Gedək adamsızlığa
Adam gərək son səfərə
Tək çıxa, adamsız çıxa.
Şair, gedək buralardan
Təkliyə, adamsızlığa.
Təmizləyək yolu izi,
Tapmasınlar izimizi,
Kim axtarsa bir gün bizi -
Hər yerdən adımız çıxa.
Tapmacalı ömrümüzün
Açmasını tapmaq üçün,
Yalan dünyadakı son gün
Cavabın adı düz çıxa.
Və yorulub təkliklərdən,
Geriyə baxasan hərdən.
Küsüb gəldiyin o yerdən
Səs gələ, adi iz çıxa.
Şəhərdə kəndli şair
Necə miskin görünər, yaman solğun olardı
Hava limanı olmayan şəhərlərin göy üzü.
İçindən keçib getmirsə qatarlar fit verərək
Vüsal, həsrət nədir bilməz, həmin şəhərin özü.
Şəhərlərin ayrı olur küçədəki itləri,
Şəhərliyə quyruq bular, amma cumar özgəyə.
Bizim kənddə təkərlərin iziylə palçıqlanar,
Yağış yağsa burda dönər asfaltları güzgüyə.
Burda böyük marketlərdə ətirli gözəl qızlar
Silər kənd qızlarının təri hopan meyvəni.
Kəndli qızsa yuxusunda şəhərdə mənzil alar -
Üç otağı, bir salonu, bir də açıq eyvanı.
Bircə ağacları meyvə, gülləri ətir verməz,
Gözəlliyə yarayarlar vitrin kuklası kimi.
Uca-uca binaları gecələr par-par yanar,
Uzaqdan göz qamaşdırar nazir kurtkası kimi.
Kənddə qonşu-qonşunun arxası, dayağıdır,
Şəhərdə qonşu qonşunu pulu yoxsa dindirməz.
Bir xeyir gətirməyirsə qonşuya salam verməz,
Eyni yolu getsə belə, maşına da mindirməz.
Şəhərlərin çox yanını sevmədi kəndli ruhum,
Şəhərlərin bir cəhəti təsəlli verdi mənə.
Kənddən gələn şairləri şəhərin gecələri
Alıb qoşa qanadına aparar təkliyinə.
Hava limanı olmayan, qatar keçib getməyən
Şəhərlərdən uzaqlaşın, o şəhərlər yetimdi.
Bir də o cür şəhərlərdən
bir gün getmək istəsən
Mənzil uzaq, yollar bağlı,
qaçmaqsa lap çətindi.
Yaxın və uzaqsan mənə
Azan səsləri kimisən,
Yaxın və uzaqsan mənə.
Bəzən böyük, bəzən isə
Körpəcə uşaqsan mənə.
Danış, hər dərdini danış,
Onsuz da hər dərdin tanış.
Ərk ilə əlimdən yapış, -
Əlini uzatsan mənə.
Ömrün sirrini taparsan,
Sirrin yerini taparsan.
Yaxın birini taparsan
Uzaqdan göz atsan mənə.
Dostum, min yara alsan da,
Ümid tükənmir insanda.
Hamıya həbs olunsan da,
Hər kəsdən azadsan mənə.
Azan səsləri kimisən,
Yaxın və uzaqsan mənə.
Bəzən böyük, bəzən isə
Körpəcə uşaqsan mənə.
Dəli möcüzə
Ayağı burxular xəyallarının
Qayadan yıxılıb tanınmaz bir də
Ölər öz içində can verə-verə.
Səni tanımadan öncə bu şair
Durub dayanmışdı bax həmin yerdə.
Gözləri göylərdən asılı idi,
Ümidi çərpələng kimi tutmuşdu.
Bir qara buludun kölgəsi altda
Yağışı, Günəşi, göy qurşağını -
Yaxşı olan nə varsa, unutmuşdu.
Elə bil şeirlər zəhər dadırdı,
Elə bir sözlərdə tikan var idi.
Elə bil adamlar hamısı saxta,
Elə bil ruhunda on iki ballıq
Dünyanı dağıdan təkan var idi.
Sən məni qayanın dibində tapdın,
Sildin təsəllinlə qan izlərini.
Bir qara buludun altından dartıb
Yağışla, Günəşlə, göy qurşağıyla
Təzədən şeirə qaytardın məni.
İndi ağıl dolu dəli kitabam,
Bir də vurulmuşam, bir də hər sözə.
Özümə güzgüdə baxdım bu axşam,
Tanıya bilmədim güzgüdəkini,
Bu mən o mənmiyəm? Tanrım, möcüzə.
Ağrı canda sağ qalır
Çək bu çəkisiz dərdi,
Gör nə ağırdı ağrım.
Sənsizlik daşıyıram,
Yük altda çatlar bağrım.
Nar kimi dağılaram
Göyün ulduz yerinə.
Hər gecə səpilərəm,
Yuxuna duz yerinə.
Göyüm-göyüm göynərsən,
Bir ömür mənsizlikdə.
Anlarsan nə çəkirmiş,
Bu şair sənsizlikdə.
Hər şeir bir ağrımdı,
Yazdıqca qadam çıxır.
Gecə şair olanlar,
Səhərə adam çıxır.
Başlayır yeni bir gün,
Ağrı canda sağ qalır.
Ağrıları gizlədib
Ömrü yaşamaq qalır...
