Təki Günəşin küsməsin - Nuranə Nur - şeirlər

 

Məni axtardığın yerdə tapmasan,

Ağla, gözlərinin yaşına dönüm.

Yağış əvəzinə yalqızlıq yağır,

Bir az səbirli ol, başına dönüm.

 

Bir az yoxluğunda yaşayım səni,

Yenə misralara daşıyım səni.

Bomboş küçələrdə üşüyərsən, gəl

İsti divarına, daşına dönüm.

 

Gündüzün günlərə qarışıb itib,

Gecələr yuxunun gözündə bitib.

Bəlkə də, xəyalım yadından çıxıb,

Gəlim kirpiyinə, qaşına dönüm.

 

Demirəm həyatın, nəfəsin olum

Bir qurtum yaşamaq həvəsin olum.

"Bəlkə"ni əkənlər bitmir deyirlər,

Kaş ki, həyatının "kaş"ına dönüm.

 

Məni axtardığın yerdə tapmasan,

Ağla, gözlərinin yaşına dönüm.

Yağış əvəzinə yalqızlıq yağır,

Bir az səbirli ol, başına dönüm.

 

Təki Günəşin küsməsin

Bu il qorxa-qorxa çiçəklədi bahar da,

Ətrini ciyərlərinə çəkən olmadı.

Adamlar ciyərlərindən başladılar qəribsəməyə,

Ciyərlərindən darıxdılar gülümsəməyə.

Şəhərin üz-gözünü yuyur yağışları,

Küləyi  havasını dəyişir.

Küçələr tər-təmizdi...

Uşaqlıqdan adətimdir

Uzun- uzadı göylərə baxmaq

Buludlar çarəsizdi...

Bahar yalvarır parklara,

Ağaclara, adamlara...

Məni niyə tanımırsız?

Səni tanıyırıq, bahar,

Səni  sevirəm, şəhərim.

Gözəl günlərimiz olub səninlə

Mən də darıxmışam qucağında

ağladığım gülüşlərim üçün.

Min dəfə ağlatmısan, güldürmüsən,

Sevdirmisən, unutdurmusan.

Küsmüşük, barışmışıq.

Bir az sən də darıx bizim üçün,

Sən də bizi arzula.

Biz küsərik, barışarıq

Bunlar səni heç üzməsin,

Təki Günəşin parlasın,

Təki Günəşin küsməsin.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!