Gözləyəcəyəm səni
Nigaran qalma, get davaya, əsgər,
Gedən hər kəsin qayıtmadığı
Qanlı davaya.
Qayıtsan, burda olacağam.
Gözləyəcəyəm səni yaşıl qarağacların altında,
Gözləyəcəyəm səni çılpaq qarağacların altında,
Gözləyəcəyəm səni ən axırıncı əsgər qayıdana qədər.
Hətta ondan da sonra.
Davadan qayıtsan
Çəkmə görməyəcəksən qapının ağzında.
Yanımdakı balış boş
Dodaqlarım öpülməmiş olacaq.
Qayıtsan əgər, qayıtsan əgər
Hər şey qoyub getdiyim kimidir, deyə biləcəksən.
İt
Bağbanım dedi:
Bu it həm güclüdü, həm də ağıllı.
Bağı qorusun deyə alıblar.
Amma çox öyrəşdiriblər adamlara.
Görəsən, çörəyinin əvəzini necə verəcək indi?
Üç əsgərin nəğməsi
1.
Corc da ordaydı, Con da,
Freddi çavuş olmuşdu.
Ordu gücünü göstərmək üçün
Qərbə yola düşdü.
2.
Freddi dedi, viski istidir,
Corcun ədyalı yox idi.
Con tutdu onun qolundan,
Dedi: Heç əsgər andından dönər?
3.
Corc yaralandı, Freddi öldü,
Conun harda olduğu bilinmir.
Amma hələ də adamlar orduya çağırılır,
Qan hələ də axır qırmızı-qırmızı.
Tankınız güclüdür, yoldaş general
Tankınız güclüdür, yoldaş general,
Silib-süpürər bir meşəni,
Yüz adamı əzib keçər.
Amma bir çatışmazlığı var:
Sürən adam lazımdır.
Qırıcı təyyarəniz nə qədər güclüdür, yoldaş general,
Fırtınadan sürətli, fildən əzici.
Amma bir çatışmazlığı var:
Düzəltməyə usta lazımdır.
İnsan dediyimiz hər şeyi bacarır, yoldaş general,
Bacarır uçmağı da, öldürməyi də.
Amma bir çatışmazlığı var:
Düşünməyi də bacarır.
Yoxsul B.B. haqda
1.
Mən, Bertold Brext, qaranlıq meşələrdən gəlirəm,
Şəhərlərə gətirib anam məni
Hələ qarnında olanda. Meşələrin soyuğu
Ölüb gedənəcən soyudacaq içimi.
2.
Asfaltlı şəhər evim kimidir. Bəzənmişəm
Bacardığım qədər:
Qəzetlə, tütünlə, ucuz şərabla.
İnamsız, avara, amma xoşbəxt olmuşam.
3.
Adamlarla yaxşıdır aram. Başımdakı papaq
Onların başında qaldığı kimi qalır. Onlara baxıb
Deyirəm ki: Bunlar başqa cür iy verən heyvanlardır.
Nə olsun? - Sonra deyirəm, - mən də onlar kimiyəm onsuz da.
4.
Yelləncəkli kürsümdə otururam səhərlər
Yanımda bir neçə qadın.
Laqeydliklə baxıram onlara və deyirəm:
Mənə qətiyyən inanmayın.
5.
Axşamlarsa kişiləri yığıram ətrafıma.
Bir-birimizə “cənab” deyirik danışanda.
Ayaqlarını uzadırlar stolumun üstünə və deyirlər:
İşlər düzələcək! Mənsə soruşmuram: Haçan?
6.
Səhərə yaxın şehdən islanır şam ağacları,
Quşlar cəh-cəh vurur, böcəklər qıcırdaşır.
İçirəm qədəhimin dibində qalan şərabı, atıram ağzımdan
siqaret kötüyünü, yuxuya gedirəm narahat halda.
7.
Bizik yaşayanlar
Hamının möhkəm hesab elədiyi evlərdə.
(Bizik Manhetten adasında bu evləri tikənlər,
Atlantikin üstündəki nazik antenləri quraşdıranlar.)
8.
Bu şəhərlərdə qalacaq bircə küçələrdə at oynadan külək.
Evimizdə xoşbəxtik, amma haçansa çıxacağıq evimizdən.
Nə izimiz qalacaq, nə tozumuz.
Bizdən sonrakılar da heç nə danışa bilməyəcək haqqımızda.
9.
Ümid edirəm zəlzələ olsa,
Qəlyanımı söndürməli olmaram.
Anasının qarnında qaranlıq meşələrdən gəlmiş
Mən, Bertold Brext.
Çay qaynadanda qəzet oxumaq
Səhərin gözü açılmamış qəzetdən planlarını oxuyuram
Papanın, kralların, neft maqnatlarının, bankirlərin.
Bu biri gözüm
Su dolu qabdadı.
Bulanır su. Qaynamağa başlayır, sonra yenə durulur,
Daşıb qazı söndürür.
Təkər dəyişdirmək
Yol qırağında oturmuşam.
Sürücü təkəri dəyişdirir.
Sevmirəm gəldiyim yeri.
Sevmirəm getdiyim yeri.
Bəs onda nə üçün səbirsizliklə gözləyirəm
Təkərin dəyişdirilməyini?
ZƏİFLİKLƏR
Səndə heç yox idi,
Məndə biri vardı:
Sevmişdim...
Tərcümə: Həmid P.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!