Divarda bir şəkil yeri saxla
Sən o qədər sıx sarılmalıydın ki, mənə
arxaya boylanmağa
boynum dönməməliydi.
Yoxsa keçmişə baxdıqca
daha çox ağrıyıram.
Həyatımdan gedən qadınları düşündükcə
ən çox anamı xatırlayıram
bu dünyada gün görməyən anamı.
Hər şey yarımçıqdı ömrümdə
gülməyim də, yaşamağım da.
Sən hardasa
yarımçıqları doldurmaq üçünsən ömrümdə.
Yollar dəmir barmaqlıqlar kimidi gözlərimin önündə
hər dəfə baxdıqca kimisə görmək istəyirəm.
Divarda bir şəkil yeri saxla
səni xatırladıqca, gözlərinə görünüm,
Yoxsa qorxuram üzüm yadından çıxa.
Gedirsən...
Bir yad oğlunun qoluna
girib gedirsən.
Hamı deyir gedirsən,
amma bircə mən bilirəm
necə gedirsən.
Evinizdən köçməyinə
ağlayır anan.
Bir də var, ürəyindən köçməyinə
ağlayır adam.
Asta-asta atırsan addımlarını
atdıqca addımlarını köçürsən
elə atırsan addımlarını,
sanki aramızdakı
məsafəni ölçürsən.
Yallı gedir adamlar
sən də qolunu qaldır, yellən,
qoy bilsinlər olanları.
Yanağından göz yaşını sil, dillən
bu "Vağzalı" havasına
elə yatır ayaqların
qoşa düşən zər kimi,
vətən marşı havasına
yeriyən əsgər kimi
gedirsən.
Ayaqqabısını tərsə geyən uşaqlar...
Ayaqqabısını
tərsə geyən kənd uşaqları
burnunu qoluna silər soyuqda,
şalvarını ürəyinin başına kimi çəkib
əlindəki qənd-çörəklə
öldürər aclığını.
Qəbiristanlıqdakı taxta başdaşılar
oğlan uşaqlarına görə tələf olan
qız qəbirləridi.
Bu kəndin içində o qədər ağrı var ki,
ayağı sürüşkən qadınların
qeybəti qılınır küçə tinlərində.
Evimizdə heç kim yoxdur...
Bəlkə də, məni bu şəhərdə görməmək
ən böyük arzundu, darıxsan da,
əllərinə əlcək, ağzına maska,
gözlərinə eynək taxsan da.
Yoxluğumu hiss edib darıxacaqsan...
Mən, kəndimizə qayıtmışam,
amma evimizdə heç kim yoxdu.
Atam Rusiyaya, anam o dünyaya,
bacım da bir ailəyə gedib...
Yaz görüm mənsiz necədi
"Koroğlu" metrosunun çıxışı?
Yəqin, o ləpəsatan qadının da yeri boşdu,
elə bu şəhərin gəzdiyimiz hər küçəsi də boşdu
biz yoxuqsa...
Bəs kimin üçün yanır işıqforlar?
Kimlər ayaqlayır qoşa xətləri?
Kimlərə yazırlar cərimələri?
Oğlumuz Uğur üçün
Baş-başa söykənirik
sən olanda sağımda.
Nəfəsin mənə dəyir
o isti yatağında.
Mənə körpə üzünlə
gülərək baxmağını,
ağzından çıxarmırsan
bal dadan barmağını.
Hava qaralmamışdan
durub evə qaçıram.
Qulağımla sinəndə
sənə qulaq asıram.
Sən də anan kimisən,
yolumu gözləyirsən.
Gecələri Allahdan
hey ağıl istəyirsən.
Bu şirin oğlan üçün
kim yaraşdırar pisi.
Deyirsən ki, bu gündən
mənəm evin rəisi.
Həyatımın qadını
Bu küləkli şəhərdə
saçların da dağılar,
əllərin də üşüyər
soyuq suda hardasa.
Məndən nigaran olma,
öyrəşmişəm şəhərə.
Yenə tək qalacaqsan,
çalış, öyrəş səhərə.
Harda uzaqda olsan
görsəm təksən, yetərəm.
Gözlərinin yaşın sil,
mən səndən də betərəm.
Sevdiyim şeir kimi
əzbərlədim adını.
Sən gəldin, tək qalmadım,
həyatımın qadını.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!