Ey hərbin taleyi bizə yol ver, yol! Sən ey gözəl dəniz, gəl türkə ram ol! - Əhməd CAVAD

Bismillah

Atıldı dağlardan zəfər topları,
Yürüdü iləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, bismillah!

Ey döyünən ürək, dumanlı şəhər,
Bilirmisən bu zır gurultu nədir?
Aç sisli qoynunu ordumuz gəlir.
Nişanlın qoynuna girər, bismillah!

Ey hərbin taleyi bizə yol ver, yol!
Sən ey gözəl dəniz, gəl türkə ram ol!
Sən ey sağa, sola qılıc vuran qol
Qollarına qüvvət gələr, bismillah!

Ey Bakı, sən qorxma, gəldik, gələli
Sənin üçün biz atıldıq iləri,
Sağ olan annelərə olur təsəlli
Şəhidlərin ruhu gülər, bismillah!

Ey düşmən, alnının yazısı qara,
Öldürməz bizlərə vurduğun yara,
Yolladığım qurşun ərmağan sənə
O kirli alnını öpər, bismillah!

Sən mərd olub dursan qarşımda əgər,
Qudurğan saçmalı növbətin keçər.
Sağlandığım torpaq qanımı içər,
Yurdum olmaz sənə sipər, bismillah!

Yurdumuzda bizə meydan oxuyan,
Murdar cəmdəkləri murdar qoxuyan,
Təkbir səslərini uzaqdan duyan
Düşmanımız aman istər, bismillah!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!