***
Tökməsən göz incisi,
Tapmazsan söz incisi.
***
Harda qoyun-quzu var,
Dalınca qurd gözü var.
***
Baş olmur kötükdə, bilirsən özün,
Sənin tir boynun da baş yeri deyil.
Kim qoydu sinənə qara bir daşı,
Adamın sinəsi daş yeri deyil.
***
Gün keçdi, saç ağardı,
qaşıma da çal düşür.
Yenə də qısqanırsan,
ürəyimə xal düşür.
***
İblis imiş əcnəbinin dolları,
Bağlayacaq haqqa gedən yolları.
***
Göz yaşıyla gül bitirən şair mənəm,
Kirpik ilə od götürən şair mənəm.
***
Göy mamırdan su damır,
kirpiyimdən göz yaşı.
Quzeydə tək-tənhadır
şəhidin məzar daşı.
***
Ürək dar olanda ev də dar olur,
Gələn qonağa da bir məzar olur.
Qəlbini dünyadan geniş sayanlar
Bir kol dibində də bəxtiyar olur.
***
Dünya tarix boyu qana boyandı,
Mənim bu dünyaya qaynamaz qanım.
Bəşər nəsil-nəsil odlarda yandı,
Qansız sabaha da yoxdur gümanım,
Mənim bu dünyaya qaynamaz qanım.
***
Bağrımın başı yanar,
Gözümün yaşı yanar.
Eli didərgin dağın
Qayası, daşı yanar.
***
Şerimin çiynində getsəm dünyadan,
Qalmazdı gözümdə muradım mənim.
Uca məzarıma gül gətirərdi
Həm sözüm, həm də ki, övladım mənim.
***
Mən öləndə al qırmızı geyib gəl,
Fikir vermə, hər kim desə yağıdır.
Ruhum səni qara geymiş görməsin,
Son görüşüm, son ayrılıq çağıdır.
***
Hiyləsiz baxışdan, gözdən doymuram,
Ay kimi nurlanmış üzdən doymuram.
Qırx ildir qələmin qulluğundayam,
Nə qədər yazıram, sözdən doymuram.
***
Tökmədik dəryaya silahımızı,
Dəryalar yuyarmı günahımızı?
Dünyanın damında bayquş ulayır,
Tanrı hifz eləsin sabahımızı.
***
Bir də o yerlərə dəyməz ayağım,
O dağlar, dərələr qan üstündədir.
Ey Məcnun bulağım, ey Dəli dağım!
Divanə Kürdoğlu can üstündədir.
***
Ey düşmən əlində yuvası yanan,
Didərgin, pərişan dağlar gözəli!
Bir də güldürərmi səni bu dövran,
Yaralı şerimin ağlar gözəli.
***
Məni ürəyindən ata bilmədin,
Vəfasız dostlara qata bilmədin.
Düşdüm sel ağzına bir kötük kimi
Qışqırıb, yüyürüb tuta bilmədin.
***
Hicran dustağıyam altmış yaşımda,
Kaş ki, bir də görəm mən Qarabağı.
Qazalar qəbrimi Kirsin başında,
Təzə ad qoyalar: "Kürdoğlu dağı".
Bəlkə Qarabağı görəm doyunca,
Baxam camalına dünya boyunca.
***
Ağıl taxta çıxsa, ölkə işıqdır,
İşıqdan yaranan kölgə işıqdır.
Allahın nuru var hər gözəl üzdə,
Xalıqın özü də bəlkə işıqdır.
***
Yolumu gözünün yaşıyla kəsir,
Görüş bulağının daşıyla kəsir.
Könlümün quşunu bu dağlar qızı
Gözüylə ovlayır, qaşıyla kəsir.
***
Göz yaşın axa, dağlar,
Çayların baxa, dağlar!
Soyunmadın dumanı,
Açmadın yaxa, dağlar!
***
Səndən çörək ətri gəlir, ey pəri,
Təndir istisindən allanıb üzün.
Gülür gözlərində bir yaz səhəri
Çörəyin kimi də dadlıdır sözün.
