Pyer Emmanuel
Bircə an
Bir barmağın ucuyla
dənizin duzunu necə biliriksə,
Əbədiyyət dediyin də
bircə anın həyəcanlı gözləntisidir.
Gözün xəbəri oldumu
Göz qapağında kirpiklərin ilk titrəyişindən.
Bu kirpiklər milyon dəfə çırpılmalıdır ki,
Ən uzun kirpiyin ucunda
adsız bir ulduzun işığı yansın
O işığın
göz bəbəyinə çatmağını gözlə
əbədi qaldığı yerə
Şəffaf mavi toranlıqda,
göy qübbəsinin altında
Dan yerinin ağarması
İnsan intizarıdır...
Yerin tumurcuq gözləri açıq olunca
Dan yerindən min-min dünya ağarıb,
dövrlər gəlib keçib
İçində, ruhunda canlı nə varsa
Beləcə, dünyayla bir
həm boya atıb, çoxlaıb,
Həm gizlənib içində
Dünyanın sonunadək...
Bir dəfə hamının gördüyü,
sonra dan yerinin ağına sıxılmış,
güzgüdəki surəti
olmayan bir ulduzun heç sönməyən işığı...
üfüqlərin qaşında atılıb-düşsən
bir quş...
içindədi,
uyuyub...
Sıxılmış dişlər
Nəyə belə nifrət eləyirəm
Soruşmayın, üstünü vurmayın.
Sükut adalarındakı uçurumların
Üstündə
Bir ağ yaylıq kimi yellənir səma,
Bir də ölənlərin nifrəti...
Nə var bu xarabada?
Bir-birini bastalayan,
Baltalayan
Sözlərdən başqa?!
Yalan badəsində and içən
Solğun dodaqlardan başqa?!
Bu yalan qarışan havamız
Sütülcə pozğundur,
Sözüm, səsim,
Siz ruhumun dərinliklərində də
Çamıra batdınız.
Azadlıq həsrəti -
Bu quduz həsrət,
Ürəyimin içində qana bulaşıb
Mən ancaq dişlərimi sıxıram
Bərk-bərk.
Onların arasında milyon lal-kar yatır.
Azadlıq həsrəti
Bu quduz aclıq...
Sızmağa çalışan qan tək
Dişlərimin arasında sıxılıb,
Qalıb.
Yaxşı ki, üzünə baxıb
Ümid etməyə
Nifrət qalıb...
Anri MİŞO
Əlifba
Ölümü əsdirən qışın soyuğunda donarkən
gözümün tutduğu hər şeyə baxdım son dəfə,
hərisliklə,
Bu soyuq baxışın nişahngahında nə ki
əsas deyildi yox olub gedirdi
bir anda
Ancaq onları döyəcləyir, ölümün belə
yıxa bilmədiyi bəzi para şeyləri
saxlamaq istəyirdim.
Bir-bir,
Damcı-damcı
qopub gedirdilər,
nəhayət hansısa əlifbaya sığınıb
hərflərə çevrildilər,
elə bir əlifba ki, başqa bir dünyada
işləyə bilərdi bəlkə.
Təskinlik tapdım beləcə,
yaşadığım dünyanın
məni atacağı qorxusundan azad oldum.
Bu tutacaqdan bərk-bərk yapışıb,
qanım ləzzətlə damarlarıma qayıdanda
onun məğlubedilməz olduğunu
anladım bir daha,
yenidən həyatın açıq səmasına doğru
uçduqca uçdum...
Xoşbəxtlik
Bəzən, anidən böyük bir xoşbəxtlik
həyacını bürüyər səni,
Həm də səbəbsiz-filansız,
Yerini bilmədiyin yuvasından baş qaldırıb,
var gücüylə yayılar bu ləzzət, ancaq
əl-ayaqlarına qədər çatması
böyük zaman alar.
Bu həyəcan təmizdi, tərtəmiz
İçində gəzdiyi zaman heç nəyə qarışmaz,
kəlmə kəsməz,
əsla,
heç bir fikirə, heç bir hissə dolaşmaz,
tək gəzər,
canına yayılar, məst edər səni.
O da, sən də tək-tənhasan,
ayrı.
Bəlkə, içini gəzib, dolaşıb və birdən
ayaq saxlayıb soruşar, "hə, necəsən?
Sənin üçün nəsə eləyə bilərəmmi?"
Soruşar, beləcə özünə təsəlli verər.
Ancaq sənin heç nədən xəbərin olmaz.
Tezliklə həzz artıb çoxalar, güclənər.
Nə baş verdiyini anlamadan,
Ağrı gələr,
deşər qəlbini bıçaqla,
əzaba çevrilər,
doğrayar keçdiyi yolları,
qatilin olar.
Gəbər, - deyər, gəbər.
Ölməməkçün əl-qol atar, hərəkət edərsən,
Ağzından su daşdanar,
ya da qarnı üstə uzanarsan,
Hər şey beləcə keçər...
Röne Şar
Xəlbir
Nə qədər çox anlasa, o qədər əzab çəkər. Nə qədər arif olsa, bir o qədər ağrıyar. Fərasəti dərdinə, inadı məyusluğuna tən gələr hər an...
