Get artıq, get artıq, get uzaqlara...
Özündən-özünə nə qoydun geri;
Bu ilıq fincanda qatıb-qarışdır
Aclığı, günəşi və ölümləri.
Görən, nə olacaq eşqimin sonu,
Yaxşı doldurursan yarımçıqları.
Sən ki, buraxmazsan taleyə bunu,
Qazax diyarında içərsən barı.
Ağlım da qavramır bu uzaqlığı,
Bəlkə yaza biləm yaddaşıma mən...
Sözlərə, evlərə, ya tanışlara
İnanıb, arxalan, ardında gizlən.
İlk dəfə, bu dəfə, yüz yol, hələ də
Küsüb, gələcəyi qınayırıq biz.
İnsan necə varsa, qalır elə də -
Bir qışqırıq kimi dünyaya gələn,
Bitməyən yollarla özünü yenən,
Əbədi zülmətdə əriyib itən...
Heyif ki, bunu gec anlayırıq biz!..
***
Leysan həyat verir bir döngədəki
Toz-duman içində sönən çiçəyə.
Əqrəblər belini sıxıb ortadan,
Onu bir rübaba bənzədən zaman;
Səkkizi sıfıra bölən qayçıtək -
Axşam da bu günü bölür ikiyə.
Gitara üstünə tökülən zülflər
Simlərlə bəzənmiş qrifə bənzər.
Əli yaylığını tumarlamaqda...
Kədər də içimi yeyir bayaqdan -
Çiyninə toxunum, yoxsa telinə.
Mənə nə qalacaq bundan savayı.
Yalnızıq burada. Talenin payı:
Əyri barmaqlıqlı məhbəs içində
Zülmətdən gözümə dikilən baxış,
Ortaq heç nəyimiz daha qalmamış...
***
Unutma sən heç zaman:
ləpədöyən və liman.
bu sərt havanın dəmi
xilas kəməri kimi...
Qağayılar qağıldar,
gəmilər göyə baxar.
Və uçuşan buludlar -
quşlartək qatar-qatar...
Bərabər ömrümüzün
bir parçası, bir izi.
Yaşasın ürəyində,
çırpınsın ürəyin də.
Dadlı istiridyələr
xırçıldasın ağızda,
qırçınlasın, böyüsün
çiçək kollarımız da,
dodaqlardan ehtiras
sənə ruh versin bir az.
Anlayasan bu sirri -
necə olur ləpələr
köpüklənib bir anda
sahilə toxunanda,
bir də şahə qalxaraq,
yayılır daraq-daraq...
***
Kənd yerində Allah heç də küncdə deyil
(Rişxəndçilər elə deyir), hər yandadır.
O, evləri, əşyaları aydınladır.
O qədərdir! - hər bir damın bacasında,
Yarı bölür evləri də, evsizlərin arasında.
Tökmə dəmir qazanlarda
Mərcimək də bişirir O,
Göz vuraraq varlığının şahidinə,
Odda həzin rəqs edir O.
Yeri gəlsə, divar hörür, hasar çəkir,
Bir qızı da ata kimi, ərə verir.
Ova çıxsa yoldanötən, öldürməkçün həvəsini,
Yayındırır gülləsini.
Nə qalacaq varlığına inanmayan ateistə -
Qulaq asıb kəndin payız nəğməsinə,
Olanları seyr etmək düşər yalnız beləsinə!
***
Noyabr günündə, yalnız çılpaq ağaclar
küləkdən qoruna bilərkən,
qalan hər nə varsa, titrəyərkən.
şüşələri batan günəşi
və kor ilahənin,
papiros kötüklərilə dolu olan tərəzisinə doğru
dəstəylə uçuşan göyərçinləri salamlayan qəsrin
sütunları arasında asta-asta dolaşıram.
Qədim saat vaxtı dəqiq göstərir.
Sular coşur və parkın üzərindəki buludlar,
nə etməli olduqlarını bilmədən,
günəşə yol verir, səhvən...
***
Təşəkkür etməyə gecikdik bir az,
hər şeyə - nədən ki, hədiyyə olmaz.
Sizlərdən birinə, bir gün, kiməsə,
ilk dəfəki kimi yenə gülümsə.
Ötən məhəbbət də qayıdar yenə,
amma əvvəlkitək gülməz üzünə.
Tanış küçələrdən keçib gedərkən
"əlvida, əlvida", - söyləyirəm mən.
aynalar titrəşir başımın üstdə,
ucalır uzaqdan gələn bu səs də,
sönür keçidlərdə yanan işıqlar.
Əlvida, ey eşqim, zəng et, xatırla!
Eləcə bir dəfə dön həmin yerə,
qıyıb gözlərini bax bu evlərə:
onların yanından gör neçə ildir
böyük bir izdiham şütüyüb gedir...
***
Öncə yuvarlandı boşluğa kətil,
Sonra - çarpayım.
Sonra mənim masam.
Özüm yıxmışam,
Boynuma alım.
Sonra dərslik getdi - o "Ana dili",
Sonra doğmalarla ailə şəkli,
Sonra isti soba, sonra dörd divar.
Qalan bir özüməm, bir də paltom var.
Əlvida, əzizim! Çıxart üzüyü,
Moda dərgisinə abunə ol sən.
Və bir də, kim tutsa mənim yerimi,
Onun sifətinə tüpür, istəsən!
Rus dilindən çevirdi: Afaq ŞIXLI (Şıxlinskaya)
Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!