Mənim ürəyimdə cəhənnəm yoxdur - Kəramət - şeirlər

Bütün sevdalar kimi

azadlığımsan

azadlığımı sevdim

Səni düşündüm

düşüncəmi sevdim

Sən mənim arzumdun

arzularımı sevdim

sən mənim yaradıcılığımsan

qoşulub illərə qaçdın, uçdun uzaqlara

uzaqları sevdim

amma nə hikmətsə özümü sevəmədim

Özümü köçürmüşdüm sənə

mən yoxam ki

hərdən mənə hop, mənə köç

özümü görüm

"xoş gördük" deyim.

 

Göyə yağan yağış

Bir əlçim buludam

qarımış-qartımış bulud

ağzına daş bağlayıb,

kirimiş bulud.

O qədər qaralmışam -

göy əsgiyə dönmüş

Vulkanam

özü-öz içində sönmüş.

 

Bir əlçim buludam,

qapqara bulud

Yerdə tapmadım səni

sənə yağıram, sənə,

Yerdə gülüşümü,

üzügülər insanımı qətl edib

qanlı köynəyimi özümə göndərdiniz

ya çaparla, ya poçt göyərçiniylə,

                                    ya da mesajla

("Qanlı köynək" muzeyi açmışam

muzeylər qapanan vaxtı)

Heç olmasa, heç olmasa

göydə ulduzumu oğurlamayın

(Ulduzum da tək-tənha)

əlindən oyuncaq alınan çocuğam

Bir sevgi tapmıram əynimə geyəm

çılım-çılpaq, lümlüt qalmışam

Əynimə bulud geymişəm.

 

Bir əlçim bulud olmuşam

Qurbağa qurultusuyla

ilbizlərin sükutuna

Bir az bülbül cəh-cəhi qatmışam

Sənə yağıram, Qütb ulduzum,

qəbul et şərqimi-dualarımı

Qəbir yeri saxla,

Göyə yağan yağışam,

Mən səndə gömülməklə

o qədər mutlu olacağam ki

sonra şüa-şüa göz yaşlarımla yağacam

adamların his-pasını yumağa

qayıdacağam

şəkkin-şübhən olmasın.

 

Kor kitabı

Mən koram, sən də ki, kor kitabı

barmaqlarım oxuyur əllərini

saçlarını, qaşını, kirpiklərini

sən

oxunmuş kitab kimi baxma mənə

Mən sənin memarınam

büstüm, heykəlimsən, qayamsan

Ruh və Can verdim sənə

səni arzu-arzu yapıb-yoğurdum

bütün yaranışdan ucasan belə

Torpaq hara, arzu hara?

Gəl "Kor oyunu" oynayaq

hərdən mən səni oxuyum

hərdən sən məni

titrək barmaqlarımız solmasın

bu qaçaq tikilən gecəqondumuz

zavala gəlməsin

balıqçı komasında

meşəbəyi evində

ağac koğuşundayam

yerimi bilirsən, qoxumu alırsan

harda olsam,

zamanları-məkanları adlayıb

mənə sarı gəlirsən

titrəyən barmaqlarınla.

 

İrəm bağım, Qaf dağımsan

Bağdadın yolunu oxuyur ayaqlarım

gözüyumulu.

İçərişəhərim, Xan evim, Xan sarayımsan

Kor olub adamların barmaqları

oxuya bilmir izləri.

 

əlində torbasını

baxtıtək sıxa-sıxa

kimsə gəzir dalımca

izimi yığa-yığa.

 

Mən koram

sən də ki, daş kitabə

kor olmasın

korların barmaqları.

 

Məni bağışlamayın

Bir az dəymədüşər

bir az havalı

qürurlu-zavallı

qeylü-qallı

həm də hallı

milyoner-pullu

dilənçi

sözünə dəqiq, yalançı

Müdrik və ağsaqqal

(bu yerdə özümə-sözümə gülməyim tutur)

Unutqan, it kimi sədaqətli

Amma, Allahdan fərqli

Mənim dünyamda

məni qıyma-qıyma doğrayanlar da

cənnətdədi

mənim ürəyimdə cəhənnəm yoxdu

mən məni bağışlamıram

siz də bağışlamayın.

 

Şuşanın xətrinə sus və danışma

Bir məclisi tərk etməkdən başqa

çarəm qalmadı

 

Doğudan Batıya çapan atların

O qanad gətirib uçan atların

Sən o əzizlərin, sən o yadların

Ruhu xatirinə... Sus və danışma

"Ah"ı xatirinə sus və danışma.

 

Daha damarımdan qan axmır bilgil

Belə arsız-arsız sən, sən az gülgil

köhnə gor yeri tap, gir ora, ölgil

Lənət qədərinə, sus və danışma

Şuşanın xətrinə sus və danışma.

