Yaxamdan tutub soruşurlar, hardasan indi, harda?
Bilsinlər, elə bu sualın çöküntüsündə gizlənmişəm.
***
Şübhələrdən diksinib qulağımı şəkləməm, çünki mən
Şübhələr içindəki ol yəqində gizlənmişəm.
***
Fikir arılarım qanad çalır zərrələr arasında kimyagərlərtək
Düşüncənin bala çevrilən məqamında gizlənmişəm.
***
Qəlbimdə ötən quşun nəğməsi yeddi rəngdədi
O rənglərin bahar cücərtisində, yaşılında gizlənmişəm.
***
Vaqon-vaqon ötüb keçən qatar təkərlərinin
Əbədi simfoniyasındakı xoşbəxtliklərdə gizlənmişəm.
***
Mənim halımdan narahat deyil daşdan baxan əziz anam,
Çün, vaqifdir halıma, kədər içindəki ipəkdə gizlənmişəm.
***
Sevginin itməməsi qanunum da var, biləsən,
Təbiət arxamda durur atamtək, vəhşiliyində gizlənmişəm.
***
Qorxmaram qaranlıqdan, diz çöküb təslim olmaram,
Mən beynimdəki şamların mumunda gizlənmişəm.
Başqa heç nə istəmirəm
Şəlaləyə karantin məktubu
Mənə heç nə lazım deyil
bircə Amur sakit yatsın
biz yanında pıçıldaşaq
söhbətləşək, arzulaşaq
onu xəyallarımızın üstü ilə
məktəbə yola salaq
dərslərini öyrədək
tərslərini düzəldək
gündəliyinə baxaq
sevəcəyi qızı - sinif yoldaşını
biz də bəyənək
hərdən deyinək
başqa heç nə istəmirəm.
Ancaq çox istəyirəm
bir gün dəniz sahilində
qumluqda oturanda
dalğalar sahilə atdığı butulkada
bir məktub gətirsin bizə.
Tıxacını çıxarıb
oxuyaq o məktubu.
"Amur danışacaq, narahat olmayın!"
yazılsın o məktubda.
Başqa heç nə istəmirəm
sonra tale bizə
bir dəfnə ağacının yarpaqları arasında
gözəlcə hörülmüş hörümçək toru göstərsin
şehi də üzündə.
"Amur xoşbəxt olacaq!"
yazılsın o torun üstündə
hörümçək əlifbasıyla
o yazıdan başqa
heç nə istəmirəm, heç nə.
Amur əyilib öz ayaqqabısının
qaytanlarını gül şəklində bağlasın
başqa heç nə istəmirəm, heç nə.
Qonşu bağında şıllaq atan
keçilərlə oynasın Amur yenə
özü də bir çəpiş olsun
keçilərin içində
başqa heç nə istəmirəm, heç nə.
Bağda gəzişəndə
bir yarpaq düşsün qarşımıza
üstündə belə yazılsın:
"Dalaşmayın, hər şey yaxşı olacaq
dünyada heç kim ölməyəcək, heç kim!"
başqa heç nə istəmirəm.
Mən hazırda alça ilə
"vinçester" viskisi içirəm
Amurun sən göndərən
şəkillərinə baxıram
vörd açıb şeir yazıram
başqa heç nə istəmirəm.
Bizə yersiz nifrət edənləri də
bağışlamaq istəyirəm
ancaq bacarmıram
mənə belə rahatdı
sizi nifrət qalxanıyla qorumaq
daha yaxşıdı
nifrət daha möhkəm
daha güclüdü
nifrət sevgidən də
güclü silahdı.
Skleroz tənha
Bəs bu çəngəl niyə arxası üstədi?
Dayan görüm
Axı mən onu bayaq üzü üstə qoymuşdum?
Yəqin,
kasada dolmanı qarışdırandan sonra
bu üzünə qoymuşam.
Olsun, bir şey deyil, razılaşıram.
Bəs,
bu çaynikin altını mənmi yandırmışam?
Hə də!
Kofe içmək istəyirdim axı!
Olsun!
İstəməyən kor olsun
Verənin oğlu olsun,
verməyənin qızı olsun
adı da Fatma olsun
təndirə düşsün,
Qırmızı yansın.
Bu nə dəhşətdə?
Niyə yansın ki?
pay vermədiyinə görə?
Dəhşət demiş, əmoğlu,
bəlkə bura da baxasan
bu pəncərəni sənmi açıq qoymusan?
Ağcaqanad dolur içəri.
Nəysə, yəqin, günortadan unutmusan.
Bəs, eynəyim hardadı, eynəyim-eynəyim?
Mən çoxdan bilirdim, bu evdə kimsə var!
Apardılar yenə eynəyi.
Hara qoydu eynəyi o məlun alçaq?
Eynək hanı, eynək?
Bura nə baxırsan,
soyuducuda nə gəzir eynək?
Dayan görüm
İnboksa məktub gəldi.
Hərfləri də güclə oxuyuram.
Amur neyniyir?
Barmağının ucunu öp dəə, Amurun.
Sən çox xoşbəxt adamsan
Amurnan bir yerdəsən
Onun hər zır-zırına,
hər dır-dırına qulaq asırsan.
Nolaydı Amur indi yanımda olaydı
pampersini özüm dəyişə biləydim,
iyi burnuma vuraydı,
Nolaydı-nolaydı-nolaydı!
Amur oxuyur ee, "Tere-Qut, Tere-Qut!"
Kim bilir nə dilindədi?
Ola bilsin qədim hunların ilahəsidi
Tere-Qut.
Bir ayini də var
oxuyurmu yenə?
"Yəbi-yübü,
Yəbi-yübü!".
Yəqin, qədim hunlar bu ayinlə
Yağış çağırırmışlar.
