Nəsimi
Səni bu hüsn camal ilə,
bu lütf ilə görən,
qorxdular haqq deməyə,
döndülər insan dedilər.
Nəsimi
"Mənəm Allah" dedi, "Ənəlhəqq!" dedi,
haqqa çağırırdı o səs bəşəri.
Allahı göylərdən o endirmədi,
insanı qaldırdı, -
o bərabəri.
Dedi ki, ey insan, dön bax, özünə,
tanı kimliyini, sənsən o gövhər.
Haqqı çevirdilər astar üzünə
insan cilidində,
insan kimilər.
Şairə, şeirə böhtan atdılar,
sözə qurban getdi sözdən doğulan.
Meydan suladılar, at oynatdılar,
cəllada tapşırdı
şairi Zaman.
Nəsimi yükünü çəkirdi şair,
yerdə Haqq yüküydü o həddən ağır.
Təklər sırasında təkiydi şair, -
boyundan yuxarı,
özündən ağır!
Taleyin qəsdində bir istehza var,
gördü ki, cəhənnəm küləyi əsir.
Harda istedad var, orda cəza var,
hakim məkrlidir,
şair "müqəssir".
Biz o "müqəssirə" qoyduq heykəli,
yanı güllü oldu, çiçəkli oldu.
Şairin taleyi - çox təhlükəli,
şairlik - o vaxtdan
şərəfli oldu.
"Ülvi Bünyadzadə" küçəsi
Hələ açığıydı göylərin üzü,
hələ Günəş batıb, Ay itməmişdi.
Hələ Kremlin təpəl öküzü
tankları
Bakıya yeritməmişdi.
Hələ Rusiyanın hərbi naziri
Uçub gəlməmişdi təyyarəsiylə.
Ölkənin başçısı bilib bu sirri,
qaçdı Moskvaya,
ailəsiylə.
Ülvi "And" yazırdı səngərdə hələ,
bir nəsil
təzədən and içməliydi.
Bu da bir dərsiydi, dərsdən əlavə,
dərslər, proqramlar dəyişməliydi.
Bəlkə də, yoxuydu hələ bənzəri,
bu yaşda istedad,
bu yaşda sadə!
İngilis dilinə tərcümələrin
qalibi Ülviydi o fakültədə.
Nə qəmə yadıydı, nə də sevincə,
soruşma,
sevirdi yeri, səmanı!
Mən gördüm, Ülvinin özüydü, məncə,
sonuncu şeirinin ilk qəhrəmanı.
Millət oyaq idi o gecəyarı,
güllə səpələnir, güllə dəyirdi.
Bakıda tankların polad çarxları,
Yolları, izləri möhürləyirdi.
Yaydı Ulu öndər Bəyanatını,
ordan,
Moskvadan, car çəkdi onda.
Atdı təhlükəyə öz həyatını,
oğlu - yanındaydı, qızı - yanında!
"Ülvi Bünyadzadə" küçəsindəyəm,
yolu necə keçim, necə dayanım?!
Zamanla, Tarixlə mən üz-üzəyəm,
Zaman - taleyimdi,
Tarix - ünvanım.
Yolu necə keçim, necə dayanım?!
Yuxuda
Moskvaya uçurduq,
gecənin yarısıydı,
Sovetlər dünyasıydı.
İkimiz də yuxusuz.
Kresloda yanaşı,
boz pencək, qızıl ulduz,
Başında balaca fəs,
əkələrdən seçilməz!
Nə üzündə bir incik,
nə dilində zarafat.
Birdən: - Yop tvoyu mat!
Kimi söydü bilmədim,
- Ziya müəllim, - dedim,
- Xeyir ola?!
Uğundu.
Gözündə bir uşaqlıq,
bir doğmalıq oxundu.
Kimi söydü, görəsən?
- Qatili?!
- Bəli.
- Əhsən!
Min heyif, amma səndən.
Bir də gələcəkdimi,
sənsiz dünyama, səndən?!
"Oxucu" məktubu
Bu, oxucu məktubuna bənzəmir,
can səndədi, can yanğısı varaqda
Bu görünən tərəfidi sözlərin,
çoxu ürəkdədi, azı varaqda.
Dilin dil açanda, dodaq yanmayıb?
Qələm titrəməyib, barmaq yanmayıb?
Necə olubdu ki, varaq yanmayıb
Sən sözə bükəndə "közü" varaqda?
Nə niyyətdən, nə niyyətə düşübsən,
vəziyyətdən, vəziyyətə düşübsən.
