Sənin əllərinlə yazılan şeir
Necə bəxtəvərdi, necə bəxtiyar...
Əl çatıb, ünyetməz bir aləmi var.
Sevən könüllərdə tufan qoparar
Sənin əllərinlə yazılan şeir.
Şeirin də üzünə günəş doğarmış,
Şeirin də üstündə Allahı varmış.
Ürəkdən üzülüb, candan qoparmış
Sənin əllərinlə yazılan şeir.
Off... şeirin əlindən kimlər nə çəkdi
Hələ bir kimlər də nə çəkəcəkdir?
Sənin əllərinə su tökəcəkdir
Sənin əllərinlə yazılan şeir.
Haqdan nazil olub, haqqa varmaqda,
Ad ilə güllənsin, sevinsin haqq da.
...Özünə oxşayıb göyçək olmaqda
Sənin əllərinlə yazılan şeir.
50 yaşın şeiri
Bir sərsəm, havalı könül işidir -
Qoşa bir ömürün dəli şeirini.
Dağların dumanı qoynuna ala,
Oxşaya səhərin yeli şeirini.
Ağrı elə doğma, dərd elə şirin...
Hər yerdə, həmişə tutar bir-birin.
Torpağı yad əldə qalan şairin
Kim təpər gözünə ölü şeirini?!
Baxtından yarıyan ozan olurmu?
Ozan söyləyəni yozan olurmu?
Bitdi... daha bir də yazan olurmu -
Akif Səməd, Şaiq Vəli şeirini.
Mən sözün rəngində, səsində azdım,
Qələmin ucuynan gorumu qazdım.
Yazdım - ürəyimin qanıyla yazdım,
Bu əlli yaşımın əlli şeirini.
Get-gedə
Atilay üçün
Ehtiyacdandımı, ya yaşdandımı,
Azalır başımda ağıl get-gedə.
Mənim yaşadığım - cəhənnəm özü,
Bitir cənnət haqda nağıl get-gedə.
Gözümü açandan gözüm yaşdadı,
İşim əl-amanda, qaçhaqaçdadı.
Nə ki niyyətim var, zaman xışdadı,
Arzum uzaqlardan baxır get-gedə.
Dünyada qalası dünya malıdı,
Tanrı sevdasıdı, haqq amalıdı.
Oğul atasına oxşamalıdı, -
Sənə oxşayıram, oğul, get-gedə.
Qardaşlar
Haçandı küsüb-inciyən
İlhamım üzümə baxdı.
Şeir yazmaq istəmirdim,
Bir işdi əlimdən çıxdı -
Yazın ömrümə, qardaşlar.
Qanımı sümürüb içən
Fələklə öcüm çatmırsa,
Yetmirsə heç nəyə əlim,
Heç kimə gücüm çatmırsa
Kəsin ömrümü, qardaşlar.
Mən elə Allah bəndəsi,
Tanrının xəbəri olmaz.
Nə gəlir, qoy mənə gəlsin,
Kimsəyə xətəri olmaz...
Yazıq ömrümə, qardaşlar.
Gördünüzmü hardan gəlib,
Yol aldı hara güzarım?
Qazdığınız quyu var ha
Qoy olsun axır məzarım, -
Qazın ömrümə, qardaşlar.
Avtoportret
Bu adam sevmədi özünü,
Özgələrini sevdi, amma...
Ömründə bir xoş gün görmədi,
Əzablı günlər gördü, amma.
Başına uçuldu tikdiyi,
Fil çəkəmməyəndi çəkdiyi.
Tumurcuqlamadı əkdiyi,
Gül-çiçək açdı dərdi, amma...
Qaçmasa da bir yol sözündən,
Qaçdılar hər yerdə üzündən...
Qarışqa idi öz gözündə,
Başqaları bir divdi, amma.
Dözüb də hamının nazına,
"Hə" dedi hər şeyin azına.
Can deyib oğluna, qızına,
Çörək yox, ürək verdi, amma.
Bəlkə də, heç baxtlıq deyilmiş,
Bugünlük, sabahlıq deyilmiş.
Ölüb yaşamaqlıq deyilmiş,..
Bəlkə yaşayıb öldü, amma.
Bir azca
Mən adam acıyam, dostum,
Gəl səndən dadım bir azca.
Bir azca savab eləyib,
Günaha batım bir azca.
Nə mübarək camalın var,
Al, məni dünyamdan qopar.
Haman dərdlərimi qaytar,
Qurusun matım bir azca.
Gəl, yenə düşüm azara,
Mən azarlı üzüqara.
...Başımı qoşum başlara,
Başımı qatım bir azca.
Hər saz xalında, gülündə,
Hər kəs yurdunda, elində.
...Bir halal adam dilində
Çəkilsin adım, bir azca.
Günüdür
Səni gördüyümüz hər gün
Günlərin göyçək günüdür.
Sənin günün - sənin kimi
Hamını sevmək günüdür.
Yoğruldun şeirdən, sazdan,
Bir havalı xoş avazdan.
Alçaq könül, sevdalı can,
Bir dəli ürək günüdür.
Sözdən çələng hörə-hörə
Çiçək səpdin könüllərə.
Bu gün təkcə sənə görə
Dünyanın Çiçək günüdür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!