“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! Mənə sığınacaq ver”... - Söhrab Sipehri - şeirlər

 

XX əsr  fars poeziyasının ünlü simalarından sayılan Söhrab Sipehri 1928-ci ildə Kaşanda doğulub. Tehran Universiteti incəsənət fakültəsinin rəssamlıq bölməsini bitirib. Şairin «Rəngin ölümü» adlı ilk şeirlər məcmuəsi 1951-ci ildə işıq üzü görüb. Rəssam kimi Tehranda keçirilən bir neçə sərgidə iştirak etməklə yanaşı 1953-cü ildə «Yuxuların həyatı» adlı ikinci şeir kitabını nəşr etdirib. Ardınca rəssamlıq təhsilini artırmaq üçün Parisə və Tokioya yollanan S.Sipehri ölkəsinə qayıtdıqdan sonra müxtəlif işlərdə çalışıb, o cümlədən rəssamlıqdan dərs deyib.

1961-ci ildə dövlət işlərindən uzaqlaşaraq özünü bütünlüklə yaradıcılığa həsr edib. İranda və xaricdə fərdi sərgiləri nümayiş etdirilib. Çoxsaylı səfərlərə çıxaraq Avropa və Amerikanı, Hindistanı, Pakistanı, Əfqanıstanı gəzib. 1965-66-cı illərdə çap etdirdiyi «Suyun ayaq səsi» və «Müsafir» poemaları böyük şöhrət qazanıb. Daha sonra onun «Yaşıl həcm» və «Biz heçik, biz - baxış» adlı kitabları nəşr olunub.

Şair 1980-ci ilin yanvarında qan xərçəngindən müalicə olunmaq üçün İngiltərəyə gedib və bir ay sonra vətəninə qayıdıb. Həmin ilin aprel ayında Tehran xəstəxanalarından birində vəfat edib. 2010-cu ildə ilk dəfə olaraq Azərbaycanda bu sətirlərin müəllifinin tərcüməsində “Suyun ayaq səsi” toplusu işıq üzü görüb. “Ədəbiyyat qəzeti”nin oxucularına Söhrab Sipehridən etdiyimiz yeni poetik tərcümələri təqdim edirik.

Tərcüməçidən

İlğım

Günəşin yaxdığı çöllü-biyaban!

Onda nə çəmənlik, nə bir ağac var.

Səssizlik bürüyüb bütün hər yanı,

Yalnız qarıldaşır hərdən quzğunlar.

 

Arxa tərəfində toz pərdəsinin,

Uzaqdan titrəyir qara bir nöqtə.

Əgər yaxınlaşsan, görəcəksən ki,

Bir insan yol ölçür sakit, ahəstə.

 

Üstünə-başına çöküb toz, torpaq,

Yorğunluq içində gedir o yolu.

Boğazı bir udum suya təşnədir,

Yalın ayaqları tikanla dolu.

 

Gedir addım-addım üfüqə sarı

Gözünə görünür dalğalı dəniz.

Bir az da irəli gedib, düşünür:

Yəqin yuxu görüb birdən, xəbərsiz. 

 

Əhvalat

Hayqırır dəniz.

Sahil sakit, kimsəsiz.

Görünmür dənizdə qara bir ləkə

ki, gələndə yaxına

qayıq ola bəlkə.

 

Sahildə qalıb

üstünə gecə çökmüş bir qayıq,

vücudu qaranlıq içində

kədərli görünür azacıq.

Bir kimsə yox ki, gəlib

atsın onu suya.

Və bu zaman hər dalğa

qulağa gizlicə nəsə söyləyir guya.

Kükrəyən bir dalğa da uzaqdan çapıb atını

gəlir, danışır bizə

tufanlı bir gecənin əhvalatını.

 

Balıqçı getmişdi o gecə çağı

ki, tutsun dənizdən

xəyalında bəslədiyi balığı.

 

O gecənin səhəri

dənizdə bir dalğa

başqa dalğaya çırpılmayanda,

balıqçılar suyun üzərində

rast gəldilər bir qayığa:

dodağında əvvəlki gecənin acı hadisəsindən bir xəbər.

Və onu yuxulu sahilə çəkdilər -

indi olduğu yerə.

Həmin kədərli anında

yerində və onun yanında

hayqırır dəniz.

Və uzaqdan o dalğa çapıb atını

özünü yetirir, nəql edir bizə

o tufanlı gecənin

uzun olmayan əhvalatını.

 

İtmiş sərhəd

İşığın kökü quruyub töküldü.

Və səs fəzanın əyri-üyrü yolu ilə gedirdi.

Bir sərhədi keçmişdi,

itmiş sərhədi axtarırdı.

Yekə bir dağ baxışını kəsdi.

Səs özünü itirdi

və dağın ətəyindən yapışdı:

“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! Mənə sığınacaq ver”.

Dağ ağır yuxuya getmişdi.

Yuxusu rabitəsiz idi.

Səs biganəlik qoxusunu duyub

geri qayıtdı,

fəzanı özündən keçirib

gecənin görünməz bir küncündə yerə yıxıldı.

 

Dağ ağır yuxuya getmişdi.

Çox keçdi,

yuxusu buxarlandı.

İtmiş bir əks-səda damarlarına işlədi:

“Mənə sığınacaq ver, ey yeganə tanış sərhəd! Mənə sığınacaq ver”.