Necə gözəl "əziyyətə" düşübsən,
seçə-seçə sən hər sözü varaqda.
Nə imzan var, nə ünvanın, nə adın,
fikir aydın, cümlə aydın, söz aydın.
Sirrimizi guya gizli saxladın,
görəcəklər indi bizi varaqda.
Dəniz və göz yaşı
"...Düşündüm: yaxşı ki,
dəniz göz yaşı deyil".
Rəsul Rza
Tökmək istəyirdilər
göz yaşımı dənizə.
Taleyin zərbəsiydi,
gənc şair
bəndənizə.
Mən anamın dəfninə
getmişdim icazəsiz.
İzahat istəyirdi
bir mayor -
növbətçimiz.
"Qaçıb silahlı əsgər!" -
yayılmışdı bu xəbər,
bu ünvanım, bu adım.
Tamam təhlükədəydi,
onda mənim həyatım:
Gələcəyim, sabahım,
kürsülərə qalxmağım,
ordan şeir oxumağım,
seçilib-sayılmağım...
Mən - sıravi bir əsgər,
bir imza göstərdilər:
Zərli paqon,
ali çin, -
bir rütbəli zabitin.
"Hərbi tribunala.
Fərari", -
əmri buydu.
çıxış yolum yoxuydu.
Nə sözümü bir deyən,
nə haqqımı istəyən,
nə doğma, isti nəfəs,
yoxuydu elə bir kəs.
Mən fərari deyildim,
vətənimi sevirdim.
Mən anamı itirdim!
Generalla görüşə,
gənc şairi xahişə,
Nigar xanım,
bir də Siz...
Onda ləngisəydiniz,
mənim göz yaşlarımı
tutmazdı
indi dəniz.
Behişt olsun yeriniz.
Sürgün həyatı
60 illik yubileyi günlərində böyük yazıçı Mir Cəlalın xanımından soruşdum:
- Püstə xanım, niyə Mir Cəlal müəllim yaşından artıq görünür?
- Hər gün sürgün saatını gözləyirdi, - dedi.
Müəllif
Cavid getdi sürgünə,
rus saldatı yanında.
Müşfiq - qolları bağlı,
KQB - zindanında.
Cavad itkin düşübdü,
yoxdur səsi, sorağı.
Mir Cəlal göz dustağı.
Püstə xanım deyirdi,
demirdi, inləyirdi,
nəvəsi dinləyirdi.
Mən də qulaq asırdım,
ürəyimə yazırdım.
- Gecə ayrıldıq, gecə,
Cavidin ad günüydü,
bir ziyafət günüydü.
Mişkinaz xanımıydı.
Dilbəriydi, məniydim.
bir də Şükriyyə xanım.
Elə bil dünəniydi.
Danışırdıq, gülürdük,
sevinirdik, nə deyim?
Kim qalıb, kimə deyim!
Səhər eşitdik, səhər,
radiodan xəbəri.
Həbs olunub dedilər
vətən, xalq düşmənləri.
Cavid Əfəndi,
Müşfiq,
Əhməd Cavad - hər üçü.
Bir alın yazısıymış,
Son ayrılıq görüşü.
Gülüşlər yalanıymış,
sevinc, filan da yalan.
Əvvəl yazılanıymış,
əvvəldə də oxunan.
Həyatın özü buymuş,
astarı, üzü buymuş,
tale güzgüsü buymuş!
Püstə xanım deyirdi,
demirdi, inləyirdi,
nəvəsi dinləyirdi.
Mən də qulaq asırdım,
ürəyimə yazırdım.
- Aşağıdan, küçədən,
qəfil gəlsəydi bir səs, -
Mir Cəlal deyəsiydi:
- Yol çantamı ver, tələs,
onlar məni gözləməz,
söz eləyər, söz deməz.
Mir Cəlal həssasıydı,
mən də bir az təngnəfəs.
Mir Cəlal gözləyirdi:
günü,
anı,
saatı.
Evdə - müddətsiziydi
onun sürgün həyatı.
Fatehin ad günü
Bayaqdan alnıma soyuq tər gəlib,
sinəmi yandırır güclü bir təlaş.
Dünən Kəlbəcərdən
bəd xəbər gəlib,
məni oynamağa çağırma, qardaş.
Bir yana baxanda üzürlüyəm mən,
demə, çox rahatdı yerim kürsüdə.
Qarabağ gedəndən hüzünlüyəm mən,
heç eynim açılmır,
üzüm gülsə də.
Deyirlər, xaricdən bir dığa gəlib,
orda görmədiyi şaddığa gəlib.