Gəl öpüm əlini, müqəddəs qadın,
Yaz günəşi kimi ucadır adın.
***
Uşaq iməkləyir, sevinir ana,
Sevinir evində daş da, divar da.
Şəhid qəhrəmandan oğul nişana
Böyüsün, ananı qoymasın darda.
Divardan ata da baxdı, sevindi,
Qara haşiyəni çıxarın indi.
***
Şuşa yoxuşunun yeddi qat yolu,
Bəlkə elə budur kainat yolu?
Tarixdən soruşsan söylər ki, bu yol
Həm Qırat yoluymuş, həm Bozat yolu.
İblis caynağını atıb dörd yana,
Kəsilib dağların bu həyat yolu.
Dönüb qan yoluna, ölüm yoluna
Dünyaya səs salan müğamat yolu.
Tikanlar bitirir yad ləpirindən,
Min bir yaylağımın öz elat yolu.
Əl çatmaz, ün yetməz yeddi qat yolu.
Şuşa yoxuşunun yeddi qat yolu.
Ey Tanrı, nə zaman açılar bu yol,
Özün imdada yet, özün kömək ol!
***
Dağ zirvəsində qartal,
Söz zirvəsində xəyal.
***
Bu dünyayla yoxdur aram,
Qaçmağa bir səyyarə yox.
Daşdan yıxılsam, qalaram,
Sözdən yıxılsam, çarə yox.
***
Mənim şeir pərim dan ulduzudur,
Dan üzü deyirəm nəğmələrimi.
Sirdaşım nazənin göylər qızıdır,
Onunla yazmışam hər əsərimi.
Baxma ki, qısadır görüş vaxtımız,
Gün doğur, əlindən üzülür əlim.
Yaxşı bar gətirir bizim baxtımız,
Tökülür kağıza gövhərim, ləlim.
Belə şirin-şirin görüşürük biz,
Gec gəlir, tez gedir mənim gözəlim.
Ömrün payızından keçirəm qışa,
Əyir qamətimi başımdakı qar.
Bənzərəm küləkdən əsən qamışa,
Ney kimi sızladır məni ruzigar,
Əyir qamətimi başımdakı qar.
***
Şairi saymayan gözəl
Bir kağız gülə bənzəyir.
Odu sönmüş bir ocağın
Yerində külə bənzəyir.
***
Axşam böcəyindən saqın,
Qədrini bilməz çırağın.
Bulanmış sısqa bulağın
Dibində lilə bənzəyir.
***
Görmür qoy görməsin məni,
Qarğa sayarmı gülşəni?
Otdan bitib, yoxdur dəni,
Baxma sünbülə bənzəyir.
***
Budurmu kölgəmi döyən,
Dalımca hədyanlar deyən?
Farmaşda güvələr yeyən,
Artıq mitilə bənzəyir.
***
Kürdoğlu töksə də xəzəl,
Çoxdur onu sevən gözəl.
Beləsindən söz açma gəl,
Lehmədə cilə bənzəyir.
***
Nə ayım aya bənzər, nə günüm günə bənzər,
Qocalıq yollarında ömrüm sürgünə bənzər.
Gödəlib addımlarım, nurdan düşüb gözlərim,
Bu dünya dedikləri qaranlıq hinə bənzər.
***
Gəlib yetişdi ömrüm axırda viranlığa,
Sanki bu Yer üzünə gəlmişdim bir anlığa.
Zülmətdən işıqlığa Tanrı özü gətirdi,
Bir də niyə döndərir yönümü qaranlığa?
***
Ax, ey Məcnun bulağı,
Ax yaşıl dərə boyu!
Sən mənim göz yaşımsan,
Dərdimsən, təlaşımsan.
Səndən içərsə yağı,
Bir gümüş alov kimi
Pörşələ dodağını,
Pörşələ ciyərini
Döndər külə yağını!
İzlərimin üstünə
Düşmən izi düşməsin,
Kəs ordan ayağını.
