Səngərə dönər kolu dağların... - İbrahim Yusifoğlu - uşaq şeirləri

Qalib olacaqsan

"Atını" yəhərləyib,

Cilovunu taxıbdı.

Qalxanını qaldırıb,

Qılıncına baxıbdı.

Hazırlaşıb döyüşə

Bizim balaca Firus.

Deyir ki, nə istəyir

Bizdən koronavirus?

Babamı buraxmayır

Çıxsın elə-obaya.

Atam gedə bilməyir

Nə şənliyə, nə toya.

Novruz günü heç yanda

Tonqallar çatılmadı.

Nəmər üçün qapıdan

Heybələr atılmadı.

Nənəmin nağılında

Cindən, divdən deyilmir.

Nağıl bitir, almalar

Göydən düşüb yeyilmir.

Bağça, məktəb bağlıdır

Bu virusun üzündən.

Evdə qalıb çıxmırıq

Böyüklərin sözündən.

Baba deyir: - Ay Firus,

Gəl söz dinlə arada.

De, koronavirusla

Savaşassan harada?

O ki, gözlə görünmür,

Nə əjdaha, nə atdı.

Çox gizlicə yayılan

Bədheybət həşəratdı.

Əllərini sabunla

İlıq suda yuyarsan.

Salfet kağızlarıyla

Yaxşı qurulayarsan.

Sonra spirt məhlulla

Əllərini ovxala.

Otağının havasın

Həmişə təmiz saxla.

Həm bunları edəssən,

Həm evdə qalacaqsan.

Bu virusla döyüşdə

Sən qalib olacaqsan!

 

Araba

Yoldan çıxın:

- ba-ba-ba,

Yola çıxıb

araba.

Sürəti

at sürəti,

Sükanısa

cilovdu.

Cilovdan

bərk-bərk tutan

Od parçası

Bilovdu.

Bilov çəkir

yüyəni,

Boylanır

sağ-soluna.

Arabanı

döndərir

Bir an bostan

yoluna.

Bu yolla

gedə bilməz

Nə "Mersedes",

nə də "CİP".

Ancaq bizim

araba

Öz yolunu

düz seçib.

Neçə çuxur

gölməçə,

Qarşısına

çıxsa da,

Asanlıqla

adlayır,

Bu yollardan

araba.

Təkərlərin

Tak-tuku,

Səs salsa da

dörd yana,

Arabamız

yetişir,

Gözoxşayan

bostana.

Siqnal verir:

- ba-ba-ba

- Ay uşaqlar,

tez dərin,

Qovun, qarpız,

şamama.

Qovunlar

əzilər ha...

Bircə-bircə

bələyin

Arabada

samana.

...Tutan kimi

yükünü,

Yola çıxır

araba.

Siqnal verır:

- ba-ba-ba.

- Aparırıq

sovqatı,

Bağçada

uşaqlara!

 

Ulu dağların

Şiş qayaları

Göyləri qucar.

Zirvələrində

Qartallar uçar -

Sərt, əzəmətli

Ulu dağların

***

Gədiklərində

Dənər qar saxlar

Ətəklərində

Bulaqlar çağlar -

Dupduru, bumbuz

Sulu dağların

***

Öz donlarını

Buluddan seçər.

Qorxunc keçiddən,

Aşırımdan keçər -

Cığırı, izi,

Yolu dağların

***

Dağ laləsini

Külək qoxlayar.

Bal, armud dadın,

Ayı yoxlayar -

Barla, bəhərlə

Dolu dağların

***

Pələng nərəsi

Qəlblər dağlar.

Ceyranlar hürkər,

Cüyürlər ağlar -

Səngərə dönər

Kolu dağların.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!