Gedib İstisuda təzə mülk tikir...
daha yaş tükənir,
zaman gecikir.
Elə istəyirəm, fateh olasan,
Əyilib qarşında diz çökə quldur.
Yersizi,
yerində otuzdurasan,
deyəsən, erməni, yerin bax, budur!
Deyirik o sözü, demə deyilmir,
o bizə tanışdır, qədimdən tanış.
Erməni dilini
erməni bilmir,
danışsan, xarici bir dillə danış.
İstərəm, and içib, ad-ad deyəsən,
şəhid verdiyimiz mərd oğullara.
Qonşuluq dilini sən öyrədəsən,
bu qonşu qatili,
vəhşi qullara.
Şəmsəddin babanla, mən, şair baban,
başın üstündəyik, yat, yuxun olsa.
Millətin səsinə -
hər yaşda oyan,
qalxmağa, balaca bir heyin olsa.
Ənvər
Orta məktəb yoldaşıma
Anamın sac çörəyidi,
bu xamralı, sağ ol, Ənvər.
Gətirdiyin bu nemətə
özün də qonaq ol, Ənvər.
Bilmirəm yaxşıyıq, pisik,
gedən gedib, qalan bizik.
Sənsən, mənəm - ikimizik,
ayıq ol, oyaq ol, Ənvər.
Göyçə, İrəvan hardadı?
o elin-oban hardadı?
Bütöv bir dünyan hardadı? -
bir səs ol, soraq ol, Ənvər.
Qan qusmuş, yenə qan deyir,
indi də Naxçıvan deyir.
Həyat bizə oyan, - deyir,
həyatdan agah ol, Ənvər.
Biz deməsək sözümüzü,
çörək tutar gözümüzü.
Bir əldə - əsgər süngüsü,
bir əldə - bayraq ol, Ənvər.
Elçin, bir şeir de...
Gənclik illərində kürsülərdən
əzbər şeirlər deyən, alqışlar qazanan
jurnalist dostumuz Elçin Məmmədlinin
60 illiyinə minnətdarlıqla
Müəllif
Elçin, bir şeir de...
adətkəriydik,
səhnəyə çıxanda, yerdən deyərdik.
O da eşidərdi Allah eşqinə,
yerdən əl çalardıq biz də Elçinə.
Əsl, canındaydı çıxış, Elçinin,
şeir bizimkiydi, alqış Elçinin.
Bizim yerimizə o baş əyərdi,
bizə baxanda da, gülümsəyərdi.
Şeir gecəmizi başa vurardı,
hər kəs öz yanında otuzdurardı.
Mən uşaq bilirdim, uşaq deyilmiş,
cəbhədən, filandan uzaq deyilmiş.
Bir gün eşitdim ki, o, əsgər gedib,
şair dostlarından bixəbər gedib.
Elçini istəyən, görən, tanıyan,
heç kəsin xəbəri olmayıb ondan.
Topunu tuşlayıb topların üstə,
döyüş başlayıblar, nə başlayıblar!
Orda qafiyə də,
heca da,
söz də,
Elçini səngərdə alqışlayblar.
Şeir gecəsinin davamı buymuş,
Elçinin cəbhədən salamı buymuş!
Bir şeydən qorxub ki, tərs güllə dəyər,
ona yox,
qəlbində Xəlilə dəyər.
Söhraba, Məmmədə, ya mənə dəyər,
Cavidin, Müşfiqin xətrinə dəyər.
Dilində misralar pələnsəng qalar,
dünyadan söz köçər,
dünya tək qalar.
Söhrabdan deyəndə, Söhrablaşardı,
bir nəsil biziydik, bir nəsil Elçin.
Məmməd - müdrikləşər, Xəlil - daşardı,
mən - gah özümüydüm,
gah - əsl Elçin!
Yerlər yuxuludur, tərpət, oyansın,
Məmmədi, Söhrabı bir də yad eylə.
Elçin, bir şeir de,
Elçini "dansın",
Xəlilin dilində bir cihad eylə.
Məmmədi, Söhrabı bir də yad eylə.
Daş - əziz oldu
Qələm dostum
Cahangir Əsədə
Gedirdi, sonuncu köç karvanıydı,
nə qədər yalvardım, söz aciz oldu.
Mən varağa yazdım ana şeirimi,
sən daşa köçürdün,
daş - əziz oldu.
Bizim "daş" analar, daş olmadılar,
bizə göz oldular, qaş olmadılar.
Yaşaya-yaşaya yaşamadılar,
ləkəsiz, boyasız,
tərtəmiz oldu.