Arzu nə səpilir, nə də biçilir, ürəyində qalar sənin, çin olmaz, içinə sıxılıb qalar. Ancaq özünü ən varlı adam bilərsən.
Gənclər, siz, anacq siz indi həqiqəti deyə bilərsiniz - dodağından qaçan təbəssümün rəsmini çəkərək.
Siz dolanbac bilməzsiz, keçib gedərsiz. Bizsə keçdiyimizə inanıb, gözümüzü son mənzldə açarıq. Görərik ki, qəlbimizin içindən keçən gələcək, yoxdu, keçib, uçulub...
Sevginin pıçıltısı, qəzəbin batan səsi. Itib getməz, kasıblığın cın-cındırı içində gizlənər, görünməz, hərbi sirr kimi..., kimsə bilməısin, eşitməsin...
Uşaq nağılının taxtapuşu yavaşca ovular, qaranquşlar ard-arda uçub gedər.
Jak Prever
Nəfəs kimi dayanmaq
Ürək kimi yatmaq
Yuxu kimi oyanmaq
Ömür kimi bitmək
Ölüm kimi yaşamaq...
Bu sevginin ömrünü
Ölüm qədər uzatmaq...
Pyer KORAN
Ağappaq Paris
Qar gecəylə birgə
Parisə yağdı
Qarışqa yerişiylə...
Küləkli şəhər
Qışı ağ boyayla çəkdi
Nəhəng addımlarıyla...
Susqun Sena
Büxur rənginə
Boz tütün rənginə çaldı
Ağappaq fonda
Zaman dayanıb,
Qarışqa yoxdu.
Nəhəng addımlarla
Yağdı Parisə
Qar da, gecə də...
Payız
Ağacların saçı tökülüb qısalanda
Ay çevrəsini qucaqlar onların
Ağ duman içindən keçərək
Küləksə uçur, küləksə əsir
Qarğa-quzğun kimi
Ulduzların altında fırlanır...
Niyə mənim ürəyim belə qopur, ağrıyır
Ağacların saçı tökülüb qısalanda,
Sarmaşıqlar
Qaranquşun barmaqları arasında...
Şəfəq söküldüyündə eşitdinmi
Şaxta barabanlarını çalır
Dirəklər bəs?
Ağacların saçı tökülüb qısalanda
Ürəyim niyə ağrıyır, niyə?
Jan-Piyer Lömer
Üzük
Kədər barmağına bir üzük taxdı
illər öncə.
Gücnən görünür indi
Az qala yadından çıxıb,
Ondan çox saatını, eynəklərini görürsən.
Ancaq bir səhər onu stolun,
ya da mebelin üstündə unutsan
Bütün günü itib-batarsan, harda olsan...
Harda? Zamanın çənbərində, ancaq
barmağına taxdınmı
başqa şeylər qeybdən dönüb
görünəcək əlbəəl...
Fəsillər
gəlib keçdi gözlərin önündən,
səssiz-səmirsiz, görmədin
bağın lap dibində itib-batan heykəl kimi
O baxış... yağış damcıları,
bir də günəşin şəfəqləriylə
daşı dəlib keçdi.
Səni doğum günündən ayırıb qoparmaq üçün
daşla canın arasından keçən bıçağı izlədi,
dalınca qaçdı bəlkə
Nəhayət içindən nəyinsə qopub
ayrıldığını hiss edərsən
Azadsanmı?
Doğram-doğram ürəyinlə
Başları vurulmuş şəhidlər kimi
düzü-dünyanı gəzib dolaşmağın
vaxtı gəldimi?
Sevgi sarğısını çəkər gözlərinə,
yavaşca, səssiz-səssiz.
Şabalıd ağaclarının arasıyla
Heç zaman getmədiyin
cənub-qərbə aparan yol,
Bazak və Kompostel yolu...
Havanın ətri torpağa necə sinərsə
Bu da qəlbinin başına dönüb-dolanar hər gün.
Vətənə aparan yola düşən işıq
Zamanın o tayında qalan sevgilinin
sənin içində böyütdüyü işıqmış...
O tayda, lampalardan düşən işıq
Sapsarıdır, çayın qaranlıq sahilində.
Kafedə gənc lal adam
Stolların küncünə
Mavi və çəhrayı zərfləri düzür
Üzərində ulduz falı, həmişə eyni
Oxuyuruq,
Oxuyuruq ki, geri qayıtsın,
Bütün lampalar
Yerdən çiçək kimi cücərsin,
Bir daha...
Fransois JACQMIN
Qar kitabı
Məğzinin daim
Ağlıqdan uzaqlaşmaq olduğunu bəyan edən
Qarın yağmasıyla
Dil... son nəfəsini toplayıb
Gücdən, heydən düşür, sıxılır özünə,
Hər şey özünün oxu üstündədir və
Dilinə dolaşan sözü elə deyir ki,
Həm də demir, dayanır,
imtina edir deməkdən,
Və hər dəfə "qar" sözünü yazanda
Mən də
Bir qolumu itirirəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!