Altmış yaşıma ön söz
Haradan başlamışdıq, hara gəldik, bilmirəm,
Nəyi apardı bizdən illərin qovğaları.
Göynədən xatirədi həm gənclik, həm uşaqlıq,
Tutub yaddaşımızın yükünü, yarı-yarı.
Arzumuz çox böyükdü, mənzilinə varmadıq,
Ehtiyacın əlində girov qaldı, ümidlər.
Mən getdiyim yerlərə nifrəti aparmadım,
Göz dikib səhərlərin qapısına, ümidlə.
Neçə dost gəldi, getdi, yolumuz haçalandı,
Hərə bir yanda düşdü nəfsinin girovuna.
Bəşər bir möcüzəymiş, ruhundan gen düşəndə,
Tamah üçün gedərmiş, insan insan ovuna.
Sən məni qovdun elə, əzablı sabahlara,
Əzablı axşamlarım duyğumla bir olmadı.
Mənə könül vermədi, mən sevdiyim gözəllər,
Məni sevənlərə də könlümdə yer olmadı.
Baxıram, yer üzündə Vətən boyda dərd qalıb,
Bilmirəm, nə deyəcək, bizdən sonra gələnlər.
Biganəlik hamını elə ovsunlayıb ki,
Başqa səmtə yürüyür, arzusu göydələnlər.
Heç vaxt əyilməmişdik, yad nəfəslər önündə,
İndi boyun bükürük, hənirti duyan kimi.
Niyə qoruyammadıq bu Vətən deyiləni
Analar öz bətnində bizi qoruyan kimi?
İki biçim söz dedik, söz nəyi dəyişdi ki,
Sözümüzü oxuyan, ayaqda yuxuladı.
Kimsə nəşə yerinə baxdı şeirlərimə,
Umduğum adamların biri də oxumadı.
Zaman elə əridi, üzü qüruba tərəf,
Seçib ayırammadım, dərdlərimin rəngini.
Ha doğruya yürüdüm, əllərim boşda qaldı,
Tutdu, tutanlar tutdu zamanın ahəngini.
Bir kənddə doğulmuşdum, yolları çiçək-çiçək,
Sevmişdim səhərini, sevmişdim axşamını.
Orda duyğu yığmışdım ilhamıma - bir ürək,
Şəhərdə tapammadım o duyğunun tamını.
Gəl, oturub dərdləşək, neçə borc yükümüz var,
Sənin yükün tərs gəlir bu odlu ürəyimlə.
Bəlkə təzədən başlayaq savaşların yolunu,
Bircə quru canım var, oynayırsan nəyimlə?
Oğluma məktub
Salam, gözəl oğlum, sabahın xeyir,
Sənə yurd-yuvadan çoxlu salam var.
Boyunu oxşayan, hər axşam-səhər,
Üzünü görməyə həsrət qalan var.
Havası necədir qərib ellərin? -
Könlün oralara uyuşa bilməz.
Batı adamları soyuqqanlıdı,
Sənin ürəyinə yığışa bilməz.
Orda xoş həyat var - özləri üçün,
Orda yaşamağın tamı başqadı.
Bu evin o evə kölgəsi düşməz,
Hamı buz ürəkdi, hamı başqadı.
Bircə tikələri qalmaz ortada,
Səninlə, mənimlə bölməzlər heç vaxt.
Onlar öləndirlər - özləri üçün,
Səninçün, mənimçün ölməzlər heç vaxt.
İllərdi dünyaya hakim olublar,
Alıblar hamıdan canı, ruzunu.
Neftə, qaza qatıb çırpışdırıblar
Mənim ümidimi, sənin arzunu.
Orda təbiətin min çaları var,
Amma çiçəyində bir qoxu yoxdu.
Orda anlamazlar yovşan ətrini,
O ətri duyası türk ruhu yoxdu.
Burda oturmuşuq sükut içində,
Vətən sınaqdadı, torpaq yağıda.
Adamlar nə vaxtdır yadırğayıblar
Bir şirin nəğməni oxumağı da.
Sən qərib ellərdə kiçik Vətənsən,
Dönməyə gününü sayırsan, oğul.
Hərdən bir anana məktub göndər ki,
Gözünü yollardan ayırsın, oğul.
Payız səni xatırladır, əzizim
Ümidimin yenə günü qaralıb,
Günlərimin dar macalı daralıb,
Duyğularım yarpağıtək saralıb,
Payız səni xatırladır, əzizim.
Gecələrin hönkürtü var içində,
Ömrüm-günüm uralanır, "biçində",
Durnaların həsrət dolu köçündən,
Payız səni xatırladır, əzizim.
Yay ötməmiş dağ başında duman var,
Çiçəyindən hələ neçə uman var,
Aramızda bir saralmış zaman var,
Payız səni xatırladır, əzizim.
Buludların tər içində atları,
Gör, nə vaxtsız "dingildədir" otları,
Ürəyimdə xatirədən qatları,
Payız səni xatırladır, əzizim.
Çiçəklərin olum-ölüm qorxusu,
Gözlərində daşa dönüb yuxusu,
Nəfəsində ayrılığın qoxusu,
Payız səni xatırladır, əzizim.
Çıxammıram həsrətinin əlindən,
Düşəmmirəm dərd dağının belindən,
Ləçəkləri səpələnən gülündən,
Payız səni xatırladır, əzizim.
Sevdan üçün keçdim ömrün başından,
Duz yaladım yanağımın yaşından,
Çaylaqların tənha qalan daşından,
Payız səni xatırladır, əzizim.
Payız məni xatırladır, əzizim.
Səndən uzaqda
Fikrimi bir yerə cəmləyəmmirəm,
Həyat nə ağırmış səndən uzaqda.
Dünyanın nə qədər qar-yağışı var,
Canıma yağırmış səndən uzaqda.
Yollar həsrətinə pərçimlənibmiş,
Buludlar qəmindən əlçimlənibmiş,
Dörd bir tərəfimə dərd çilənibmiş,
Ruhumu sağırmış səndən uzaqda.
Elə inanmışdım, xoş olan günə,
Duyğusu göylərə baş alan günə,
Çatmır boş əllərim, boşalan günə,
Hamısı nağılmış səndən uzaqda.
Bilmirəm, sonuna nə qalıb ömrün,
İşinə yaramır bu halım, ömrün,
Qapını kəsdirən qocalıq ömrüm
Yetimmiş, fağırmış səndən uzaqda.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!