Mən misal çəkəndə ürək sözumü,
tərəzidə çəkdi fələk sözümü.
Mən onda deyəydim gərək, sözümü,
onda da zəmanə
çox qəliz oldu.
Cənnət havasıydı isti nəfəsi,
həzrət peyğəmbərin o qız nəvəsi!
Bir anam varıydı, atam əvəzi,
əvəz eləmədi,
əvəzsiz oldu.
Harda beşik gördüm, yadıma düşdü,
tək ev-eşik gördüm, yadıma düşdü.
Evdə işıq gördüm, yadıma düşdü,
mən onsuz olmadım,
o mənsiz oldu.
Ata
nəvəm Alməhəmmədə
Bir yaşımda çıxıb getdin,
səksənimdə saldın yada.
Ulduz kimi axıb getdin,
Ay kimi doğdun, ay ata!
Mən bilməzdim, bu hiss nəydi,
dil açdığım ilk dəfəydi.
Bu sinnimdə, bu yaşımda,
çağırırdım: ata! Ata!
Yorğanın ağ, bələyin ağ,
yerin tərtəmiz, ağappaq.
Ağla görüm, qulaq asım,
qaldırım bağrıma basım.
Eşidim ata səsini,
bu ilk ata töhfəsini.
Yuxuda gülürsən, Ata,
tanıdın deyəsən, Ata?!
Nərmanam,
mənəm, mən, Ata!
Əbədiyyət
Əzizim Samir Nəsibova
Nəsib əmi dediyim,
ürəkdən istədiyim,
bir ağsaqqal kişiydi.
Dilindəki o söhbət,
gözündəki o ülfət,
ata nəvazişiydi.
Samirin babasıydı,
nəslin ab-havasıydı.
Bilirsiniz nəçiydi?! -
gözəl hekayəçiydi.
Tanınmış bir yazıçı!
Tanrısına duaçı.
Yazdığı şah əsəri, -
"Vyana gecələri".
Özünün həyatıydı,
cəbhə külliyyatıydı.
Bir əsgər şinelində
çəkdiyi bayatıydı.
Dünya sahillərində,
qumbara əllərində.
Nəsib əmi can qoyub,
ad qoyub, ünvan qoyub.
Oğlu Vasif, bir də mən,
oğlu Rəşid də hərdən,
qılığına girərdik,
orda gördüklərini
burda söylətdirərdik.
Suallar sinəmizdə,
əlimiz çənəmizdə,
ona qulaq asardıq,
axıracan susardıq.
Bu dünya - bir səsiymiş,
səs -
səsin əvəziymiş.
Əbədiyyət varıymış, -
bu onun oxşarıymış,
o bunun oxşarıymış!
Samir böyük kişiydi,
Vasifin bir yerişi,
Samirin yerişiydi!
Samir - elə özüydü, -
kölgəsi - kölgəsiydi.
Kim deyər - Nəsib əmi,
Samir yox, özgəsiydi?!
Yazıçı Pərvinə
Açıq məktub
Akademik Həsən Əliyevin ruhuna
Məndən müsahibə alırdı Pərvin,
Ekranda haqqımda söz deyəsiydi.
Başımda bu qədər çaxan şimşəyin,
məndən soruşurdu,
səbəbi nəydi?!
Məni təkləmişdi qələm dostlarım,
təzə başladığım bir poemada,
sözümün "üzü" yox,
Pərvin, "astarı",
bir az toxunmuşdu kiməsə, onda.
O da İttifaqda vəzifədəydi,
mənə ismarışı qorxu, hədəydi.
Sədrin otağında, o vaxtkı sədr,
havası doğmadı indiki yerin.
Müşfiqin dalınca göndərirdilər,
Müşfiqdən qırx beş il,
sonraydı, Pərvin.
"...Burda Birincidir hədəf seçilən!" -
nüfuz sahibiydi bu sözü deyən.
Qulluq göstərirdi özü də, yəqin.
mən indi sussam da,
beləydi, Pərvin.
Çıxdı qabağıma bir Haqq carçısı,
o nə şair idi, nə də yazıçı.
Amma şairə də, yazıçıya da,
hörməti varıydı onun, həyatda.
Böyük ailənin ağsaqqalıydı,
seçilib-sayılan bir ziyalıydı.
İnsaf sahibiydi, iman sahibi,
bir də damarında bir qan sahibi!
"Nədir o əsərin əyər-əskiyi?
Birinci oxuyub, müsbətdi rəyi.
