən çərxi fələyin,
Dünyanın çərxini İblis fırladır.
Saatlar, dəngələr, haqlar, inamlar
Tərsinə fırlanır, bizi aldadır.
Arxalı köpəklər qurdbasar olar,
Namərdlər, yağılar yurdbasar olar.
Hər şəhid müsəlləh bir əsgər kimi
Vətənçün min dirək, bir hasar olar.
Şəhid doğulur doğulanlarım,
Qeyrətin içində boğulanlarım,
Poladım, Dönməzim, Anarım,
Yaşarım, Elçinim, Rəşadım...
İlqarlarım - hər bir şəhidim
Mənim doğma balam, öz oğullarım!
Canımdan can gedib, görür Allahım,
Hər oğul bir oğul hər Ana üçün,
Hər şəhid verdikcə mən də ölürəm,
Can qurban yurd, Vətən, el qanan üçün.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!