Proloq
İndi söz günəşi cahanda mənəm,
Şairlərdən üçqat ucadır rütbəm.
Dövrəmdə Ay kimi gəzirlər onlar,
İlham mayasını məndən alırlar.
Xaqani
Sözümdən qəm süzülür
ağlayan kamanımdır,
Özüm də bir kamanam,
sızlayan zamanımdır.
Pənbə-pənbə ucalan
o ağ buludlar ki var -
Göy üzünü bürüyən
ahımdı, amanımdı.
Bir kimsənin qəlbinə
qoymaram qonaq düşə,
Qəlbim mehmanxanadı,
qəm mənim mehmanımdı.
Qəlbimin səmasında
Günəş gülər, Ay gülər,
İşıqlı sabahım var -
qəlbimin gümanıdı.
Söz-sənət meydanında
kimsəyə yer vermərəm,
Qəlbimin sultanı var -
Xaqani xaqanımdı.
...Xaqaninin eşqilə
dilə gəlmişəm bu gün,
Meyvəsini dərirəm
onun sənət mülkünün.
Xaqani məktəbinin
zəif şagirdiyəm mən,
Söz sehrin öyrənirəm
onun şagirdlərindən...
III fəsil
İnsaf, mürüvvət gülü
qalmamışkən cahanda
Etdiyim bu haraydan,
bu nalədən nə fayda.
Bir qəssab dükanıdır
bu dünya ilk çağından,
Qan axır damcı-damcı
qəssabın bıçağından...
Xaqani
Zaman məngənə kimi
sıxırdı Xaqanini,
Elə bil ki, sonuna
çıxırdı Xaqaninin.
Zamanla yola getmək
gəlməsin sənə asan,
Çalışar ki, mum etsin
səni əlində hər an.
Yanıqlıydı Xaqani
zəmanənin əlindən,
Giley-güzar yağırdı
hər vaxt onun dilindən:
- Saqi, bir az şərab ver,
dağıdım dərdi-səri,
Köksümü al-qan edib
zəmanənin xəncəri.
Qurd oğlu qurd olasan
gərək bu zəmanədə,
Yaşamaz, canım-gözüm,
çiçək bu zəmanədə.
Hörümçək torlarından
sərtdi iblis torları,
Baş çıxara bilərmi
mələk bu zəmanədə?
Nə qədər zərif olsan,
nə qədər kövrək olsan
Nizə deşər, dözərmi
ipək bu zəmanədə?
Ya vərəm bağlayacaq,
ya da qan qusacaqdı,
Nə qədər dözəcəkdi
ürək bu zəmanədə.
Zəmanənin sacında
qovrulan tək sənmisən,
Milyon-milyon oğul var
səntək bu zəmanədə.
Leş sökən qarğalara
həsəd çəkmə, Xaqani,
Gəl, ürək qanımızı
içək bu zəmanədə.
Deyirlər ki, çox içir
son zamanlar Xaqani,
Şərab içmək dünyada
belə günahdır yəni?
Bir tikə çörək üçün
satılır abır, həya,
İnsan dərd çəkmək üçün
gəlirmi bu dünyaya?
Şərabla unuduram
çox ağrını-acını,
Mən şərabda tapıram
dərdimin əlaçını.
Zəmanə zəhər süzür
camıma damcı-damcı,
Çırpılır ürəyimə
zəmanənin qırmancı.
Kəmfürsətlər atını
sinəmdə çapıb keçir,
Mənim ömür dəryazım
həmişə dərd-qəm biçir.
İnsan qanı içənlər
çoxalır gündən-günə,
Namərdlər birə salır
çomərdlərin kürkünə.
İnsan qanı içmirəm
mən ki, hər səhər-axşam,
Şərab içib, dünyanın
özünü unutmuşam.
Nə varsa bu dünyada
nadanların əlində,
"Mənəm-mənəm"lik bitib
çox qanmazın dilində.
Bir gündə yüz insanın
qanın soran var, inan,
Onlar daha qorxuncdur
Zöhhak ilanlarından!
Mən özgə süfrəsinə
göz dikmədim heç zaman,
Həmişə nuş edirəm
ürəyimin qanından.