Əl çəkin şairdən..."
bu səs, bu nida,
bir ildırım kimi çaxdı havada.
Mənim ürəyimə işığı düşdü,
onun da təzyiqi aşağı düşdü.
Mən onda gördüm ki, təklər
tək deyil,
göründüyü kimi dünya - rəng deyil.
Məni qoruyan var, məni duyan var,
mənim yazdığımı bir oxuyan var.
Taxta qapısını döymə kimsənin,
öz dəmir qapını döyərlər sənin.
Bunu mən demirəm, bunu deyən var,
amma neyləsən, yenə döyən var.
Bəlkə canımızda bu bir azardı,
Xəlil sağ olsaydı, açıq yazardı.
Kimsə bir gözünü qıyıb baxırdı,
çətindi hər gözdən bir söz eşitmək.
Söz var, götür görüm,
Pərvin ağırdı,
nə əyilmək olur, nə şax yerimək.
Gördüm o hikkəni, o kini gördüm,
tanıya bilmədim qələm dostumu.
Evimdə ən ağır itkini gördüm,
itirdim yeganə
o qəm dostumu.
Sınağa çəkirdi yenə taleyim,
amma vay halına tənha qalanın.
Qadınsız bir kişi göstərin, deyim
nədir güzəranı
o zavallının.
Bəlkə unudardım mən bu söhbəti,
keçərdim çəkdiyim ağrının üstən.
İl var - unutdurur vaxtın müddəti,
an var - keçmək olmur,
o anın üstən.
Qorxdum "dost" sözündən,
"qələm" sözündən,
dözmədim, güləndə qəmimə qəmsiz.
Bilmədim heç niyə qaçdım özümdən,
nə dostsuz yaşadım,
nə də qələmsiz.
Bir dekan varıydı...
Güldanə xanımın xatirəsinə
Bir dekan varıydı, belə, birtəhər,
gözü seçməyəni ayaqlayardı.
Müəllim, tələbə görəndə - şişər,
rektoru görəndə,
arıqlayardı.
Hərdən stoluna yumruq vurardı,
deyərdi dekanam!
(onda təzəydi).
Oxlov udan kimi dimdik durardı,
daimi bir nida işarəsiydi.
Uzaq qohumuydu prorektorun,
biz birik, desə də, ayrı gəzərdi.
Göstəriş verərdi adından onun,
gedib əl tutanda,
dizi əsərdi.
Bizə gah toxunur, gah ilişirdi,
bir az əsəbiydi, bir az da qıvraq.
Fənnini bilmirəm, necə bilirdi,
şərikli dərslik də
yazmışdı bir vaxt.
Hamıdan "ağıllı", hamıdan "təmiz",
elə ki, dindirdin, tamam şəriydi.
O da tələbədən almağa həris,
köhnə iş yerindən,
adətkəriydi.
Tez-tez yoxlayardı Baş laborantı,
yerində yoxdursa, təcili iclas.
Yuxarı-aşağı xəbər çatardı,
telefon əlində,
müsbət bir obraz!
Rektorun əmriylə getdi o dekan,
gördük hər üzünü zalım həyatın.
Bizə salam verdi, salam almayan,
dekan insan oldu,
gözünüz aydın!
Ana ürəyi
Həvva xanıma
Kənddə açıq eyvan, bir yaz axşamı,
sizdə qonağıydım mən ilk dəfəydi.
Mən anamdan sonra
gördüm anamı,
gördüyüm, bəlkə də, bir möcüzəydi!
Gedib öz əlində xörək gətirdin,
bir gözün oğlunda,
o biri məndə.
Dedin qardaş kimi bir qabdan yeyin,
yad kimi gəlməyin bir də gələndə.
Hardan kəşf elədin sən bu sözləri? -
mənə bu hikməti deyən yoxuydu.
Adəmin, Həvvanın vaxtından bəri,
qardaşsız oğullar
bəyəm, yoxuydu?
Mən qardaş sarıdan evdə təkiydim,
həyatda - bu eniş-yoxuş içində.
Amma dost-tanışım çoxuydu mənim,
"qardaş" çağırdığım tay-tuş içində.
Qədəmin mübarək, səsin mübarək,
ey ilham pərisi, varmı əvəzin?
Sən demə, bir ana ürəyi gərək,
qardaş dediyini
qardaş eləsin.
Kəsdiyim çörəyə hörmət, ehtiram,
özüm də bilmirəm, daha nə deyim.
Ana çağırmağı yadırğamışam,
oğul de,
sənə də mən ana deyim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!