Acı bir yanğı vücudunu bürüdü.

Günahkar yuxusuna qarğış elədi

və baxışını yola saldı.

 

Bir intizar titrəməkdə idi.

Bir baxış yolda qalmışdı

və bir səs təklikdə ağlayırdı.

 

Qarşılaşma

Yerə bir nur endi:

İki ayaq izi gördüm səhranın qumları üzərində.

Hardan gəlmişdi?

Hara gedirdi?

Yalnız iki ayaq izi görünürdü.

Bəlkə də səhvən yerə ayaq basmışdı.

 

Birdən izlər yola düşdülər.

İşıq da onlarla bərabər sürünürdü.

İzlər gözdən itdilər,

özümü qarşıdan seyr etdim:

Bir çuxur ölümlə dolmuşdu.

Və mən ölmüş bədənimdə yola düşdüm.

Ayaq səslərimi uzaqdan eşidirdim,

bəlkə də bir səhradan keçirdim.

İtmiş bir intizar mənimlə idi.

Birdən cəsədimə bir nur endi

və mən bir iztirab içində dirildim:

İki ayaq izi varlığımı doldurdu.

Hardan gəlmişdi?

Hara gedirdi?

Yalnız iki ayaq izi görünürdü.

Bəlkə də səhvən yerə ayaq basmışdı.

Tamaşa surəsi

And olsun tamaşaya

və sözün başlanğıcına

və xəyaldan göyərçinin uçuşuna,

bir kəlmə qəfəsdədir.

 

Sözlərim bir parça çəmənlik tək aydın idi.

Mən onlara dedim:

Evinizin astanasında bir Günəş var,

əgər qapını açsanız, sizin davranışınıza işıq saçar.

 

Və onlara dedim:

Daş dağın bəzəyi deyil,

necə ki, dəmir də zinət deyil külüngün bədəninə.

Yerin ovcunda görünməz bir gövhər var ki,

onun parıltısından bütün peyğəmbərlərin gözü qamaşıb.

Gövhəri axtarın.

Onları peyğəmbərlik otlağına aparın.

 

Və mən onlara müjdəsini verdim qasidin addım səsinin,

günün yaxınlaşmasının, rəngin çoxalmasının,

qızılgülün əks-sədasının,

            kobud sözlərin belinin bükülməsinin.

 

Və onlara dedim:

Kim taxtanın yaddaşında bir bağı görsə,

onun surəti əbədi şövq meşəsinin təravətində qalacaq.

Kim göydəki quşla dostlaşsa,

yuxusu dünyanın ən rahat yuxusu olacaq.

Kim zamanın dırnağından nur yığsa,

pəncərələrin düyününü ahla açacaq.

 

Bir söyüdün altında idik.

Başımın üstündəki budaqdan bir yarpaq dərib dedim:

Gözünüzü açın, bundan yaxşı əlamət istəyirsiniz?

Eşitdim ki, bir-birlərinə deyirlər:

Sehrbazlıq bacarır, sehrbazlıq!

 

Hər dağın başında bir peyğəmbər gördülər,

inkar buludunu çiyinlərinə atdılar.

Küləyi nazil etdik ki,

papaqlarını başlarından çıxartsın.

Evləri payızgülü ilə dolu idi,

gözlərini bağladıq.

Əllərini ağıl budağına çatdırmadıq.

Ciblərini adətlə doldurduq.

Yuxularını aynaların səfərinin səsi ilə pozduq.

 

Vaxtın işıqlı vərəqi

İşığın hücumundan qapının şüşələri titrəyir.

Səhər açıldı, Günəş gəldi.

Çayı içdik stolun çəmənliyi üzərində.

 

Saat doqquzda bulud gəldi, məhəccər islandı.

Mənim kiçik anlarım ərik gülünün altında gizlənmişdi.

Bir gəlincik yağışın arxasında idi.

 

Buludlar getdi.

Təmiz bir hava, bir sərçə, bir uçuş.

Düşmənlərim hardadır?

Düşünürdüm:

Ətirşahların hüzurunda ədavət əriyəcək.

 

Qapını açdım: səmanın bir parçası

            mənim su stəkanıma düşdü.

Suyu səma ilə birgə içdim.

Mənim kiçik anlarım gümüş yuxu görürdü.

Mən kitabımı açdım vaxtın görünməyən tavanı altında.

 

Günorta gəldi.

Çörəyin ətri süfrənin

Günəşindən gülün cisminin idrakına qədər səfər edirdi.

İdrak çəməni yaşıllaşmışdı.

 

Əlim varlığın təbii rənglərində üzməyə başladı:

Bir portağalın qabığını soyurdum.

Şəhər aynada görünürdü.

Dostlarım hardadır?

Günləri narıncı olsun!

 

Şüşənin arxasında istədiyin qədər gecə.

Otağımda barmaqlarımın zirvəyə toxunmasının

            əks-sədası,

Otağımda miqyasın azalmasının səsi.

Mənim kiçik anlarım ulduzları düşünürdülər.

 

Yuxu gözlərimin üstündə bir şeylər qururdu:

Bir açıq fəza, nəğmə qumları, dostun ayaq izləri...

Fars dilindən tərcümə edəni: Məsiağa Məhəmmədi

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!