MƏNİ YAĞIŞDA SAXLA
Çıxaq enişə doğru,
Dur gəl yoxuşda saxla.
Aç könlünün qapısın
Məni çıxışda saxla.
Qışı bizə düşmədi,
Xoşu bizə düşmədi,
Yaşı bizə düşmədi,
Quru baxışda saxla.
O qədər xatirə var,
Gözlərimdi suvarar.
Yaz adımı divara
Torpaqda, daşda saxla.
Ocaq haqqı, od haqqı,
Çəmən haqqı, ot haqqı,
Ayır haqdan nahaqqı-
Ömürdə, yaşda saxla.
Üşüdü ki, bu ocaq,
Damlalar saçaq-saçaq.
İslanmışın yağışdan
Nə qorxusu olacaq,
Məni yağışda saxla.
Bilirsən söz adamıyam
Ay sinəmə dağ çəkənim,
Gəl məni düzlə aldatma.
Yoxsa sənə üz vermişəm,
Üzümü üzlə aldatma.
Donmuşam, yumşaq deyiləm,
Əyilmişəm, şax deyiləm,
Mən daha uşaq deyiləm,
Deyib də "gözlə" aldatma.
Dünyanın düz adamıyam,
Tanrının öz adamıyam.
Bilirsən söz adamıyam,
Sən məni sözlə aldatma.
Böyümədim, uşaq qaldım
Nə barışdım bu dünyayla,
Nə də bir yol küsdüm, anam.
Verdiyin ömrü varağa
Misra-misra düzdüm, anam.
Qaldım necə, öldüm necə,
Axırı gördüm heç-heçə.
Baxdım güzgüyə bir gecə
Öz-özümü süzdüm, anam.
Gün kimi qara-ağ qaldım,
Dərdin üzünə şax qaldım.
Böyümədim uşaq qaldım
O ki var uduzdum, anam.
Bircə qırıq şirin ola
Yan ötəsən doğmalardan,
Aran bir az sərin ola.
Kaş qayıda gedənlərin,
Nə ola üzübərin ola...
Nə gördü görmüş bu ömür,
Alnımda tərmiş bu ömür.
Sən demə zəhərmiş bu ömür
Bircə qırıq şirin ola.
Söz gələ, udub gedəsən,
Əl ola, tutub gedəsən.
Bir yolluq itib gedəsən
Sığınmağa yerin ola.
Divardan
Bu dərdi çəkməyə tərəzi yoxdu,
Çəkir ürəyimi izin divardan.
Belə darıxmağın əvəzi yoxdu,
Yazım sətirləri düzüm divardan.
Bu geniş həsrəti dar eləmədi,
Açdı gözlərimi kor eləmədi.
Şəklini asmağa yer eləmədi,
Qoy bir az inciyim, küsüm divardan.
Bu qəm də yetişdi, dərən tapılmır,
Uçuq evimizə girən tapılmır.
Səni məndən başqa görən tapılmır,
Niyə boylanırsan bizim divardan.
SUAL
Hələ nəyimi gördün,
Bu dünyada nəyimi?
Hansı sözümlə çalıb
Oxudun ürəyimi?
Qəlbində yatdı yoxsa,
Yorğun düşən hər varaq.
Ötən günümə baxdın?
Biri qara, biri ağ.
Bir söz soruşacaqdım,
Soruşammadım amma.
Şəklimə baxıb dedin:
Belə qəmli dayanma.
Hansı misra süzüldü
Ürəyindən, canından?
Qoydunmu nidaları
Ayrılığın yanından.
Qorudunmu bəndləri
Qapısından çöləcən.
Necə oxudun məni
Nöqtədən vergüləcən?
Bəlkə bu da bir işdi
Görüşmədik bir daha.
Necə dözüb dayandın
Suallar çəkən aha.
Hələ nəyimi gördün
Bu dünyada nəyimi?
Hansı sözümlə çalıb
Oxudun ürəyimi?
İNDİDƏN
O nakam nə yatdı nə yuxu görə
Bir yuxu görmüşdü yozun indidən.
Ağlağan şeirimin sətirlərindən
Gülümsər şəklini asım indidən.
Deyin biri yoxdu, biri var idi,
Yolunda boranı, qarı var idi.
Deyin cərgəmizdə yeri var idi,
Tutun qəlbinizdə yasın indidən.
Bir yığım istəyi solar heç olar,
Nə boyda arzusu gedər köç olar.
Ona nə desəniz sonra gec olar,
Ona nə yazırsız-yazın indidən.
NİZAMİYƏ HƏYAN GEDİR
Mərhum şair Bahadur Fərmanın xatirəsinə
Söz üstündə qərar tutub
Söz qədrin bilən şairlər.
İçindən yanıb qovrulub
Çölündə gülən şairlər.
