Pandemiya günlərinin şeirləri
Sakit gün
Bakılılar günündə
Bakının səssizliyi qulaq batırırdı
Şəhər sakit, tənha idi...
Bakılılar Bakını
pandemiya günlərindəki kimi sakit
görməmişdilər.
Bu səssizlik şəhərə heç yaraşmadı
Bakı, səs-küyü ilə gözəldir,
Gündüzlər günəşi,
gecələr ulduzları darıxdı şəhərin,
Havası, suyu, əncir,
üzüm ağacları, qızılgülləri darıxdı,
adamlar darıxan yerdə
darıxmazmı şəhər özü?
Belə də olacaqmış demək.
Hardansa bir virus gəlib
dünyanın əl-qolunu bağlayarmış,
əsir alarmış dünyanı.
Dünya insanı darıxarmış,
tənha, köməksiz qalarmış...
Bakılılar günündə
Bakı da köməksiz, tək qaldı.
Bu da keçər bir gün,
Bakı yenə insanlarla coşar,
Gözəl Bakı,
sənə səssizlik heç yaraşmır...
Dəniz darıxanda...
Həftə sonları kimsəsiz qaldı Bakı
darıxdı adamlardan ötrü.
Bu yay günlərində tənhalığa sığınan Xəzər
İnsanlardan ötrü darıxır...
Onun da taleyində haçansa tənha qalacağı,
pandemiya günlərinin və
alıb-verdiyimiz nəfəsin də
az qala səsi eşidiləcək sükut varmış...
Bir tərəfdən, koronavirusun
aldığı canların səssizliyi,
bir tərəfdən, Bakının...
İlahi, sükut içində yaşamaqdan
tez xilas olaydıq kaş...
Soyuq günəş
Günəş də üşüyür bu yay günləri
İşıq saçmağa qorxur, sanki.
Gözəl günəş, hanı şüaların?
Soyuq pandemiya səni də üşütdü?
Göy üzünü sənin zəifliyin,
Təyyarələrin yoxluğu üşüdür
Hardasan?
Buludların arxasında gizlənmə,
çıx,
ümidimiz tək sənədir
bu pandemiya günlərində...
İşıqlı, isti şüalarını əsirgəmə insanlardan,
çıx buludların arxasından,
yetişdir meyvələri, tərəvəzləri,
işıq saç hər yerə,
adamların tək ümidi sənədir.
Qoyma aclıq çəksinlər,
qarşıdan soyuq qış gəlir axı,
Onsuz da qışda
qorxa-qorxa gələcəksən göy üzünə,
görüşümüzə.
İndi çıx görün, indi...
Yağış yağmayanda...
Göy guruldadı, şimşək çaxdı,
Günəşi çəkilən göylərdən
yağış yağa bilmədi, amma.
Göy üzünün dolan bulud gözlərindən
yağmadı yağış,
Ağlaya bilmədilər insanların bu gününə.
Sanki pandemiya da təbiəti əsəbləşdirmişdi
insanlar kimi.
Ağlaya bilmədi buludlar.
Ağlasaydılar ürəkləri boşalardı,
dərdlərini insanlarla, ağaclarla, torpaq ilə
bölüşərdilər...
Yağış da yağa bilmədi.
Yağsaydı,
insanların da dərdinin üstünə su səpilərdi...
Unudulan qağayılar
Gözəl günlərin həsrəti ilə yaşayırıq
gözəl Bakıda.
Məlun koronavirus həsrət qoydu bizi
doğma şəhərə...
İndi darıxır
ayaq izlərimiz üçün Bakı küçələri,
darıxır bulvar,
uşaqların yolunu gözləyir karusellər...
İnsanların öz evlərinə məhkum olduğu
bu şəhərlə
indi tənha dəniz
və unudulmuş qağayılar qalıb baş-başa...
Tezliklə bir əlac tapılsın bu pandemiyaya
Unudulmasın dəniz və qağayılar
Onlar unudulanda şəhər qərib, yalqız olur...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!