Boşboğaz qarğaların
səsi tutub aləmi,
Qəfəsdəki bülbülün
kimə gərəkdir qəmi?
Qəfəslərdə can verən
pələngə bax, qurda bax,
Şirin ətrafındakı
tülkü, çaqqaldı ancaq...
Kürsülərə daraşıb,
sən işə bax, ay aman,
İki eşşək arpasın
bölə bilməyən nadan.
Çoxu Günəş qəlbimin
xəbərsizdi nurundan,
Onu gecə kürkünə
bürüyürəm hər zaman.
Altı xəzinə dolu
dağa bənzəsəm də mən,
Çoxları xəbərsizdi
bu qızıl ürəyimdən.
Mən İsa süfrəsinə
göz dikmədim heç zaman,
Dadıram öz süfrəmin
halal qırıntısından.
Qoy bəsləsin bu dünya
yaramazı, qanmazı,
Mən ki, öz Allahımdan
olmamışam narazı.
Kəmfürsətlər əlindən
eyləyirəm dad, aman,
Nadanlar əlindəndir
qəlbimdən süzülən qan.
Bir az şərab ver, saqi,
unudum bu dünyanı,
Mənlə şərab içməyə
huşyar dost varmı, hanı?
XIII fəsil
İsmətəddin şahda Məryəm hökmü var,
Kandarın cənnət nişanı seçmişəm.
Parlaq ulduzlar alır ondan ziya,
Mən də o parlaq ziyanı seçmişəm.
Xaqani
Bir karvan gəlib durdu
həyətinin önündə,
- Bu nədir belə, Allah,
kimdir bu toy-düyündə?
Bu karvanda gələn kim,
nədir arzu, diləyi,
Həyəcandan quş kimi
vurdu onun ürəyi.
Yoxsa yenə Axsitan
əl çəkməyir yaxamdan,
Yoxsa məni Şirvana
zorla apardır xaqan?!
Yox, ölərəm, getmərəm
bir də Şirvana sarı,
Bağlanıb o yerlərə
qəlbimin qapıları.
Zindana üçüncü yol
düşmək istəmirəm mən,
Burda azadam tamam
dünyanın hər qəmindən...
...Küçədə qalxdı səs-küy,
səslədilər şairi,
Titrədi ürəyinin
sanki bir-bir telləri.
İsmətəddinin səsi
çatdı qulaqlarına,
Bircə anda dünyanı,
sanki verdilər ona.
Bircə anda quş kimi
uçdu qapıya sarı,
Parçalandı önündə
həsrətin daş hasarı.
Tez düşdü kəcavədən
İsmətəddin - o mələk,
Titrədi şair qəlbi
bir nanə yarpağıtək.
Bircə anda şairi
süzüb başdan-ayağa,
Atıldı qucağına -
Sığındı, sanki dağa.
Birdən nə düşündüsə
susdu qadın bir anlıq,
Xaqaninin qəlbinə
od saldı mehribanlıq.
- İçəri keçin, - deyib
yol göstərdi hamıya,
Özüsə heyran-heyran
baxdı bir müddət Aya.
Xaqaninin balaca
otağına doğdu gün,
Şairin qəlb otağı
işıqlandı büsbütün.
Söylədi parlaq Aya:
- Sən hara, bura hara?
Gəlişinlə daxmamı
inan, boyadın nura.
Şirvandan ayrılanı
günüm ah-vayla keçir,
Bu qəfil gəlişinin
səbəbini söylə bir?
İsmətəddin bir anda
sarıldı Xaqaniyə,
- Niyə belə eylədin,
niyə axı, de, niyə?
Sənsiz günüm qaradır,
yaşaya bilmirəm mən,
Bu həsrəti qəlbimdə
daşıya bilmirəm mən.
Ziyarətə gedirəm -
yolum Məkkəyə sarı,
Sonuncu xahişimi
gəl yerə salma barı.
Bilirsən, Axsitan da
xeyli pərişan olub,
Qəlbinə dəydiyindən
yaman peşiman olub.
Qayıt ev-eşiyinə,
Şirvan çağırır səni,
Ayrılığa bu qədər
dözə bilirsən yəni?