Ya bəlkə darıxanda belə oxuyurmuşlar.
Ola da bilsin, mənim kimi
nəyisə axtaranda belə oxuyurmuşlar.
Nə isə
Amurdan ötrü hərdən çox darıxıram.
O dəhşətli darıxma bir dalğa kimi gəlir
İnan, gəlib keçməsə
Azacıq uzun çəksə dəli olaram.
Bir də nə isə.
Alo, həə,
Tapdım əşi, dolmanı qızdıranda
qazan qapağını
eynəyin üstünə çevirmişəmmiş.
Qapağın altından, həə!
Lələşin o qədər də hərif deyil
Qazan qapağının altı sırf təhlükəsizdi.
Dayan görüm,
qazın üstündə nəsə qaynayır.
Yox, salamatçılıqdı.
Çaynik qaynayırmış
Söndürdüm altını.
Narahat olma,
qapını arxadan bağlamışam.
Bəs, o resept hardadı,
Amurun resepti?
Bütün ciblərimi axtarmışam, yoxdu.
Sənədlərin içində də yoxdu.
Bəlkə sən aparmısan?
Bax gör
çamadanın torlu gözündə deyil ki?
Gələndə mütləq alıb gətirməliyəm.
Reseptsiz vermirlər o dərmanı.
Dayan görüm
Eynəyimi yenə oğurladı bu alçaq
Kim olacaq?
Elə mənimlə burda yaşayır alçaq.
Sən də lap dəhşətsən, canımçün,
Gör kimə qısqanırsan ee, məni
Olmayan bir varlığa.
Sənin
Əziz dostum Rəşid Süleymanova
Rəşid, nə yaxşı ki, dünyada varsan,
Yaxşılıq tökülür əlindən sənin.
Ürəyin var olsun, canın sağ olsun,
Tanrı muğayat olsun telindən sənin.
Göyçə dərvişisən, bizə qarışdın,
Dərviş ürəyinlə yanıb-alışdın,
Sözün gözəlini seçib danışdın,
Yalan eşitmədik dilindən sənin.
Məsəl var, xəncərə gümüş yaraşar,
İgidin başında gözəl dolaşar,
Arifsən, mahir də ovçuluğun var,
Sona əskik olmur gölündən sənin.
Aylar dolanıram, illər aşıram,
Bu zalım dünyaya baxıb çaşıram.
Sən verən nəmərlə aşıb-daşıram,
Bərəkət tükənmir pulundan sənin.
Köhnəqalam burda sözünü sıxsın
Qələmi yavaşca vərəqə yıxsın.
Həmişə qarşına yaxşılar çıxsın,
Tikanlar çəkilsin yolundan sənin.
Dəyir xətrimə
Bəhmənə bir nəzirə
Dağlar oğlu, elə kövrək olmuşam
Con da dəyir, Cek də dəyir xətrimə.
Bir arayış alammıram nə vaxtdı,
Komunal da, JEK də dəyir xətrimə.
Varı olan papağı yan eyləyir,
Olmayanlar ahu-fəğan eyləyir,
Marketlərdə qiymətlər qan eyləyir,
Kassalarda çek də dəyir xətrimə.
Fəhmi olur, zənni olur hər gözün,
Zərgər kimi seyr edirsən sən özün,
Nə şairin qiyməti var, nə sözün,
Oğru-quldur, "zek" də dəyir xətrimə.
Çox vaxt həyat alçaqlara tac verir,
Ömrüm bu cür zülümlərə bac verir,
Zər də qısıb quyruğunu gec verir,
Şeş də dəyir, yek də dəyir xətrimə.
Qəzəblənib şimşək kimi çaxıram,
Durulanda rəvan olub axıram,
Ta, həyata multfilmtək baxıram,
Tərs kimi, Şirek də dəyir xətrimə.
Bu bir tələdi
Gecənin bətnindən əsdi bir külək,
Bütün binalarda işıqlar söndü.
Monitor da öldü - sonuncu işıq
bir qırıq şam tapdım qazın üstündən
yandırdım bəzəkli bir nəlbəkidə
sonra nə etməli? - fikirləşirdim
almazla doğranan düşüncələrim
beynimin içinə səpələnirdi.
Birdən uşaq səsi gəldi otaqdan
olmaya həzincə dəli oluram?
Ürpənib qorxaraq özüm özümdən
durub nəlbəkini əlimə aldım
girdim yan otağa: "kimdi ağlayan?"
rəqs edən kölgələr mənə gülsə də
uşaq ağlayırdı başqa otaqda
vahimə içində əllərimdə şam
otaqdan otağa keçib gəzirdim
uşaq otağında ayı kuklası
sökülmüş pazllar mənə baxırdı.
Mən qapını örtüb geri çıxanda
stula atılmış uşaq paltarı
bir an rəqs elədi öz kölgəsilə
güzgünün yanından ötüb keçəndə
qəfil bir səs məni özünə çəkdi.
Döndüm ki, güzgüdə biri dayanıb
əlində şam tutub nəlbəki yoxdu
baxdım, güzgüdəki üzü qırışmış
qaməti əyilmiş qoca kişidi.
"Burda nə gəzirsən?" - məndən soruşdu
"uşaq ağlayırdı" - dedim mən ona.
"Burda uşaq yoxdu, heç kim ağlamır.
Çalış dəli olma, ehtiyatlı ol".
Kişinin səsindən vücudum əsdi
Nəlbəki oynadı, şam yerə düşdü
Aşağı əyilib şamı götürdüm
Bu zaman zəng gəldi telefonuma
Uşaq ağlayırdı zəngin yerində.
Tələsik telefon tərəfə cumdum
Güzgüdəki qoca qışqırdı mənə:
"Götürmə, götürmə, bu bir tələdi!".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!