Əynini qalın eylə, üşüyərsən, İlahi - Bir qadın ağlayır üzü göylərə

Əlizadə Nurinin yeni şeirləri

 

Dərvişanə

Azər Turana

 

Günah etmiş əlləri

qoymağa yer tapmamaq

ən böyük sitəm imiş.

 

Açıb qanadlarımı

yerə sərmək istədim, -

baxıb gördüm yer üzü

Başdan-başa qəm imiş…

 

İllərin o üzündən

bir səs çağırdı məni,

Mənim Tanrı sandığım

Sən demə, Adəm imiş.

 

Kədər məni sıxanda

Əllərimə ağladım, -

Bir əlim kağız imiş,

Bir əlim qələm imiş.

 

Kola sığınıb qalan

bir çiçəyi çağırdım,

səhər şehini içən

O çiçək də dəm imiş…

 

Gündüz gün işığını,

Qızlar səpdi üstünə,

Gecə məhbuslarına

Ulduzlar həmdəm imiş…

 

Hönkürüb bitirərdim

Bu qəmi birnəfəsə, -

Gözüm yaşı kəm imiş…

 

 

Son gördüyüm sən olasan…

 

Yağışa bax: misra-misra, -

Bəlkə Tanrı şeir yazır?

Bəlkə buludda gizlənib

Göy üzünün əlifbası?

 

…Sən də bir eşq yağmurusan,

Ürəyimə yağ bu axşam.

Sən göylərdən enən gündən

Yer üzünü unutmuşam.

 

Ağac yağışdan qoruyur,

Altındakı izimizi.

Gəl, gizlənək bu yağışda,

Ayrılıq tapmasın bizi…

 

… Sər üstümə saçlarını,

Üşüyür bu yurdsuz ozan.

Gözlərimi sən bağla ki, -

Son gördüyüm sən olasan…

Cinayəti gizlətmək

 

Güzgüləri sərxoş edən bu gözəllik

Sənə Tanrı əmanətidi, qadın,

Gizlət bədənində bu əmanəti.

Bu qədər gözəl olmaq…

            cinayətdi, qadın!

İndi neyləyək,

necə gizli saxlayaq

            bu "cinayət"i?!.

 

 

Bir qadın ağlayır

üzü göylərə…

 

Dərdi sinəsinə sıxıb körpətək,

Bir qadın ağlayır üzü göylərə,

Göz yaşları çırmaqlayır üzünü…

 

Qucub dizlərini son ümid kimi,

Bir qadın ağlayır üzü göylərə, -

Əynini qalın eylə, üşüyərsən, İlahi.

 

O, elə ağlayır, elə ağlayır.

Qorxuram bir azdan suya çevrilə…

 

Dünya göz yaşının yanından keçir,

Hələ ki, diksinmir göydə xalıq da.

Yermi günahkardı, göymü günahkar? -

Bir qadın ağlayır bu aralıqda…

 

…Çağır bu qadını, çağır, İlahi,

Soruş gör: bu qadın niyə ağlayır?

Bəlkə yer üzüdü ağladan onu,

Bəs niyə bu qadın göyə ağlayır?

 

…Başını kədərin çiyninə qoyub,

Bir qadın ağlayır üzü göylərə.

 

Sevgi sönüb, tüstülənir xatirəm…

 

Ürəyinə kim toxunub bu sözün, -

Bir şairin varağında ağlayır.

O gözəl də gözlərini gizləyib…

Göz yaşları yanağında ağlayır…

 

Sevgi sönüb, tüstülənir xatirəm,

Közü də yox, kirpiyimdə gətirəm.

…Saçlarını ovundurub yatıram, -

Haçan görsəm, darağında ağlayır.

 

O günəşdi, - yoxsa, göydən yar baxır?

Bəlkə cənnət dedikləri yar bağı?!..

Yelmi dəyib xətrinə bu yarpağın, -

O ağacın budağında ağlayır?

 

Bu sevgi də göyərmədi, - dərəsən,

O gözəlin ürəyinə sərəsən.

…Bu pərvanə nə istəyir görəsən, -

Ürəyimin çırağında ağlayır?!

 

Mən payız deyiləm, payız - adamam…

 

Gözümün ucuyla toxundum sənə,

Mənə halal eylə bu baxışları.

Qonursa çiynimə xoşbəxtlik quşu,

Mən necə qınayım bütün quşları?

 

Dilim çiçəklədi, - ismini çəkdim,

Aya baxa-baxa hüsnünü çəkdim…

Səni görməsəm də, rəsmini çəkdim,

Yaman çatılmışdı orda qaşların…

 

Köhnə xarabada uçuq bir damam,

Dünən oğlum idim, sabah atamam.

Payız olmasam da, payız - adamam,

Çağırın yanıma bütün quşları…

Külünə yalvarır

bu ocaq indi

 

Dünən acı çəkən bu gün şəkərdi, -

Dünyada əldən çox, əl ağacı var.

Bircə nəfəsim var, - onun da, Allah,

Sənin nəfəsinə ehtiyacı var…

 

Sönür ürəyimdə son ümid çöpü,

Yaşamaq yasaqdı, tabudu, Allah.

Bu dünya intihar etmək istəyir,

Varmı özü boyda tabutu, Allah?!

 

Çırpısı meşədə döyülən ağac,

Necə ağlamasın bu ocaq indi?

…O quş bu alovun üstünə uçub,

Yanmayan yarpağa qonacaq indi…

 

İlahi, göyləri göy varaq eylə…

 

İlahi, söz adlı daş-qaşı göndər,

Göndər ki, dəfinə bir şeir yazım.