Sən mənim göz yaşımsan,
Ax, ey Məcnun bulağı.
***
Aşiqiyəm Kərəm sözün,
Üstündə əsərəm sözün.
Yamanlara yaxşı desə
Başını kəsərəm sözün.
***
Kimsəsiz lələ könlüm,
Haray çək, mələ, könlüm!
Ayrılıq dustağısan,
Gəl götür şələ, könlüm!
***
Şah dağından göndərmişdi bir sənəm,
Ək demişdi təzə bağa bənövşə.
Su verdikcə körpə kimi oxşadım,
İsinmədi bu torpağa bənövşə.
Yarpaqlanıb əvvəl açdı gözünü,
Gördü Xəzər sahilində özünü.
Görəmmədi o gözəlin üzünü
Bənzəyirdi yad qonağa bənövşə.
Şah dağından bəyaz sular axardı,
Gədiklərdə ildırımlar çaxardı
Yarpaq altdan gizli-gizli baxardı,
Mavi gözə, gül yanağa bənövşə.
Qayaların daldasında açardı,
Durna gəlib qatar-qatar keçərdi,
Yaxalarda mavi şölə saçardı,
Yaraşardı ağ buxağa bənövşə.
Gözlərimdə bu gen dünya daraldı,
Xəyalımı boran aldı, qaraldı.
Kürdoğlutək o da soldu-saraldı
Həsrət qalıb uca dağa bənövşə.
***
Qoltuq ağacıyla yeriyir oğlan,
Yanında qaraqaş, qaragöz pəri.
Necə qayğıkeşdir, necə mehriban,
Qəhrəman əsgərin qəşəng dilbəri.
Vətən namusudur başının tacı,
Müqəddəs ağacdır qoltuq ağacı.
***
Məcnundur məhəbbət əzəldən bəri,
Sanma bu dövranda şöhrəti sönmüş,
Məcnun səhrasının tozudur belə
Qalxıb asimanda ulduza dönmüş.
***
Söyüd telini tökür,
Əncir əlini tökür,
Qovaq dilini tökür,
Bağı bürüyür xəzəl -
Baharda yaşıl gözəl,
Payızda sarı gözəl.
Xəzəl olsa da üzüm,
Xəzəl tökməsin sözüm.
***
Canavar heç zaman öyrəşmir ələ,
Onu ram eyləyən olmamış hələ.
Qurddan dərs alaydı ikiüzlülər,
Üzdə məclis qurur, arxada tələ.
Ancaq yırtıcının bircə üzü var,
Nazını çəksən də, səni parçalar.
***
Möhlət ver, ey ölüm, möhlət ver hələ,
Barı bir neçə il doyunca yazım.
Barsız şairləri gətir əvvələ,
Nəğməylə doludur sinəmdə sazım.
Yazmaq mümkün olsa torpağın altda,
Bircə gün qalmaram belə həyatda.
Onsuz da həmişə həndəvərdəsən,
Salma sevgilimi vaxtsız dərdə sən.
Möhlət ver bir az da, bir az da yazım,
Yaza bilməyəndə atım qələmi,
Gedib məzarımı mən özüm qazım.
Göz dikir əlimə bu söz aləmi,
Qayıt bu qapıdan, qoy hələ yazım!
***
Oğlan asta döyür qonşu qapını,
Qarıya bəllidir duz bəhanəsi,
Qaytarır oğlanın dərs kitabını,
Məktub da ötürür qız bəhanəsi.
Mən də oynamışam bu oyunları,
Məni də yandırıb bir zalım qarı.
***
Hər yetənə sirrim açma,
Tanıtma hər dilə məni.
Mən dünyanın dərd oğluyam,
Qorxutma dərd ilə məni.
Bulaqlar göz yaşım olsun,
Ulduzlar sirdaşım olsun.
Xəyalın yoldaşım olsun
Yola sal mərd ilə məni.
Kürdoğlunun ər dili var.
Nəğməsinin tər dili var
Gözlərində şər dili var
Öyrətmə şər dilə məni,
Qorxutma dərd ilə məni.
