Dəli külək
Yatmır balaca Çiçək,
Deyir nə deyir külək,
Qapımızı döyərək,
Külək kimi istəyir?
Anası dedi ona,
Yatmayan uşaqları
İstəyir dəli külək.
Bağçaları, bağları
Titrədir dəli külək.
- Anacan qov küləyi,
Gedib uzaqda qalsın.
- Sən yat ki, mənim balam,
Külək də gedib yatsın.
Arılar
Mən çiçəkdən qorxuram
Üstündə arı olur.
Çiçəklər ağ olsa da,
Arılar sarı olur
Çiçəkləri görəndə
Arılar acır yaman.
Çiçəyi ləçəyindən,
Arılar sancır yaman.
Anası dedi, qızım
Unut bu dərdi-səri.
Mən səni istəyirəm,
Arılar çiçəkləri.
Çeçələ barmaq
Arzu lap çox istəyir
Çeçələ barmağını.
Gecələr üstə salır,
Balaca yorğanını.
Deyir hələ körpədi,
Sinəsində gəzdirir
Alıb süd şüşəsini,
Ona süd əmizdirir.
Qoy barmağım böyüsün,
Olmasın qanı qara.
Tez bir zamanda çatsın,
O biri barmaqlara.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!