Kirillə latını qarışdıranda
hər gün qutab alır
məktəbdən Nunu
yarısını yeyir
yarısını yemir
evə gətirir vərəq arasında
vərəqi açıb
baxır anası
kiril əlifbasıyla olan
hansı kitabdandı düşünüb tapır
hansı fənndi
neçənci sinif
hansı bölmə
hansı fəsil
neçə almışdı həmin dərsdən
müəlliminin adı nəydi?
Nunu yarımçıq qutabları daşıyır qəsdən
anasının xatirələrini öyrənir
bəzən dalbadal çıxır vərəqlər
tutuşdurmaq
bir neçə səhifə ard-arda oxumaq olur
bu olur əsil əyləncə
kiril əlifbasını öyrənib Nunu
daha oxuya bilir
anası yazı yazanda
latınla kirili qarışdıranda...
İki yalan
üçüncü balıq ölürdü
akvariumda
ata onları oğrun-oğrun götürürdü
amma balıqları adbaad tanıyırdı
balaca Elçin
əzbər bilirdi hansının rəngi necədi
birinin quyruğu qəşəngdi
birinin üzgəci
balıq vardı başında qıpqırmızı papağı
balıq vardı yupyumruydu dodağı
vardı uzunburunu
yumrubaşı
hərəsi bir təhərdi
Elçin hamısını sevərdi.
bir gün yoxa çıxdı albinoslardan biri
o biri gün qırmızıpapaq
bir gün də irigöz olanı
Elçin gördü atası
hərəkətsiz balığı ovcuna aldı
aparıb həyətə
ağacın dibinə atdı...
doluxsundu
kəsdi atasının qabağını
soruşdu niyə atdın balığımı?
- Təzə balıq alacam
o balıq doğruçu deyildi
daşı qurtarmışdı
görürsən, hərəkət eləmirdi...
- Bəs bunlar doğruçudu?" -
akvariumu göstərib
soruşdu Elçin
ata bilmədi nə desin
"doğruçudu" söylədi
səhəri gün
ata akvariumdan bir balıq da götürdü
Elçin bunu da gördü
yalan danışdığını boynuna aldı ata
dodağını büzdü Elçin:
-Bəs mən iki alanda,
sonra onu pozub yerinə beş yazanda
"yalan demək pis hərəkətdi " demişdin
özün niyə yalan danışdın?
ana qarışdı sözə:
- Canım, gözüm
iki yalan arasında fərq var
atan yalan danışdı
səni üzməmək üçün...
Elçin burnunu çəkdi:
- Mən də iki aldığımı sizə görə demədim
nə vaxt ki beş alıram
üzünüz gülür sizin
nə vaxt ki iki alsam
kədər qonur gözünüzə
bir söz demək olmur sizə
beş aldım oluram yaxşı
iki alsam pis oğlan
əgər siz qəmlənməsəz
mən də yalan danışmaram
on balıqdan qalanda cəmi ikicə balıq
ata dərman alıb gətirdi
akvariumun suyunu da dəyişdi
sonra dərmanı səpdi
iki balıq sağ qaldı
kağıza yazılmasa da
ata Elçindən "iki" aldı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!