***
Bu dağdan küsdü kəkliyim,
Çağırdım, daşa gəlmədi.
Saz götürdüm, nəğmə qoşdum,
Avazım xoşa gəlmədi.
Həsrəti bağrımı dəldi,
Eşitdi, nazlanıb güldü
Gələndə də yalqız gəldi,
Könlümlə qoşa gəlmədi.
Kürdoğludan qaçan mələk,
Gözümdə qalsınmı dilək?
Baş ağardı Şahdağıtək
Bir arzum başa gəlmədi.
***
Nalladığım təpiklədi,
Yalladığım qapdı məni
Can verdiyim canım aldı,
Mal verdiyim çapdı məni
Belə baxta nə deyəsən.
***
Baxtıma nə deyim, əzəldən bəri
Bal deyə verdiyi pay zəhər oldu.
Könülsüz çay süzdü bir nazlı pəri,
Sandım ki, ağzımda çay zəhər oldu.
***
Hay-həşiri qalxdı göyə,
Dizlərinə döyə-döyə,
Arı çaldı dodağını
Balımdan şirindir deyə.
***
Sızlamaqdan ağzımızda köz olsa da dilimiz,
Ümidlərin ətəyindən üzülməyir əlimiz.
Köçdən azmış el qızları - qatarlanmış durnalar,
Bu dünyanı ha gəzir ki, hayandadır elimiz.
***
Bilməm niyə kor bayquşa dönmüş yenə baxtım,
Zülmət görər hər yanda, qızıl gündüzü görməz,
Qat-qat əkilib, şumlanıb alnım qəm əliylə,
Həmdəm gözü də bir daha şadlıq izi görməz.
Şerim üzə durmuş ki, sənəmlərdə vəfa yox,
Bağrımda qalanmış odu görməz, közü görməz.
Ağlar qəzəlimdən sorar əhvalımı yarım,
Röyama gələr, bir gəlib axır özü görməz.
Üzdən iraq olsun o gözəllər ki, üzümdə
Kürdoğlu qəmiylə yaralanmış sözü görməz.
***
İnsafdırmı şeh incisi düzülə
Həm qızılgül, həm də alaq üstünə?!
Qoşa gələr ifritə də, mələk də,
Dağ döşündə büllur bulaq üstünə.
Yad sözüylə niyə qırdın könlümü,
Dağ olurkən, su tökdün yağ üstünə.
Gözlərinə pərvanəydi xəyalım,
Küsdürmüsən, gəlməz çıraq üstünə.
Mən baxanda döndərirsən üzünü,
Dağ çəkirsən çəkdiyin dağ üstünə.
Xəzəl üstə şeir yazıb yolladım
Gözüm yaşı damdı varaq üstünə.
Doqqazını neçin döydü Kürdoğlu,
İtlər gəldi vaxtsız qonaq üstünə.
***
Bağrımdan qan içir qələm,
Fikrimə don biçir qələm.
***
Hər sözdə, hər sətirdə səsim var, nəfəsim var,
Söz eşqiylə dünyada sevilmək həvəsim var.
***
Dünya pətəyində arıdır insan,
Heyif ki, balına qan qarışıb, qan!
***
Bu ellicə-günnücə
Bu sünbülü dənnicə,
Əsl siyasətçidir.
Səni gördü sənnicə,
Məni gördü mənnicə.
Hərzə-hənək götürmür,
Kimlicədir, kimlicə.
Çox minilib deyəsən,
Bu sarğısı enlicə.
Kəbləyidir, hacıdır
İmanlıca, dinlicə.
Gəzir bütün aləmi
Səni gördü sənnicə,
Məni gördü mənnicə.
***
Bu dünyanın barmaq sayı mərdi var,
Onların da dünya-dünya dərdi var.
Səadətlə süslənən bir evdə də,
Sirr açılsa, qan ağlayar dər-divar.
***
Kürdoğlu köçdü dünyadan,
İncisi, almazı qaldı.
Yoxsul evin divarında
Qara geymiş sazı qaldı.