- Əlacım nə, Təbriz də
doğmadır, doğma mənə,
Yeməyə əsirgəmir
bir tikə loxma mənə.
Gündü ötüb-keçəcək,
yaxşı-yaman dözürəm,
Düzdü, hərdən inciyib
həyatımdan bezirəm.
Sonra da deyirəm ki,
alış hər dərdə, qəmə,
Hər ötüb-keçənləri
ürəyə yük eyləmə.
Ötüb daha karvanım,
bitibdir ömrüm-günüm,
Qışqırsam da içimdə
daha batıbdır ünüm.
Bir sözümü sırğatək
sən də qulağından as,
Bir el sözü var: - Kişi
tüpürdüyün yalamaz!
Bir günlük çörəyimi
yeddi yerə bölərəm,
Bir də şah süfrəsinə
əl uzatsam ölərəm.
Bir tikə çörək üçün
abrımı satmaram mən,
Bir də şah qapısında
köpəktək yatmaram mən!
İsmətəddin sızladı,
ağladı, yalvardı çox,
Xaqani bircə kəlmə
söz söylədi: - yox ki yox!
...Bir mələk gözüyaşlı
getdi Məkkəyə sarı,
Xaqani göz yaşıyla
oxşadı o yolları.
...Ötdü günlər, həftələr,
aylar gəlib ötüşdü,
O yenə qayıdanda
yolu Təbrizdən düşdü.
Çox yalvardı şairə:
- Bəsdir, inadı burax,
Gəl qayıdaq Şirvana,
yalvarıram, sözə bax.
Xaqaninin qəlbindən
axsa da qara qanlar,
Dedi: - Qayıtmağımın
axı nə mənası var?
Qayıtsam göy əsgiyə
bükəcəklər günümü,
Yenə də salacaqlar
Aya, günə ünümü.
Təbriz ata qucağı,
burda qalacağam mən,
Ömrün əcəl zəngini
burda çalacağam mən.
İsmətəddin gördü ki,
səyi əbəsdir, əbəs,
Gördü yalvarışları
ona əsər eyləməz.
Dedi: - Tərif demisən
axı özün Şirvana,
Niyə bu gün uzaqdan
yadtək baxırsan ona?
Xaqaninin xəyalı
uçub getdi Şirvana,
Xatırladı bir zaman
nələr yazmışdı ona:
"Şirvan ki var, hər cəhətdən
ülviyyətin anasıdır,
Onun hər cür səhər yeli
dərdlərimin dəvasıdır.
...İndi Şirvan mənə həsrət
qalmış ağır intizarda,
Çünki ora ədəb yurdu,
cəsur şirlər yuvasıdır.
Mərifətdə Şirvan əhli
yüksək durur ərəblərdən,
Xaqaniyə həyat verən
doğma yurdun havasıdır".
İki gilə yaş dondu
Xaqaninin gözündə,
Şirvan belə gül açdı
Xaqaninin sözündə.
Duydu o gözəl mələk
Xaqaninin dərdini,
Gördü həsrət sındırır
mərd şairin qəddini.
Amma qüruru qoymur
dediyi sözdən dönə,
Gördü necə sevgi var
Xaqanidə vətənə.
Sığınıb Xaqaniyə
yenə dil tökdü ona,
Yalvardı ki, qaytara
yenə onu Şirvana.
...Son kərə Xaqaninin
sarıldı o, boynuna,
Bilmədi nə söyləsin
fələyin bu oynuna.
Karvan yola düzəldi -
getdi Şirvana sarı,
Qəlbində ilk eşqinin
sonsuz qəmi, qübarı...
O getdi... Yol boyunca
axdı gözünün yaşı,
Qaldı, Təbrizdə qaldı
qəlb dostu, qəlb sirdaşı.
Yol boyu inildədi,
göz yaşı axıtdı çox,
Bir daha Xaqanini
görə biləcəkdi? Yox!
...Şairin son qərarı
amansız qərar oldu,
Şamaxıya dönmədi,
Təbriz ona yar oldu.
Ömrün iyirmi üç ili
keçdi ulu Təbrizdə.
Ölüm şərbətini də
içdi ulu Təbrizdə.
2010-2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!