 

Doğudan Batıya uçan durnalar

Yaz gəlib, geriyə qayıtmayacaq

Zəkası mühacir doğan analar

Belə korun-korun yanan o ocaq

Uyuyan ruhunu oyatmayacaq?

 

Yox, qıyya cəkəcəm, ulayacağam

Dağların başında yanan ocağam

Daşı-qayanı da qalayacağam

Əməl zamanıdı, sus və danışma

Al qanım xınadı? Sus və danışma!

Onsuz da

Unudulan bir yerdi Yer kürəsi

bir qucaq çiçəyə bənzər

ya da ki, üstünə

"Bura zibil atmayın" yazılan

imiri zibil qabına

Heç nədən qorxmayan Allahsızın biriyəm

səndən qorxuram

Sən mənə hər şeyi unutdurursan

- Onsuz da unudulacaq hər şey, - deyirsən

Ürpəndiyim və bildiyimdi,

üzünə telefon qapanmış kimiyəm:

- du...du..du..(sonsuza qədər)

gömülmüş səslər də cücərməyəcək

hamı hamını unudacaq, onsuz da

dünən yazı taxtasını silən silgi də

bu gün internet camına "sil" əmrini verən də

unudulacaq, unudulacaq, unudulacaq.

Yaddaşına bir virus yoluxacaq

ruhun da inciməyəcək

sən mənə hər şeyi unutdurursan

yavaş-yavaş

özünü mənə yoluxdurursan

qulağıma layla

- onsuz da unudulacaq hər şey, - deyirsən

kəsilir YERlə rabitə əlaqəsi

əzabkeş yaddaşdan azad oluram

sönür qulaqlarımda duaya bənzəyən layla

- onsuz da, onsuz da...

 

"Gözəli" gözəlləməsi

Xəfif külək

Yağır yağış

Nazlana-nazlana

arxanca düşüb gəlir

baxışlar islana-islana.

rəqs eləyirəm

səmavi bir eşqlə.

 

Deyəmərəm... canım fəda

bu nə yeriş, bu nə əda

Qeybdən gəlir bir səda

- Heç tapmasın qəm gözəli.

 

Ruhsan ruhlar gözə gəlməz,

yağış yuyar, izin qalmaz

Əlinə su tökə bilməz

Ərəb, Firəng, Çin gözəli.

Yeriyən balıq kimisən

Yoxsan ki... varlıq kimisən

Heç bilmədim nəsən, kimsən

Gözəllərin ən gözəli.

 

Evdə qalma

 - Hayqıracam bir gün

Qalma evdə, - pıçıldayacam

Əzandan öncə

sübh quşlarıyla cəh-cəh vurub

- Evdə qalma.., - şərqisini oxuyacam

Körpə qoxulu insanları

bağrıma basıb qoxlayacam

"Oxqay!" deyəcəm

yollara tökülsün ayaqlar

ot basıb aramızdakı yolları

əllər yüyürsün əllərdən əllərə

şərqilər yayılsın

ellərdən ellərə

 - Sevdam, gəl

- gəlsənə, Həsrətim

- qucuma gəl, nəvəm.

...............................

qucağım mamır gətirib.

Əzandan öncə

sübh quşlarıyla cəh-cəh vurub

- Evdə qalma! - şərqisi oxuyacam.

 

Qorxu əlacı

Çərxi-fələk,

Qorxuyla fırlanır fələyin çarxı

məscidləri, cameləri, sinaqoqları, kilsələri

Süpürgəçi - böyük qorxu

Silib süpürdü Yer evindən

son və bircə ibadət yeri açdı -

get, böyük qorxu ya biət et, - dedi

siz də birləşin

Allahsızlar, imansızlar və s. (sızlar)

Qorxusuzlar

sevin, əlac-ilac budur, bu

Sevgi yenir qorxuları.

baxışlarımın boyu km-lərlə uzandı

keçdi sərhədləri

qadağaya baxmadan

virusa-mirusa bulaşmadan

çatdı sonuncu dayanacağa,

Yəni sənə.

yorğundu zatən

izn ver, başını dizinə qoyub dincəlsin

Upuzun yollar yolçusu, yorğunu

usanmaz bu inadkar

hələ zamanları, məkanları keçmək

qorxusu var.

***

Quşlara zəng edirəm

unutdum adam dilini

əllər unutdu əlimi

(məni tərcümə eləməyə

nə dil tapıldı, nə də söz)

4.12 vaxtıdı

sübh namazı... az qalıb, az

o dünyadan zəng gəldi:

- yenə şeir yazırsan?

camaatın içində

özünümü gəzirsən.

 

Nankor oğul kimiyəm

bir azca da qərarsız.

Qovulduğum dünyaya

qayıtmışam mən arsız.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!