Elə qəşəng olur ki, ayrılığın səhəri.
Çarpayın da tərtəmiz,
Bircə qırışı olmur.
Dünya dediyin şeyin səninlə işi olmur.
Otağın səndən küsür,
Yatağın səndən küsür.
Xəyalındakı ailən, uşağın səndən küsür.
Sən isə öz-özündən,
Hər kəlmən, hər sözündən,
Lap həyatın özündən, elə rahat küsürsən,
Bir metr ip gəzirsən!
Təsəlli baş daşları papiros kötükləri.
Aşıb-daşan külqabı.
Gülündən qopardılan, yanı çatlaq gülqabı...
Ağzın da zəhər dadır.
Mədənin qıcqırtısı,
Lap təzəcə doğulmuş
O körpə ayrılığın, göz yaşı, hıçqırtısı...
Elə qəşəng olur ki, ayrılığın səhəri.
Ölümlə arandakı məsafə bircə qarış.
Daxilində anandan,
Daxilində atandan,
Daxilində bacından, nə olar ölmə deyə,
Hönkürtülü yalvarış.
Elə qəşəng olur ki, ayrılığın səhəri.
Səni səndən gizləmir
Nə günəş şəfəqləri,
Nə səhərin saflığı, bu qəmi təmizləmir!
Yarıaçıq pəncərə...
Otaq səndən üşüyür.
Gecə yuxusuz olan,
Gecə sevgisiz qalan,
Yataq səndən üşüyür.
Üşüyər dodaqların,
Ölüm səndən utanar.
Elə zülüm çəkərsən,
Zülüm səndən utanar.
Elə qəşəng olur ki, ayrılığın səhəri.
Sonsuz hesab etdiyin bir sevginin sonusan.
Daha başa düşürsən,
İxtisasın ayrılıq,
Sən öz ixtisasının qırmızı diplomlusu,
Ayrılıq məzunusan!
Elə qəşəng olur ki...
Suriyadan məktub
Salam şair əmi!..
Bağışla ki, sənə atəşli salam yollaya bilmirəm.
Bütün atəşlər burda məşğuldu.
Düzü, mən də çox məşğulam...
Bacım kuklasının qolunu itirib, ağlayır.
...sakitləşdirə bilmirəm,
Hələ öz ayağından xəbəri yoxdu,
onu da bir az olar itirib.
Demişəm pişik aparıb.
Mənə çörəyin ətrini yollaya bilmərsiz?
Darıxmışam.
Əlli nağıl bunnan qabaq anamı da
dəmir leyləklər apardı.
Ondan da çörək ətri gəlirdi.
Atamı axırıncı dəfə görəndə
öz saqqalının içində yoxa çıxdı.
Bir də sizdə yağışlar var deyirlər qurğuşunsuz yağışlar...
Suyundan barıt iyi gəlməyən yağışları deyirəm.
Varsa, ondan da yollayarsız,
Yox, yox özümçün demirəm... bacım istəyir...
Mən kişiyəm! Qorxmuram!
Sizin Cırtdana da deyin ki,
burdakı divlər 60 ton ağırlığındadı.
Özü də hər güləndə bir dəmir dişi çıxıb bir evi yıxır...
Səsləri də qəribədi,
elə bil cənnətlə cəhənnəm bir birinə çığırır!
Hə, bir də ki, burda güllələr də çox ədəblidi,
böyüklü-kiçikli, kimi görsələr görüşürlər...
Nə isə, şair əmi...
Sən Tanrı ilə danışa bilirsən deyirlər.
Ona deyə bilərsən bacımın ayağını qaytarıb versin?
Özüm güclə ayaqda dayanmışam,
Artıq bacımı qollarımda tuta bilmirəm...
Minnət kimi çıxmasın,
səhər azan səsinə oyanmışam.
axşamdı, bomba səsindən yata bilmirəm!
Cavab gözləyirəm....
***
Birdən ağlım karıxdı,
Nağıl olmaq istədim.
Mən də Məlikməmməd tək oğul olmaq istədim.
Div adlı dərd var idi bir quyunun dibində.
Mən əlləri cibində sadəlövh Məlikməmməd.
Yaxalaşdım o divlə, gördüm ki, təqsiri yox.
Demə bu nağılda da biri varmiş, biri yox.
Elə əsəbiydim ki, qaya yara bilərdim.
Nə yalvara bilərdim, nə ağlaya, nə gülə,
Sonunda razılaşdım, çıxıb getdim divgilə.
Muma dönmüşdüm sanki, eləcə əriyirdim.
Mən öz dırnaqlarımı, div də məni yeyirdi.
Birdən qız səsi gəldi.
Əvvəl nəfəsi gəldi...
Adı ağrılar idi, divin nəvəsi gəldi.
Bir az içim ağrıdı,
qolum, qıçım ağrıdı.
Gördüm ki, kəfənlənir
Yayın cırhacırında elə bil qar yağırdı...
qara saçım ağrıdı.
Divin iştahı böyük, ülfəti geniş idi.
Dost-tanışı yaman çox, külfəti geniş idi.
Nəsə böyüdü məclis...
Əvvəl yorğun küçələr,
Sonra,
soyuq gecələr,
Əzablar
hönkürtülər,
gəlib tökülüşdülər.
Canıma doluşdular,
Ruhuma bulaşdılar,
Üzümə qırışdılar,
Nə bir salam verdilər, nə bir söz soruşdular.
Hamı yeyib doyurdu,
Hərə nəsə alırdı.
Hələ məclis sonuna
disertə göz yaşımla, cavanlığım qalırdı.
Acığımdan gülürdüm, öz içimdən ölürdüm.
Dırnaqlarım qurtardı, mən acından ölürdüm.
Dedim göydən üç alma düşəcək, bəlkə yedim.
Vaxt necə tez ötüşdü,
göydən üç alma düşdü.
Üçü də əzik-üzük.
Dil açıb danışdılar
Budur payına qalan...
üç alma elə bizik.
Yalan... yalan... və yalan...
...TAPILMAZ...
Bilirəm, ömür də sirdi.
And olsun səbrim dəmirdi.
İçimi qəmim gəmirdi -
çölümü yeyən tapılmaz!
Bu belə dünyadı atam!
Mən belə dünyada yadam.
Hərdən günah edər adam,
Üzünə söyən tapılmaz.
Bu ömür atın çaparsan,
Sənindi hara aparsan,
Yolüstü bir dərd taparsan,
Mənimdi deyən tapılmaz.
Mən doğulandan beləyəm,
Beşiyəm qəmə,bələyəm!
Qorxuram ölüb eləyəm,
Dizinə döyən tapılmaz!!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!