Qatarla uçmaqdan yorulan durna... - Arif Abdullazadənin şeirləri

Arif Abdullazadə - 80 Şair, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Arif Abdullazadənin 80 illik yubileyi münasibəti ilə şeirlərindən ibarət “Qatarla uçmaqdan yorulan durna” adlı kitabı işıq üzü görüb. Kitabın tərtibçisi şairin yaradıcılığının tədqiqatçısı Pakizə Əliyevadır.. Kitab “Mücrü” nəşriyyatında çapdan çıxıb. Kitabdakı şeirlərdən “Ədəbiyyat qəzeti”nin oxucuları üçün təqdim edirik.

Bilməyəcək bu dünya

Bu dünyanın çölü dolu, içi boş,

bu dünayanın içindən də çölü xoş,

istəyirsən zar-zar ağla,

istəyirsən çağla-coş,

dünya sənin olmayacaq, igidim.

 

Bu dünyanın havası bol, suyu bol,

bu dünyanın yollarında quyu bol,

istəyirsən suya qarış,

istəyirsən göyə dol,

dünya sənlə dolmayacaq, igidim.

 

Bu dünyada yamanlığın sonu yox,

əyriliyin düz dünyaya yönü yox,

istəyirsən meşələr yax,

istəyirsən dağı yıx,

dünya yenə solmayacaq, igidim.

 

Bu dünyanı qarış-qarış gəzəsən,

həyatını zər-zibayla bəzəsən,

istəyirsən doxsana çıx,

istəyirsən yüzə sən,

dünya sənsiz ölməyəcək, igidim.

 

Bu dünyada bir dünyalıq olmasan,

zaman olub zamanına dolmasan,

istəyirsən ərşə bağır,

istəyirsən oda yan,

dünya bunu bilməyəcək, igidim.

1986

 

Dərd bir olsa...

Səhərin arzunla bir oyansa da,

Zəfər bayrağıtək al boyansa da,

Gündüzün günəşlə qoşa yansa da,

Bir şey tapacaqsan dərd eləməyə.

 

Axşamın evinə nurla dolsa da,

Qucağın naməhrəm sirlə dolsa da,

Qanında bir qaynar qan durulsa da,

Bir şey tapacaqsan dərd eləməyə.

 

Gecənin qoynundan günəş axsa da,

Yuxuna göylərdən ulduz yağsa da,

Səadət gözünə qonub baxsa da,

Bir şey tapacaqsan dərd eləməyə.

 

Ərzin gur çayları kürləşsə belə,

Qəlbinə kainat yerləşsə belə,

Bütün Türk dünyası birləşsə belə,

Nəsə tapacaqsan dərd eləməyə.

 

Ey tale önündə balaca Arif,

Ey adı özündən çox uca Arif,

Ey uşaq, ey cavan, ey qoca Arif,

Sən bir şey taparsan dərd eləməyə.                     

          1992

 

Dönmək həvəsi

Elə bezmişəm ki, mən bu dünyadan,

bir də bu dünyaya dönməyim gəlir.

Onunla üz-üzə, göz-gözə durub,

son dəfə ucadan dinməyim gəlir.

 

Axı nə əkdim ki, nə də bitirəm,

boşluqdan asılıb, göydən bitirəm,

ömrə başlamamış gördüm bitirəm,

bir təzə taleyə enməyim gəlir.

 

Dünyaya nə verdim, nə də aparam,

ona nə yapdım ki, nə də qoparam,

dönsəm, öz yolumdan izmi taparam,

bu izə quş kimi sinməyim gəlir.

 

Bu zərrə nədənsə qopan qanaddı,

özünü səmada yoxdan yaratdı,

indi cilovunu itirmiş atdı,

atılıb belinə minməyim gəlir.

 

Elə bezmişəm ki, mən bu dünyadan,

ona bir də dönüb başdan-binadan,

keçirib ömrümü bu lal röyadan,

sonra həmişəlik sönməyim gəlir.   

         1968

Əsrin uşağı

Əsrimizin bu anında,

zamanın bu məqamında

bir uşaqdan soruşdular:

Nə olmaq istəyirsən?

Həkim, alim, mühəndis,

müəllim, usta, yolçəkən?

Baxışları

üfüqlərin göztutmaz

uzağında,

nəfəsi

göydən yerə

sel kimi axıb gələn

dumanlı dalğaların

qarışıq sazağında

uşaq

ağlından böyük

qatılaşmış səsilə,

sinəsindən

parça-parça axıb gələn

bir ixtiyar nəfəsilə,

sözlərində bir sitəm,

kəlmə-kəlmə dilləndi:

Sağ

qalmaq

istəyirəm.                      

          1987

 

Qənaətlər

Ən saf çeşmə

Saf ürəkdən qaynayan

adi insan gözüdür,

Dünyanın ən böyük yalanı

elə dünyanın özüdür.

Ən böyük sərvət

Sevdiyi bir baxışdan

Zərrə-zərrə süzülüb

Təkcə sənin ürəyinə tökülən

Tükənməz arzudur, həvəsdir,

Ən yaxın dost

Milyon insan içində

Təkcə sənə güvənən,

Səni arayan kəsdir.

Bəşərin ən böyük kəşfi

inan, çoxdan olub,

Insanın ən böyük ixtirası

elə insan olub.

Ən uğurlu tale

qismətdən doğub,

Ən tükənməz həvəs

heyrətdən doğub.

Ən xoşbəxt adam

Hələ öz sağlığında 

görülüb tapılandır,

Ən bədbəxt adam

Hələ öz sağlığında

unudulub atılandır.

Dünyanın ən böyük həqiqəti

hələ dilinin ucundadır.

Ən dəhşətli tənhalıq

insan seli içindədir.                 

             1990

Çoxluqda yoxluq

Çox işıq insanı tez kor eyləyər,

çox uca ağaclar tez-tez baş əyər.

Dünyada hər zərrə həddə bağlıdır,

çoxluqdan çox zaman yoxluq törəyər.

Sözün çoxluğunda məna dar olar,

gur axan sular da hər vaxt durulmaz,

ağlın çoxluğundan dəlilik törər,

onu da hər yerdə sınamaq olmaz.

Yağışın çoxluğu sellər gətirər,

günəş bolluğunun sonu quraqlıq.

Arzusu çox olan az ömür sürər,

ömür çoxluğunun sonu – uşaqlıq.

Gözün çox böyüyü çox zəif görər,

meşənin qalını qaranlıq olar.

Dünyadan çox uman çox da itirər,

bol gələn nəşələr bir anlıq olar.

Ömrünü sərvətə xərcləyənlərin

son anda tapdığı öz yoxluğudu,

əvvəli arzulu, xəyallı, şirin,

sonu yad qisməti – pul çoxluğunun.

Ən yaxşı xasiyyət xoş qılıqdı ki,

onun da çoxluğu yaltaqlıq olur,

ən böyük var-dövlət azadlıqdı ki,

onun da hədsizi şıltaqlıq olur.

Müqəddəs sayılan bir günah işin

çoxluğu ayaqlar arı-isməti,

həddini adlayan xeyirxah işin

üzgörənlik olur axır qisməti.

Bir həyat, yaşansa, ömrün bəsidir,

çoxluq var olmayıb hələ heç kəsə,

ömrün hər dönüşü qıl körpüsüdür,

cəmi bir addım var yaxşıdan pisə.                       

         1984

 “Qatarla uçmaqdan yorulan durna” kitabından təqdim etdi: Pakizə Əliyeva

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!