Tapmacalı şeirlər... - Sevda BƏXTİYAR

Uşaq poeziyası

 

***

Zolaqlı, qara, boz, ağ -

Bu, onların rəngidir.

O hansı heyvandır ki,

Evlərin pələngidir?     (Pişik)

***

Yayda, qışda, payızda

Soyunmayır kürkünü.

Deyin görək o nədir

Çox sevir yerkökünü?     (Dovşan)

***

Yoxdur əli, ayağı,

Vahiməlidir yaman.

Dişində zəhəri var,

Sancır adamı o an.

 

Qışda görünmür gözə,

Yay gəlsə çıxır üzə.

Sürünərək gəzir o,

Elə bil tələsir o.     (İlan)

***

Torpaq altda yuvası,

Boyu da lap balaca.

Gah divara dırmaşır,

Gah gülə, gah ağaca.

 

Çəkisi bircə damcı,

Qaldırır ağır yükü.

Yaz gəlincə başlayır

Qış üçün tədarükü.     (Qarışqa)

***

Yaz gələndə bitərəm

Çöldə, düzdə,çəməndə.

Çəhrayı ləçəklərim,

Gözəl ətrim var həm də.

 

İlkin çiçəkləyirəm

Yaz gələndə hər dəfə.

Dostlar məni toplayıb,

Dərib aparır evə.     (Bənövşə)

***

Göydən asılıb qalıb,

İşıq saçıb, dayanır.

O nədir ki, el-aləm,

O işıqla oyanır?     (Günəş)

***

Gecə düşəntək gəlir,

Gecəyə qonaq olur.

 

Elə bil göy üzündə

Göylərə çıraq olur.

 

Gah yumrudur, gah para,

Yoldaşdır ulduzlara.     (Ay)

***

Təndirdə yapılanda

Ətri göyə yüksəlir.

Şah məclisi də olsa

Süfrəyə əvvəl gəlir.     (Çörək)

***

Dünyanın hər sirrini

Toplayıb sinəsinə.

Elm, bilik və savad

Öyrənsən ondan, yenə

Qurtarmaz bildikləri.

Hər səhifəsi sehr,

Hər cümləsi bir hikmət.

Nədən danışdığımı

Yəqin anladın, əlbət?!    (Kitab)

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!