Təklik səssizliyi ürkütməz məni
Sual ver, cavab tap, niyə ki, sənə
Mən həm həmdərd oldum, həm dərd oldum?
Təklənmək o qədər ağır gəldi ki,
Səkkiz illik bir səfərdən yoruldum.
Dostlarımla düşmən oldun, məni də
Düşmən etdin dostlarımla, bu belə.
Gözüm açılanda gördüm dostlaşıb
Düşmənlərlə yapışmısan əl-ələ.
Yeriş öyrətdiyim, yol göstərdiyim
Yolumun üstündə kola döndülər.
Sol yanımda yer verdiyim adamlar
Məni görən kimi sola döndülər.
Yaxşı ki, əzəldən öyrəncəliyəm -
Mən ulduz çoxluğu təklik adamı.
Təklik səssizliyi ürküdərmi heç
Təklik qarşısında dimdik adamı?
Daha olan olub, etdiklərini,
Nə mən unudanam, nə zaman, "dostum".
Amma bir sualım cavab istəyir,
Nə zaman düşməndin, nə zaman dostum?
Gecəyə pıçıldayan sirr
Qorxuları çiyələk dadında,
Ürəyi doludur - yağsa, qar yağar.
Tanrım, bu nə sirdi bu qadında?
Daş üstündə şəkil kimi ağrılar!
Sevgisini göylərdə oynadır
Gəl bax, çərpələngdir - ipi əlində.
Əl uzatsa tutar, amma susur,
Dinir baxışları təşviş dilində.
Ürəyini əzbərdən oxuyar,
Adam tanımaqda fəhmi dağ dələr.
Şeyda bülbül nəğməsi kimidir
Səsinə uçunar bağda lalələr.
Tərəddüddə çırpınır hələ ki
Özü özü boyda qəfəsə düşüb.
Qış günündə eşq ilə sərxoşdu
Şeir havasında həvəsə düşüb.
Qaranlıqlar bağlamaz yolunu
Gecə çıraq kimi yapışar Aydan.
Sükutunda tilsimlər gizlidir
Divlər diksinəcək səssiz haraydan.
İçindəki qəfəsi sındır, at,
Özünü özündən azad et, qadın.
Şeir kimi gözəldir yaşamaq,
Gecəyə səninçün sirr pıçıldadım.
Çıxdım yerin altına
Endim göyün üstünə,
Çıxdım yerin altına.
Endiyim ucalıqdan
Baxdım yerin altına.
Kim dedi, bu yerə çıx,
Gördüm bir məzar açıq.
Hey işləyir çıqqaçıq
Vaxtım yerin altına.
Ömür yordu büsbütün -
Bir daştək bitmək üçün
Yağışa dönüb bu gün
Axdım yerin altına.
Mənim tənhalığım xatirə seli
Qəhvəmin dadına gecə qarışıb,
Qəhvəmin iyində adın gizlidir.
Mənim tənhalığım xatirə seli -
O seldə sirli bir qadın gizlidir.
Yuxum yallı gedir balıncın üstdə,
Xəyal bardaş qurub başımın altda.
Tavana bir qadın şəkli çəkirəm
Boğulur mənzərə qaşımın altda.
Uşaqkən gizlənqaç oynadığım qız,
Mən qırxı sayınca qaçıb gizləndi.
Qırx ildi axtarıb tapa bilmirəm,
Kimin qapısını açıb gizləndi?!
Suallar gecədə toy tutur mənə,
Cavablar qəlbimə batır ox kimi.
İşığı yandırıb qovdum gecəni,
Güzgüdə özümə dedim dərdimi.
Ordubad yollarında
Atdı qara çadrasını,
Şehləndi üfüq dodağı.
Günəş öpdü buludları
Qızardı göyün yanağı.
Yol boyu ağaclar oyaq,
Maşın ağır-ağır gedir.
Sağımızda Araz çayı
Bizə baxır, axır gedir.
Dağlar ixtiyar qocadı,
Əl-ələ, çiyin-çiyinə.
Haçadağa qalxan duman
Enir deyinə-deyinə.
Bir kəndi ötüb keçirik,
İndi orda yatır hamı.
Dünənin yorğunluğuna
Layla deyir kənd adamı.
İtlər hürür, xəyalımdan,
Ayılıram bir anlığa.
Qoca tülkü kənddən çıxır,
Qaranəfəs xozanlığa.
Düşüncələr sözə dönür:
Həyat qısa, yolum uzun.
Ömür adlı səfərdəyik -
Çoxu getdi yolumuzun.
***
Dəyərli müəllimim Hüseyn Həşimliyə Seyid Əzim Şirvani sovqatı
Canını sevdiyinə hər insan qurban aparar,
Şair öz şeiri ilə ruhuna ehsan aparar.
Gözəlim, baxma elə, qıyqacı süzgün göz ilə
Baxışın varlığımı min alar, bir can aparar.
Min yerə parçalanıb bir ürəyimdən ölürəm,
"Kirpikin bas yarama, qoyma məni qan aparar".
Kimsə görməz mənim o göydə axan ulduzumu,
Tanrı da sevdiyini yanına pünhan aparar.
Nə qədər şeirim ilə vəsf etdiyim gözəl ki var,
Öləndə tabutumu o qədər canan aparar.
Fəqət, eşqiylə dəli olduğum o qəmzəli yar,
Baxıb bu mənzərəyə, özüylə Elxan aparar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!