Bir yaşılca vadi ola... - Rafiq Hümmət - şeirlər

Bu qədər

Məni hər gün asıb-kəsən adamlar,

Kölgəsindən tir-tir əsən adamlar,

Məndən uman, məndən küsən adamlar,

Dədənizdən umdunuzmu bu qədər?

 

Daş atdınız, kürəyimi qanatdı,

Ruhum yenə siz tərəfə can atdı.

Qarı düşmən üzünüzə qan atdı,

Heç üstünə cumdunuzmu bu qədər?

 

Sordunuzmu bircə dəfə halımı,

Kimlər vurub caladılar dolumu?

Nə zülümnən qoruyuram yolumu -

Siz o yoldan döndünüzmü bu qədər?..

 

Təzə söz deyəmmirəm

Təzə söz deyəmmirəm,

Köhnələr deyib gedib.

Allahı, peyğəmbəri

Dahilər öyüb gedib.

 

Tac ilə taxta çıxan,

Dırmanıb baxta çıxan,

Zamanla gəştə çıxan

Boynunu əyib gedib.

 

Göy əski düyləyənlər,

Bəd dua söyləyənlər,

Özgəni çeynəyənlər

Özünü yeyib gedib.

 

...Dünyaya bildir gəlib,

Və ya min ildir gəlib -

Nə qədər şair gəlib,

Bəxtini söyüb gedib.

 

Nağıl

Ax... Mən oyananda gün-günortaydı -

Pusquda duranlar sonuncu payı,

Sonuncu tikəni aparmışdılar;

Uzadıb gecəni, söndürüb Ayı,

Qayığı, yelkəni aparmışdılar.

 

Ax... Gör mən kimlərə bel bağlamışdım -

Tək-tənha qalmışdım ləpədöyəndə;

Dəli bir qışqırıq vardı içimdə:

Bu yalın ayaqla payi-piyadə

Ac-susuz haraya, necə köçüm bə?..

 

Ax... Qumsuz sahildə axşam düşürdü,

Göydə Tanrı idi, Yerdə mən idim,

Arxam qayalıqdı, önüm okean...

Ruhum hönkürürdü, pıçıldayırdı:

“Sona bülbüllər”i oxu... oxu, yan!..

 

Ax... Mən ulayırdım, oxumurdum ki,

Sən demə, Tanrıya layla çalırmış

Üzümdə nəqş olan hüznün görkəmi.

...Dərya ortasında nazlı bir gəmi

Üzürdü sahilə açıb yelkəni.

 

...İllər ötüb keçdi...

Öz gəmim ilə,

Özümün öz bəyaz yelkənim ilə

Bir səfər eylədim həmin sahilə;

Mənim son tikəmlə adam olanlar,

Mənim qayığımla gəmi alanlar

Sahildə lüt-üryan ulayırdılar...

Bir yaşılca vadi ola

Bir yaşılca vadi ola,

Çayı da lap sakit axa.

Susub özündən gedəsən,

Göy üzünə baxa-baxa.

 

Eləcə göyə baxasan,

Çayın səsi layla çala.

Ehtirasın ölüb gedə,

Nəfsin kiçilə, alçala.

 

Anadangəlmə soyunub,

Yarpaq geyəsən əyninə.

Çəkinmədən uçub qona

Quşlar hər iki çiyninə.

 

“A” deyəsən - Allah gülə,

“E” deyəsən - eşqin gələ,

Bir yaşılca vadi ola -

Oxuyasan ölə-ölə...

 

Yadındamı...

Yadındamı, mən canımı

            sənə fəda eylədim,

Sənin dərdini teylədim,

            öz dərdimi əylədim.

A zavallı, açıq söylə,

            söylə, sənə neylədim,

Söylə, sənə neylədim ki,

            Yalıncığa döndün sən?

 

Yadındamı, bir ahına

            min dəfə ah çəkərdim,

Günah sənin ola-ola

            mən də günah çəkərdim.

Sənin o donux rəsmini pozub,

            Allah çəkərdim,

Əngin səmalar var ikən,

            niyə yerə endin sən?

 

Yadındamı, sənin üçün

            qızıl alma gəzirdim,

Kölgəsində dincəlməyə

            bir cüt palma gəzirdim.

Nə biləydim, sən özünə

            o vaxt çalma gəzirdin,

O çalmanı örtən kimi

            ular-ular dindin sən.

 

Özünə bax, sözünə bax,

            sonra da özgəyə bax,

Hərənin öz siması var:

            türkə bax, ləzgiyə bax.

Biri haqda söz deyəndə

            öncə dön güzgüyə bax,

O kəsdiyin budaq söylər

            ona necə mindin sən...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!