Günəşi vurmuşam şəfəqlərin yaxasına… əllərim bahar qoxur, həsrətim sən... - Gülsadə İbrahimli - şeirlər

SON

Məzar səssizliyi çöküb hər yerə

ölüm qapı-qapı gəzir hər yanı.

Hanı göylərin mütləq hakimi,

tutub yaxasından haqq-hesab etsin

dünyanı bu hala salan insanı.

Ey insan, doymadı iştahın, gözün,

Tanrıyla Tanrılıq etmək istədin.

Əlinlə gətirdin dünyanın sonun…

bir xaos, qarmaşa dönür beynimdə,

nələrin qədrini bilməmişik biz!!!

Azad küçələri qaytarın mənə,

mənim kainatım, mənim Yer kürəm,

bu gün sənin üçün dua edəcəm.

Bütün insanların adından Allah,

diz çöküb mən səndən əfv istəyəcəm:

«BAĞIŞLA BİZİ».

 

BİR QADIN VAR

Darıxmışam,

hər səhər pəncərəmdən bir ümid asıram

sərçələr dənləsin.

Günəşi vurmuşam şəfəqlərin yaxasına…

əllərim bahar qoxur,

həsrətim sən.

Südlü kofe dadındadır səsinlə açdığım sabahlar.

Sən, sən gözəl adam,

yaraşıqlı kişi,

neçə qadının həsrət yeridir gözlərin.

Əllərin həkim qədər şəfqətli,

saçlarında dəliqanlılığın şıltaq izləri.

Bir qadın var gözləri yolunda qarabalıq.

Bir qadın var,

baxışlarını yuyur pəncərədən yağışlar.

Bir qadın var,

sən istəsən sənə xətir 

bu dünyanı bağışlar.

MÜHARİBƏ  SEVGİLİLƏRİ

Müharibə sevgililəriydik biz.

Bir əlimizdə göyərçin - qanadı tütün qoxan.

Tanrının unutduğu planetin sakiniyik.

Asfalt üstdə bitən çiçək savaşıydı savaşımız.

Ölülərin son peşmanlığı qədərdi 

«kaşki»lərin ağırlığı.

Bir xaosun ortasındayıq DÜNYALIM,

ölüm qalerisində sərgilənir

qorxularımız.

Hər sabah badə qaldırırıq  günəşin şərəfinə

sağlamlıq adına.

İnsansız küçələrin,

kəfənsiz ölülərin

və bətninə çəkilən bir gəzəgənin son günahıyıq.

İnsanlıq adına sevən ən son 

olümlü bizdik... müharibə sevgililəriydik.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!