Uşaq şeirləri... - Sevinc NURUQIZI

Elə payız gələni

Payız gəlib, günəşdən

Borc alıb sarı donu.

Küləklər gətiriblər

Qolları üstə onu.

 

Yarpaqlardan rəngbərəng

Çələngi var başında.

Dəcəlliyindən qalmır

O, hələ bu yaşında.

 

Almalardan boynunda

Yaqut boyunbağı var.

Atını oynatdığı

Bağçası var, bağı var.

 

Qızıl sapla işlənib

Yaylığının yeləni.

Əl-ayaq çəkilibdir

Elə payız gələni.

 

Xəzərim

Günəş çimir sularında,

Yuyur onu ləpələri.

Səma deyir ulduzlara:

- Xəzərimə səpələnin.

 

Səpələnin, mavi sular

Yırğalasın sizi gecə.

Buruqları gen sinəyə

Yaraşıqdır görün necə.

 

Sahilləri yuyan mavi

Dalğaların qırçını ağ.

Xəzri əsir, varaqlayır

Xəzərimi varaq-varaq.

 

Qağayılar sular üstə

 Aram-aram enir-qalxır.

Günəş batır odlu şartək

Xəzərim ardınca baxır.

 

Ana dili

Mən dilimi əsrlərin sınağından

                                    qorumuşam,

Mən dilimi yad ellərin qınağından

                                    qorumuşam.

Qarabağım bu dilimlə əzizlənib,

Qara bağrım bu dilimlə təmizlənib.

Mənə əziz ana olub, dar günümdə

Mən dərdimi, kədərimi

                                    bölüşmüşəm.

Mən sevgimi, qədərimi

                                    bölüşmüşəm.

Mən dilimi yad gözlərdən qorumuşam,

Mən dilimi yad sözlərdən qorumuşam.

Nənəm onu ağısında,

                        alqışında gizlədibdir

Babam onu alnındakı

                        qırışında gizlədibdir.

Əsrlərin küləyindən, yağışından

                        sinəmizdə daldalanıb.

Yağıların qəzəb yağan baxışından

                                    yağmalanıb.

Bir ocağın odunda da, külündə də

                                    yaşayıb o

Yurdun ən pis günündə də yaşayıb o.

Şəhidinə "rəhmət" deyib

Düşməninə "lənət" deyib

Ana yurda cənnət deyib

                                    yaşayıb o.

Hər qatında bir el dərdi,

Bir yurd dərdi gizləyib o.

Dözüb min bir əzaba da, ağrıya da,

                                    acıya da

Sədaqətlə xoş günləri gözləyib o.

Baldan şirin, dağdan ağır.

Qılıncdan sərt, ana dilim.

Dosta alqış, yara sevgi,

Düşmənə dərd, ana dilim.

 

Vətən

Hamının vətəni var

Qaranın da, ağın da.

Hamı üçün xoş olar

Gəzsə vətən bağında.

 

Hər vətənin oğlu var,

Qızı var neçə-neçə.

Heç bir torpaq istəməz

Qoynundan yağı keçə.

 

İstəməz səmasından

Mərmilər yol eləyə.

Keçdiyi hər cığırda

Dəhşəti bol eləyə.

 

İstəyər çöllərində

Kəhər atlar çapılsın.

Təndirləri qalansın

Tər çörəklər yapılsın.

 

Hamının vətəni var

Qaranın da, ağın da.

Hamı üçün xoş olar

Gəzsə vətən bağında.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!