Uşaq şeiri
Yer tutmaq üçün
Müsabiqədə,
Uşaq şeiri
Yazırdı dədə.
Keçidən yazdı,
Cücədən yazdı.
Gündüzdən yazdı,
Gecədən yazdı.
Nədən başladı,
Neçədən yazdı?
Xoruza baxdı,
Beçədən yazdı.
Dedi, uşaqlar
Küsəcək məndən.
Münsif qiymətin
Kəsəcək məndən.
Yazdıqlarını,
Cırdı, tulladı.
Müsabiqəyə
Bunu yolladı:
Bütün gözəllik,
Şeir sözüdür.
"Ən yaxşı şeir,
Uşaq özüdür".
Ata rəsmi
Ağ vərəqlərə
Yaşıl qələmlə
"Səməni" rəsmi
Əkmişdi Aytac.
Ağ vərəqlərə
Mavi qələmlə
"Bulud" rəsmini
Bükmüşdü Aytac.
Ağ vərəqlərə
Boz qələmiylə
"Yağış" rəsmini
Tökmüşdü Aytac.
Ağ vərəqlərə
Qara qələmlə
"Ata" rəsmini
Çəkmişdi Aytac.
Amma çəkmədi
Atanın əlin.
Dedi, hirslənsə,
Döyməsin məni.
Top oyunu
Bilal dedi Mərdana, -
Top-top oynayaq, Mərdan?
Mərdan dedi Toplana, -
Top-top oynayaq, Toplan?
Toplan dedi Məstana,-
Top-top oynayaq, Məstan?
Məstan dedi Siçana, -
Top-top oynayaq, Siçan?
Siçan dedi Qaçana, -
Top-top oynayaq, Qaçan?
Qaçan dedi Uçana, -
Top-top oynayaq, Uçan?
Uçan getdi göylərə,
Uçdu, ucaldı, gəldi.
Top-top oynamaq üçün,
Günəşi aldı, gəldi.
Uşaq və sual
Yağışlar necə yağır?
Qar necə olur, ata?
Kürkü yırtıq kirpilər,
Kar necə olur, ata?
Ata, şimşək nədir ki?
Göy qurşağın kim çəkir?
Xortdanı kim qorxudur?
Ay işığın kim çəkir?
Günəşi kim saxlayıb?
Torpaq nədən yaranıb?
Ağac necə böyüyür?
Yarpaq nədən yaranıb?..
Sual-sual böyüdü,
Adam oldu balaca.
Uşaqla qaldı daha
Yanıltımac, tapmaca.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!