Analar bir günəşdi, övladlar günəbaxan... - Sərvaz Hüseynoğlu

Dolu

Tamaşadı,

baxanların gözü doymayır.

Dəcəl dolu özü çalıb

özü oynayır.

 

Dibçək

Aşdı-daşdı

gül çiçək.

İçində itdi dibçək.

 

Şaftalı bağında

Alı baxdı Vəliyə,

Vəli baxdı Alıya.

Bir-birinə him edib

Cumdular şaftalıya.

 

Bir də baxıb gördülər

Sənəm nənə yetişib.

And içdilər: - Yemirdik, ha,

baxırdıq ki, yetişib?

 

Qoruqçu çay

O üzünə

keçmək olmur.

Biçənəyi

Biçmək olmur.

 

Dolu gəlir

O tay - bu tay.

Təbrik edin,

Yaz gələndən

İşı çıxıb

Qoruqçu çay

 

Pinti qız

Verib kol-kosa,

söküb donunu.

Anası yaman

dalayıb onu.

 

İşə qarışıb

tikiş maşını.

İncik bulayır

o da başını.

 

Yağış

Səhərə kimi

Yağış döşədi.

Düzə gör necə

Naxış döşədi.

 

Analar bir günəşdir

Ana adı, ünvanı

deyildir yaddan çıxan.

Analar bir günəşdi,

Övladlar günəbaxan.

 

Vüqarın çəkməsi

Çəkmənin səsi

onu satmışdı.

Qoruqçuyacan

gedib çatmışdı.

 

O da çəkməni

qoyub qaçmışdı.

Yenə başına

oyun açmışdı.

 

İndi qoruqçu

haray salıb ki:

- Alma yeyəcək

tapsa çəkmənin

sahibini kim.

 

Tək ağac

Qırıb bəndi-bərəni,

su basıb arxı gecə.

O üzdə qalan ağac

elə bil çırmanıb ki,

adlayıb arxı keçə.

 

Dərə

Yer qalmayıbdı

azğın sellərə.

Ağzına qədər

güllə-çiçəklə

dolubdu dərə.

 

Dağ çayı

Durub dağ çayı

dağlardan qaçır.

Qorxmur azmağa,

çünki yolunu

o, özü açır.

 

Dava

Kağızdan quş düzəldib

Adil atdı havaya.

Məstan pişik sıçradı

Əlbəyaxa davaya.

 

Lalənin güllü donu

Lalənin güllü donu

Gül-çiçəkli, qarmonu.

Küləklər yırğalayıb

Necə çalır gör onu.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!