Yaxşı duyub sonrasını,
Acısını, ağrısını,
Misra boyda daxmasının
Küncündə qalan şairlər.
Çıx dağına, daşına çıx,
Lap dünyanın başına çıx.
Söz ucundan başı açıq,
Ayağıyalın şairlər.
Qoydu, ümidi ac qoydu,
Sevdasın yalavac qoydu.
Kim başınıza tac qoydu
Divanə, dəli şairlər?
Əymədi qəddi dünyada,
Göz yumdu itdi dünyadan.
Kişi tək getdi dünyadan
Kişi tək gələn şairlər.
Bu dünyada oyun gedir,
Min dərdə qol-boyun gedir.
Nizamiyə həyan gedir
Gəncədə ölən şairlər.
MƏKTUB
Dəyişə bilmədi bu illər məni,
Elə həmənkiyəm, sadəlövh, fağır.
Xəbərin oldumu başına dönüm
Bir dərdə düşmüşəm özümdən ağır.
Sən getdin dünyada nələri gördüm,
Bir qız da doğmadın deyəm bacım var.
Nə pula, nə vara, nə də şöhrətə
Bircə can sözünə ehtiyacım var.
Kimsə yox qapımı özüm tək açan,
Sənsiz yaralarım bitişmir, Ana.
Bu kasıb komamda nəyim yoxdu ki,
Başımın sığalı çatışmır, Ana.
Boylandım gülümsər şəkillərimdən,
Üşüdüm, darıxdım, sıxıldım, Ana.
Hər kəsin dünyada bir düşməni var,
Mən özüm-özümdən yıxıldım, Ana.
Bu xəbər ox kimi bağrını dələr,
Çatlayar torpağı bürünər qəmə.
Bir dəfə ölmüşdü min dəfə ölər,
Xəstə olduğumu atama demə.
Mən də misra-misra qovrulum odda,
Həsrətdən ağaran saçını hörüm.
Ay Ana, yıxılım ayağın altda,
Qoy mən də cənnəti gözümlə görüm.
Dəyişə bilmədi bu illər məni,
Elə həmənkiyəm sadəlövh, fağır.
Xəbərin oldumu başına dönüm,
Bir dərdə düşmüşəm özümdən ağır.
19 FEVRALIN ŞEİRİ
Hansı gün doğuldum elə
O dad hanı, o tam hanı?
Gəlişimə qurban kəsən
Anam hanı, Atam hanı?
Hanı mənim o xoş çağım?
Hanı qırmızı yaylığım?
Hanı sınıq oyuncağım,
Hanı kövrək uşaqlığım?
Quş qanadlı ötdü günlər,
Şirin hanı, acı hanı?
Yarpağına söz yazdığım
Hanı tut ağacı, hanı?
Ürəyimdə bir sirr qalıb,
Qoy çağırım yarım gəlsin.
Çiling-ağac oynadığım
Uşaqlıq dostlarım gəlsin.
Gəlsin gözlərim önünə
Coşub qaynadığım günlər,
Bilməyib dünya beş gündü
Beşdaş oynadığım günlər.
Hansı gün doğuldum elə
O dad hanı, o tam hanı?
Gəlişimə qurban kəsən
Anam hanı, Atam hanı?
OLMADI
Hər gün aldadıram anamı Allah
Hər gün deyirəm ki, yaxşı olacaq
Ələmdar Cabbarlıya
Sən yaxşı bilirsən qardaş,
Kim-kimə qarşı olmadı.
Bəxtimizə gün düşmədi,
Payızı, qışı olmadı.
Sözün şaxdı, özün yiyə
Nə qaldı ki, nə deməyə?..
O tərəflərə getməyə
Dostun, sirdaşın olmadı?
Əridəcək yurd ananı,
Şeirinlə ovut ananı.
Bu il də aldat ananı,
Bu il də yaxşı olmadı...
Payızın yanında gözlərsən məni
Ay ömür, yarıda könül qıranım,
Payızın yanında gözlərsən məni.
Məni gözləməyə yer axtaranım,
Payızın yanında gözlərsən məni.
Yaraşmır bu Yerim, Göyüm əynimə,
Payız don biçdirsin geyim əynimə.
Payızın donunu geyim əynimə,
Payızın yanında gözlərsən məni.
Könlünü ovuda-ovuda gəlib,
Göylərdən yerlərə piyada gəlib.
Həmin o ünvana, o ada gəlib
Payızın yanında gözlərsən məni.
Qızılı əlindən tutub payızın
Küsəyən könlünə yatıb payızın.
Başını söhbətə qatıb payızın
Payızın yanında gözlərsən məni.
Ay ömür yarıda könül qıranım,
Sən gələn yollara çıxım, sarılım.
Məni gözləməyə yer axtaranım,
Payızın yanında gözlərsən məni.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!