Görüşəcəyik... - Vaqif Aslan - şeirlər

Beşi yeddinci ay  

Beşi yeddinci ay...

A bay-bay!..

            

Doğulan günündür, yay oğlu!

Vaqif Aslan Cumay oğlu!..

 

Sabirə xitab

Ay səni olasan pir!                             

Mirzə Ələkbər Sabir!

 

"Qulyabanı"lar gəzən

            "biyaban"dan qorxmadın!..  

Sağı, solu qaranlıq

            xiyabandan qorxmadın!..

Düz etdin! Dümdüz etdin!!!                        

Lap düppələmdüz etdin!!!

 

"Bulvarda madam" görüb,

"Talvarda madam" görüb,

Bəlkə də, təsadüfən

            şalvarda madam görüb,

qorxmadın!..  

"Xarici mülkündə də...

            çox tühaf adam" görüb,

qorxmadın... 

            Düz etdin! Dümdüz etdin!!!                        

Lap düppələmdüz etdin!!!

              

Ay səni olasan pir!

Mirzə Ələkbər Sabir!

 

Bircə müsəlman idi

            qan-qan deyən bir zaman.

Bir də bircə sən idin

            tir-tir əsən qorxudan.

İndi bütün dünyanın

"fikri qan"dır, beyni qan...

Səndən betər titrəyir

Yer kürəsi qorxudan.

 

Gəlirəm

Mən ki od ilə havadan,

Su ilə gildən gəlirəm.

Bilən varsa, durub desin

Mən hansı ildən gəlirəm.

 

Bir vaxt əcəb dəmdə idim.

Təkdə deyil, cəmdə idim.

Bura qədər bəmdə idim.

İndi də zildən gəlirəm.

 

Qorğa kimi qovruluram.

Xırman kimi sovruluram.

Təknələrdə yoğruluram...

İlikdən, beldən gəlirəm.

 

İrmaqları  keçilməyən.

Bulaqları içilməyən,

Sünbülləri biçilməyən

Çox uzaq eldən gəlirəm.

 

Göyün yerə sözü mənəm.

Ürəklərin közü mənəm.

Məhəbbətin özü mənəm.

Könüldən, dildən gəlirəm.   

Uzaqlara baxan insan!

                       

Uzaqlara baxan insan!

Uzaqlar yaxınmı sənə?

Şirin-acı xatirələr

Eyləyib axınmı sənə?

 

Uzaqlara baxan insan!

Baxışında  gül açılıb.

Elə bil ki, gül üzündən

Elə bu gün tül açılıb.

 

Uzaqlara baxan insan!

Yadına nəsə düşdümü?

Püşk atmışdın bir zamanlar...

Dediyin kəsə düşdümü?

 

Uzaqlara baxan insan!

Baxışından qayıdarsan.

Uzaqlarda gördüyünü

Yəqin, bizə ayıdarsan.

 

Uzaqlara baxan insan!

Uzaqlara apar məni.

Bəlkə, elə o yerlərdə

İtirənlər tapar məni.

 

Uzaqlara baxan insan!

Uzaqlar yaxınmı sənə?

Mən də gedim uzaqlara,

Uzaqdan baxımmı sənə?

Gözlərinin işığında

Əriyim, axımmı sənə?

Ağla

Yaxının, uzağın gözündən qaçıb,

"Niyə ağlayırsan" sözündən qaçıb,

Xəlvətə çəkilib ağlayan gözəl!

Demirəm: - Ağlama! Demirəm: - Bəsdir!

Yeraltı çaylartək çağlayan gözəl!

Axı, bu nə istək, bu nə həvəsdir?

 

Qəlbinmi  başını ağrıdır belə?..

Başınmı qəlbini göynədir sənin?

Arada təklənən özünsən elə

Qalıb arasında iki düşmənin.

 

Qovrulan ürəyin, yanan canındır!

Qovrul, yan, oduna, közünə sağlıq!

Elə məqamındır, elə anındır...

Ağla, ağladıqca gözünə sağlıq!

 

Qəlbini, beynini yu incə-incə,

Asan olmasa da bu, qadan alım!

Başın da, qəlbin də yola gəlincə

Axsın gözlərindən su, qadan alım!

 

Bərdə

Məhinbanu diyarı,

Şirin şəhəri Bərdə.

Nazın bol, nemətin bol...

Qapın açıqdır mərdə.

 

Seyrin var, seyranın var...

Hər yerdə heyranın var.

Bağında qızılgülün,

Düzündə ceyranın var.

 

Sənə naxış vurulub

İlk sevginin dəmiylə.

Nüşabə müdrikliyi,

Nizami qələmiylə.

 

Nə desəm, olacaq az.

Qışın yaz, yazın da yaz!

Sənin ilk baharından

Olmaz, olmaz ki, olmaz!

 

Məhinbanu diyarı,

Şirin şəhəri Bərdə.

Nazın bol, nemətin bol...

Qapın açıqdır mərdə.

 

Məqam

Məqamdır,.. öz-özümdən

                        durum intiqam alım.

Əvvəlcə ürəyimi

                        ayağım alta salım.

Deyim: - Di öl, taptalan.

Səni yola gətirmək

                        ağ yalandır, ağ yalan!

 

Sonra da ikiəlli

                        qapaz salım başıma.

Qaldırım, çırpım onu

                        yolun-izin daşına.

Deyim: - Paralan, dağıl!

Məni nə günə qoydu

                        səndə olan bu ağıl!

Nəvələrim

Barmaq-barmaq,

Dırnaq-dırnaq,

Əl-əl, qol-qol,

Tez-tez, yol-yol, 

Çox-çox, bol-bol                         

bölün məni, nəvələrim.

Ha axtarsın, tapammasın

ölüm məni, nəvələrim!

 

Qaçıram, qaçıram sevdiklərimdən...

Qaçıram, qaçıram sevdiklərimdən...

Məni bərkə çəkir, zora salırlar.

Əvvəl keçirirlər oddan, alovdan.

Sonra itələyib qora salırlar.

Qaçıram, qaçıram sevdiklərimdən...

Məni sevə-sevə tora salırlar.

 

Qaçıram, qaçıram sevdiklərimdən...

Qaçıram, bitirlər yolumun üstə.

Birisi sarılır ayaqlarıma...

O biri ad yazır qolumun üstə.

 

Qaçıram, qaçıram sevdiklərimdən...

Onlar da mənimlə birgə qaçırlar.

Mənim  səhər-axşam gedib-gəldiyim

Yolların başına oyun açırlar.

 

Qaçıram, qaçıram sevdiklərimdən...

Yollara tökürəm alın tərimi.

Ölümü birinci qarşılayaram.

Ölümsüz edirəm sevdiklərimi.

 

Görüşəcəyik

Sən Günəş kimisən, mən Ay kimiyəm...

Açılan səhərlər səhərin olsun.

Mən sənə çatmayan haray kimiyəm...

Sadəcə olaraq xəbərin olsun.

 

Gecəmiz gündüzə dönür beləcə...

Yerimiz fırlanır göyün içində.

And olsun, haçansa görüşəcəyik

Biz bu dünya boyda göyün içində.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!