Yay da gələcək həmişəki kimi...Soyuqdan qoruyacaq bizi - gedəcək bu soyuq... - Xuraman Hüseynzadə - şeirlər

Pandemiya günlərinin şeirləri

Evi sevək...

Bu da bir həyatdır, yaşayırıq,
Niyə belə oldu?
Bilmirik,
heç nə bilmirik...
Arzuolunmaz qonaq kimi gəlir günlər,
gedəcəklər bir gün,
gedəcəklər...
Dünya bu dərdin əlində
həmişə aciz qalmayacaq ki?
Qoruyaq özümüzü,
qoruyaq ki
başqaları da qorunsun.
Evdən heç yana getməyək,
evi sevək,
evi...

 

Dünya evimiz

Dünya bizim evimizdir
sanki dünyanın qapılarını bağlayıblar,
"Burda qalın" deyirlər,
evdən çıxmağımızı istəmirlər....
Çöldə bizi xəstəlik gözləyir
ölüm gözləyir
Səbrli olaq
Sevək dünya evimizi
Bu da keçər bir gün
darıxmayaq...

 

Soyuq aprel

Soyuq bir aprel yaşayırıq
sanki bahar yox,
qış yenidən gəlib
göydən yağış, qar yerinə
dərd yağdırmaqçün...
Otlar cücərməyb,
ağaclar çiçək açmağa qorxur bu bahar...
Soyuq bir aprel dayanıb qarşımızda
həmişə yolunu gözlədiyimiz baharın
indi getməsini istəyirik.
Yay da gələcək
həmişəki kimi...
Soyuqdan qoruyacaq bizi
gedəcək bu soyuq,
özü ilə dərd gətirən
bahar...

Göydən düşən almalar

Çətinlik çəkdi,
işsizliyə, aclığa
rast gəldi insanlar
dünya ölümlə üz-üzə,
göz-gözə qaldı.
Virusa yoluxanlar,
ölənlər
hər gün artdı...
Qiyamət günü də dedilər buna
insanların ağlına gəlməyənlər başına gəldi...
Bu da bir nağıl idi, yaşadıq.
Bu nağılın sonunda
göydən düşmək üçün yetişəcək
üç alma...
Yetişəcək

tezliklə bitəcək nağıl da.
Daha bu nağılı danışmayacağıq,
heç vaxt
danışmayacağıq...

 

Laylalar, nağıllar...

Nənələr layla deyəcək,

Babalar nağıl danışacaq

Al-əlvan paltarlar toxuyacaq nənələr

Yer qazacaq, əkin əkəcək babalar...

Ağsaqqalsız, ağbirçəksiz olmasın evlər

“Koronavirus” adlı bəla

Uzaq olsun onlardan

Uzaq olsun hamımızdan

Getsin,

Gəlməsin bir də.

Qoşulsun bizi qorxutduğu günlərə,

getsin,

Gedən günlər kimi qayıtmasın.

Nənələr layla desin, babalar nağıl danışsın...

Tənha Bakı

Bu da bir həyat idi, yaşadıq

Getmədik evdən heç yana...

Evlər doldu adamla

Küçələr qaldı kimsəsiz

Bakı da tənha olarmış...

Nələr keçdi Bakının ürəyindən,

Nələr düşündü Bakı, görəsən?

Pandemiya üzündən

Bakı da baş-başa qaldı öz dərdləri ilə...

Hacı Zeynalabdin Tağıyevin ruhu gördümü

Bakının Xəzərlə baş-başa qalmağını?

Mikayıl Müşfiqin, Qara Qarayevin ruhları gördümü

Bakının tənhalığını?

Səttar Bəhlulzadənin ruhu

sızladımı Bakını belə görüncə?

Həyatda olsaydı tənha Bakının rəsmini çəkərdi yəqin...

Ürəyi Bakı ilə döyünənlər,

“O olmasın, bu olsun”un, “Bizim Cəbiş müəllim”in və başqa

filmlərin, tamaşaların

çəkildiyi Bakı küçələri kimsəsiz qaldı...

Bu dərd də gedər,

Adamlar yenə dolaşar Bakı küçələrini,

Yenə dənizi seyr edər,

qağayılara çörək atar adamlar,

Bakı unudar tənhalığını...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!