Günəş və tumurcuq - Adil CƏMİL - uşaq şeirləri

Hana

Anamın bir anası var

Evlərində hanası var.

Söyləyir ki, Firəngizə

Gəl öyrədim - qoşul bizə.

Bu həvədir, bu da kirkit.

İlmələri yaxşı bərkit.

Yerində vur hər naxışı,

Ortaya sal göl naxışı,

Butaları bu taya sal,

Bu ilməni butaya sal.

...Həvə dişi dənə-dənə,

Kirkit dişi haça olur.

Əriş-arğac ilmələnib

Bir sayrışan xalça olur...

 

Günəş və tumurcuq

Günəş

Aç gözünü, tumurcuq,

Gözlədiyin yaz gəlib.

Dimdiyində quşların

Nəğmə gəlib, söz gəlib.

 

Tumurcuq

Yox, açmaram gözümü,

Qorxuram ki, qış görəm.

Qar tökülə başıma -

Gözlərimdə yaş görəm.

 

Günəş

Mən günəşəm, tumurcuq,

Qış çəkilib dağlara.

İsti nəfəs vermişəm

Bağçalara, bağlara.

 

Tumurcuq

Gözlərimi açaram,

Günəş baba, gün baba.

Daha qışdan qorxmuram -

Yanımdasan sən, baba.

Sadıq baba, Güllü nənə

Sadıq baba eynəyini

Taxmadan qəzet oxuyur.

Güllü nənə gülə-gülə

Eyvanda hana toxuyur.

 

Sadıq baba yüz yaşında,

Güllü nənə doxsan yaşlı.

Hər ikisi iynəni də

Saplayır əməlli-başlı.

 

Uzaqdan görünsə biri

Deyirlər ki, filankəsdir,

Filankəsin qonağıdır,

Filan yerdən gələn kəsdir...

 

...Mat qalmışam bu zehinə,

Mat qalmışam bu yaddaşa.

Sadıq baba, Güllü nənə

Deyir yaddaş baxmır yaşa...

 

Aysel

Aydınlıq bir gecədir,

İşıqlıdır göy üzü.

Yoxsa Ayın işığı

Gətiribdir gündüzü?..

 

Ay boylanır Ayselə,

Aysel Aya boylanır.

Bu aydınlıq gecədə

Aysel bala aylanır.

 

Göy üzü işıqlıdır,

Yer üzü işıqlıdır.

Aysel aylı gecədə

Necə yaraşıqlıdır...

 

Elə bil ki, Ayseli

Çəkib rəssam fırçası.

Bu aydınlıq gecədə

Aysel bir Ay parçası.

 

Yanağında gül açır

Dodağının gülüşü.

Görən varmı xəbəri -

Aysel olub gümüşü...

 

Sarışın saç, mavi göz

Nurlanıb işıq saçır.

Aysel Ayın altında

Fırlanıb işıq saçır.

 

Daşıb yerə "tökülür"

Göy üzünün Ay "seli".

Ay uşaqlar, deyəsən

Ay tanıyır Ayseli...

 

Göbələk həsrəti

Ay Ayaz,

Gəl bu yaz

Götürək

Səbəti,

Çağıraq

Səmədi,

Toplayaq

Göbələk.

Çox yığsaq

Gəl bölək.

Az yığsaq

Neyləyək?..

 

Günəş baxır Günəşə

Göy ləpələr qoynunda

Gəmilər yırğalanır.

Gün düşəndə dənizə

Nur üstə nur qalanır.

 

Elə bil ki, göydən yox

Dənizdən baxır Günəş.

Dəniz də bir göy üzü -

Bu "üzdən" baxır Günəş.

 

Kimə desən inanmaz -

Qopub yerə Gün düşə...

Dənizdən günəş doğur -

Günəş baxır Günəşə...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!