İnandılar... Dənizin onları yox, balıqları sevdiyinə... - Malik Atilay - şeirlər

Gün batınca, gecə olunca...

Yumruq boyda kirpidi köksümdə daşıdığım

Ürək deyil, sanki.

Hər xatirən mismar kimi

Batmışdı ürəyimə bir zamanlar.

İndi səni unutmağa çalışdıqca

Qan açılır ürəyimi tərk edən ağrıların ayağından.

 

Gün batınca,

Gecə olunca,

Dolunca qədəhlər keçmiş qədər acı şərabla

Suallar qoşun-qoşun hücuma qalxır

Geri-geri qaçır əliyalın cavablar.

 

Niyə zamanında çıxıb getmədim

Hər səhər gördüyümüz dəli dilənçinin

Səsindəki yorğunluğa,

Dilindəki dualara, qarğışlara qoşulub?

 

Şəkər tozuna daraşan qarışqalartək

Sənsizlik apardı yuxumu uzaqlara.

Bilmədim günəş hardan doğdu,

Səhər necə açıldı.

Bayırda bu qədər ümid dolu işıqlar varkən

Bu kədərli qaranlıq yenə hardan doldu otaqlara?..

 

Səssiz üsyan

Sən gəlmədən işıq yanmaz evində

Soba tüstüləməz.

Soyuqdu deyərsən otaqlar,

Deməzsən

Gözləyənim yoxdu,

Adamsızdı evim.

 

Kirli pərdələr

Qadın əllərinə həsrət evlərin

Üsyan bayrağıdır.

Bu səssiz üsyanı basdırmaq üçün

Söküb pərdələri

Qəzet yapışdırarsan şüşələrə

Döyüşün bir ömürlük bitdiyinin elanı kimi...

 

Bəyaz boşluq

Əsgərlikdən gəlməsini,

Atasının son sözlərini,

İlk addımlarını oğlunun,

Arvadının ona sonuncu dəfə baxan nəmli gözlərini

Çıxardıb qol saatıyla birgə satdı,

Biləyində qaldı

Neçə-neçə dəqiqələrin bəyaz boşluğu,

Donmuş əqrəblərdə yaşandı saatlar,

Ovcunda

Həyatı kimi əzik-üzük manatlar.

 

Biz qocalarıq...

Zaman hər gün bir daş qoyub

Divar hörər aramıza.

Divar həsrətimizlə eyni yaşa çatar

Divar böyüyüb boya-başa çatar.

Biz qocalarıq

Yaşadığımız hər nə varsa

Ötüb keçən günlər kimi

Tərk edər bizi qatar-qatar...

Qısa ətəkli şəhərin şeiri

Qısa ətək geymiş ürkək qız kimi

Gecəni dartıb,

Əyninə oturtmağa çalışır şəhər...

Buralarda qısadı gecənin ömrü

Bir azdan öpüşməyə hazır sevgililərin

Dodaqları arasındakı məsafə qədər...

 

3 kadrda həyat

Dərsdən evə qaçaraq gəlib

Qapıda iki cüt ayaqqabı görən uşağın

Ürəyini sarırdı ailə istiliyi.

 

Küçədən gəlib

Çoxlu ayaqqabı görənə qədər bilməmişdi

Günlər sonra özünü aynada görəndən sonra öyrəndi

Anasının göz yaşlarında böyüdüyünü.

 

Bir sabah

Xəstəxanada tər içində oyandı

Yorğanının ayaq ucunun bir tərəfində boşluq,

Qapının ağzında qutu,

İçində bir tək ayaqqabı.

 

Qara qarlar

Sənə deyə bilmədim

Qara qarlar yağdı üstümə.

O gündən

Beli sınmış atlar kimi güllələdim arzularımı.

 

Sahilə düşdüm,

Siqaretlər yandırdım,

Şərablar içdim,

Qağayıları inandırdım...

İnandılar

Dənizin onları yox, balıqları sevdiyinə...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!