Süründü qəm yeyə-yeyə
Fəryadı ucaldı göyə.
Ölüm faraş gəldi deyə,
Bircə ondan razı qaldı.
***
Neyləyər zülmət mənə, ölkəm nur ölkəsidir,
İblisə güvənənlər axır diz çökəsidir.
Döyüşdə şəhid olan gözəl şəfqət bacısı
Yenilməz ordumuzun zəfər məlakəsidir.
***
Bağrımı yeyən də söz,
Qəddimi əyən də söz.
İldırım saçılarmış
Baş-başa dəyəndə söz.
Söz yandırıb-yaxır da,
Şimşək kimi çaxır da.
Saqqıza dönən sözü
Tüpürərlər axırda.
***
Bulud yox göylərdə qış ayaz gəlir,
Ulduzla bəzənib xoş avaz gəlir.
Gəl soruş halını qoca şairin,
Sən bizə gələndə qışa yaz gəlir.
***
Dağıldı qoynundan elim dağların,
Əlinə yetişmir əlim dağların.
Tanrı dərgahından budur diləyim:
Dizinə baş qoyub ölüm dağların.
***
Göz dikər yoluma çeşmələr mənim,
Dərdimə dağ mələr, daş mələr mənim.
Həsrətin, hicranın qara tikanı
Yüz yerdən bağrımı deşmələr mənim.
***
Qara xəbərimlə yel ağlar gedər,
Aylar qara geyər, il ağlar gedər.
Gün gələr, qədrimi bilər zəmanə,
Gələr qəbrim üstə el ağlar gedər.
***
Dünyanın bir belə ki, erməni murdarlığı var,
Yaxşı ki, yer üzünün indiyədək varlığı var.
***
Xocalı qanla yazılmış cahanın yaddaşına,
Söyləyin, hansı faşistin belə qəddarlığı var?!
İblisi lənət ilə guya ki, qovduq, getdi,
Nə biləydik ki, onun Hayk ilə simsarlığı var.
Ayılardan dayılar tutmuş, əzəldən bu donuz,
Bu səbəbdən Qarabağda yenə muxtarlığı var.
Taleyin qəhri budur ki, qapıbir qonşumuzun
Belə nankorluğu, xainliyi, barbarlığı var.
Köçüb aləm, ona qalsaydı Süleyman mülkü,
Erməni aləmə sığmazdı ki, bəs darlığı var.
Zərbi dünyanı yıxar səbri böyük millətimin,
İstəmir qanlar axa, sanma ki, naçarlığı var.
***
Mələk dediyimi şahmar eylədi,
Ülvi sandığımı murdar eylədi.
Bu dünya mülkünün divarı çöksün,
Məni qəm altında divar eylədi.
***
Bahardan ayrılıb qışa düşmüşəm,
60-da dünyanı başa düşmüşəm.
Uçuq divarında köhnə dünyanın
Bir şeir şəkliyəm, daşa düşmüşəm.
***
Yaşadım sən mənə dilbər olanda,
Eşqim düzüm-düzüm gövhər olanda.
Bir də gələcəyəm bu Yer üzünə,
Ağıl bu dünyaya rəhbər olanda.
***
Dağdan əsib keçən mehə bənzərik,
Şimşəkdən buludda zehə bənzərik.
Gecələr çəməndə daş-qaşa dönən
Gündüzlər yox olan şehə bənzərik.
***
Sazımın teli qırıq,
Küməmin mili qırıq.
El dərdi ağır imiş,
Qalmışam beli qırıq.
***
Şükür sənə, ey dünyanı yaradan,
Yaza-yaza gəlib yaza çıxmışam.
Dərdin-qəmin qübarına batmışdım,
Çırpılmışam, yarı toza çıxmışam.
***
Ya Rəbb, bir də bəd əsməsin küləklər,
Qönçələnsin, bar gətirsin diləklər.
Püşk atıblar tale yazan mələklər,
Bir can alan sərvinaza çıxmışam.
1995-1996
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!