İlahi, göyləri göy varaq eylə, -

Sənin şərəfinə bir şeir yazım…

 

Haqqım yox, özgə şey umum, İlahi, -

Sığal çək, gözümü yumum, İlahi.

Bu eşqə bir heykəl yonum, İlahi,

Bu eşqin nəfinə bir şeir yazım.

 

Bu yarpaq dirilmiş xəzəldi bəlkə?

Sevgi ayrılıqla gözəldi bəlkə?

Deyirəm bu dünya düzəldi bəlkə, -

Əyri tərəfinə bir şeir yazım…

 

Bu su da ətrafa boylanıb baxır…

 

Ay aman, deyəsən, his verirəm mən,-

Kim durar bu köhnə çırağın altda?

Gör səni harada yaxaladı dərd,

Özün yuxarıda, yarağın altda…

 

O yandırıb baxır, bu yanıb baxır,

Göy üzü yuxudan oyanıb baxır.

…O su da ətrafa boylanıb baxır,

Bir qızla öpüşür bulağın altda…

 

Bu dən-dən yağışlar yerdə göyərdi,

Dünyada nə varsa, dərdə göyərdi…

Bəlkə sözə dönüb bir də göyərdi,-

Basdırın şairi varağın altda…

 

Gördüm ki,

bir söyüd içini çəkir…

 

Haçandı canımdan durnalar uçur, -

Mənim ürəyimdə payızmış, Allah.

Hərdən bu dünyanı yadıma salan

Mənim unutduğum o qızmış, Allah.

 

Bu ömür karvanı köçünü çəkir,

Ölümdü - kəfənin ucunu çəkir.

…Gördüm ki, bir söyüd içini çəkir,

O da mənim kimi yalqızmış, Allah.

 

Hər gecə yuxuma baş çəkir adın,

Yanım, - bir az isin, üşüyən qadın!

…Çərpələng düzəltdim, göyə üçmadı, -

Bu ömür islanmış kağızmış, Allah…

 

Sənin adına şəhər

 

Mənim bu sevgimin bir şəhəri var,

Heç kim bu şəhərə çıxmasın şərik.

Mən sənin adına şəhər salmışam, -

Bir şəhər salmışam, - iki nəfərlik.

 

Hərdən ayrılıq da döyür qapımı,

İstəyir şəhəri ona tanıdım.

Mən sənin adına  şəhər salmışam,

Ürəyim - şəhərin baş meydanıdı…

Hardasan? - qayıt gəl öz şəhərinə,

Gəlməsən, küçələr məndən yan keçər.

Qala qapısıyam mən bu şəhərin,

Təkcə sənin adın qapıdan keçər.

 

Mən sənin adına şəhər salmışam,

Ad tapa bilmirəm küçələrinə.

Oturub şəhəri tumarlayıram, -

Saçını sərmisən gecələrinə…

 

Bu şəhər oturub dinləyir hər gün,

Çaytək küçələrdən axan səsini.

Mən sənin adına şəhər salmışam,

Bəzəyib dünyanın xəritəsini…

 

…Mənim bu sevgimin bir şəhəri var.

Heç kim bu şəhərə çıxmasın şərik.

Mən sənin adına şəhər salmışam, -

Bir şəhər salmışam - iki nəfərlik…

 

Bir şeirlik kitabım ol

 

Gəl mənim son şeirim ol,

bağlayaq bu kitabı.

Bir şeirlik kitabım ol,

Saxlayaq bu kitabı.

 

…Bir az mənə göz yaşı ver,-

Ağlayaq bu kitabı…

 

 

İlahi, nə gözəl ağlayır o qız…

 

Bu qəmə neynəsin o naşı gözəl?

Hardan tapıb belə nəqqaşı gözəl?!

Gözəl gözlərində göz yaşı gözəl, -

İlahi, nə gözəl ağlayır o qız.

 

O güllər içində bu gül birərdi,

Onun bildiyini gül nə bilərdi?!

İlahi, nə gözəl gülə bilərdi, -

İlahi, nə gözəl ağalyır o qız…

 

Oturdu ağlayır, durdu ağlayır,

Tökdüyü göz yaşı dürdü, - ağlayır…

Bəlkə itirdiyi yurdu ağlayır,-

İlahi, nə gözəl ağlayır o qız?!

 

O neynər bu boyda ahla, İlahi?

Qoşulub o qıza ağla, İlahi…

Yağan yağışları saxla, İlahi,

İlahi, nə gözəl ağlayır o qız…

 

Qaçasan üfüq boyunca…

 

Hamıdan çıxıb gedəsən,

Hamı səndən çıxıb gedə.

Sən gedəndə buludlar da.

Gözlərini sıxıb gedə…

 

Hamıdan çıxıb gedəsən,

Gedəsən çox uzaqlara.

Adamlara yem olunca,

Olasan - yalquzaqlara…

 

Götürəsən qələmini

 Son şeirinin varağından.

Quşun gözündən öpəsən,

Çiçəklərin yanağından…

 

Gedəsən batan günəşi,

Soraqlaya-soraqlaya.

Sən getdiyin yolu qucub

Bir gözəl qadın ağlaya…

 

Sığınasan o gözlərə,

O gözlər sirdaşın ola.

O qadının göz yaşları

Sənin yol yoldaşın ola…

 

Qaçasan bu qaranlıqdan,

Hardasa sabah gözünə.

Səni aparan yolların

Sonunda Allah görünə…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!