Əsməraydan türkülər...

 

1949-cu il fevral ayının 25-də İstanbulda süd kimi bəmbəyaz bir ananın və gecə kimi simsiyah bir atanın bir qızı oldu. Uşaq atasına çəkmişdi - şokolad rəngində və Ay kimi işıl-işıl. Mamaça dedi:

- Bu qız adını da özü ilə gətirib - əsmər Ay, yəni, Əsməray.

Əsmərayın diqqətçəkən bir xüsusiyyəti də vardı: “inqə”ləri son dərəcə qeyri-adi və məlahətli idi. Musiqiçi olan valideynləri, xatirə olsun deyə, onun “inqə”lərini maqnitofon lentinə yazdılar.

Əsməray 1960-cı ildə, on bir yaşında ikən İstanbul şəhər Teatrının uşaq bölməsində ilk dəfə səhnəyə çıxır, sonra Dormen teatrında “Dünən gecə yolda komik bir şey oldu” tamaşasında oynayır və 1974-cü ildə birdən-birə teatrdan ayrılır və kino sənətinə maraq göstərir, “Sev, qardaşım” və “Zilli Nəzifə” filmlərində çəkilir. Çox keçmir ki, sənətin bu növündə də darıxır və müğənni olur. Əsasən, eşq-məhəbbət və əsgər nəğmələri oxuyur və dinləyicilərin qəlbini, sözün həqiqi mənasında, əfsunlayır.

Onu kimi “Şokolad qız”, kimi “Beşinci okean”, kimi də “Altıncı qitə” adlandırır.

Əsməray az, lap az yaşayıb: 53 il. Ölümündən əvvəl maqnitofon lentinə yazılmış “inqə”lərini dinləyib və gülümsəyə-gülümsəyə deyib:

- Bu mənim oxuduğum ən gözəl mahnıdır.

DİLSUZ

Yəmən türküsü

Havada bulud yox,

                         bu nə dumandı,

Obada ölən yox,

  bu nə fəğandı,

Ah, Yəmən elləri

                        yaman, yamandı,

 

Anam, Yəməndir,

Yolu çəməndir,

Gedənlər gəlmir,

Görən nədəndir,

Əcəb, nədəndir?

 

Qışlanın önündə

                        əsgər səsi var,

Baxın çantasında,

                        baxın nəsi var,

Bir cüt çəkməsiylə

                        bir də fəsi var...

 

Buralar Muştur,

Yolu yoxuşdur.

Gedənlər gəlmir,

Görən nə işdir,

Əcəb, nə işdir?

 

Davullar çalınır,

düyünmü sandın.

Ağ-yaşıl bayrağı

gəlinmi sandın,

Yəmənə gedənlər

                        gələrmi sandın...

 

Yəmən, Yəmən, şanlı Yəmən,

Yəmən, Yəmən, qanlı Yəmən,

Bizdə igid qoymadın,

Yedin, yedin, doymadın...

 

Bu qədər ürəkdən çağırma məni

Bu qədər ürəkdən çağırma məni,

Bir gecə qəflətən gələ bilərəm.

Görərəm, yatmamış, uyumamışsan,

Sevincdən qapında ölə bilərəm.

 

Bəlkə də həyata təzə başlaram,

İçimdə küllənən qor alov alır.

İstəsən getmərəm, kölən olaram,

Bəlkə də sevərsən məni, kim bilir.

 

Qal desən, dağlarca sevərəm səni,

Bir dəniz olaram ayaqlarında.

Eşq - bu, həsrət - bu, heç bəlli olmaz,

Qalxıb dayanaram dodaqlarında.

 

Ya da unudaram kim olduğumu,

Yadıma salmaram adımı belə.

Bəlkə də çıldırıb, dəli olaram

Sənə qovuşmanın həyəcanıyla.

 

Eşq - bu, həsrətindən ölə bilərəm,

Nə saxlar yolundan, söylə, sevəni.

Bir gecə qəflətən gələ bilərəm,

Bu qədər ürəkdən çağırma məni.

 

Xına gecəsi

Yaşıl budaqlarda bülbülmü ötər,

Naləsi, fəğanı aləmə yetər,

Mənim çəkdiklərim ölümdən betər,

Anam, qızın gəlin oldu,

Sənin idi, elin oldu.

 

Əlimin xınasın al eyləmişlər,

Gözümün sürməsin bol eyləmişlər.

Məni sevmədiyimə qul eyləmişlər,

Anam, qızın gəlin oldu,

Sənin idi, elin oldu.

 

Mənim məmləkətim

Havasına,

suyuna,

daşına,

torpağına,

Min can fəda bir tək dostuna,

Hər köşəsi cənnətim,

kükrər, coşar qəlbim,

Bir başqadır mənim məmləkətim.

 

Anadolum bir yanda,

                        igid yaşar qoynunda,

Aşıqlar dastan yazar dağlarda.

Quzusuna, qurduna,

                        Yunusuna, Əmrahına,

Bütün aləm qurban mənim yurduma.

 

Məcnununa, Leylasına, erişilməz sirrinə,

Dost arasan, ver könlünü Mövlanaya -

Yenidən doğuldum deyərsən,

                        dərya olub gedərsən,

Bir başqadır mənim məmləkətim.

 

Cəsur, igid... səhər-axşam

                        türkü söylər çobanı.

Zəngin, kasıb - hamısı da sevdalı...

Mən könlümü əylərim,

                        gerisi Allah kərim,

Bir başqadır mənim məmləkətim.

 

Unutma məni

Boğazında düyünlənən

                          hıçqırıq olum,

Unutma məni, unutma məni.

Gözündən damlayan

                        göz yaşın olum,

Unutma məni, unutma məni.

 

Kölgən kimi addım-addım,

Hər sözündə mənim adım...

Mən  necə ki, unutmadım,

Sən də

unutma məni, unutma məni.

 

Bitmək bilməz

     qaranlıq gecələr boyunca

Unutma məni, unutma məni.

Ayrılığın acısını

                        qəlbində duyunca

Unutma məni, unutma məni.

 

Sevişərkən, öpüşərkən,

Yalqız-yalqız dolaşarkən,

Unutmağa çalışarkən

Unutma məni, unutma məni.

 

Can Mehmedim

Dərdli-dərdli axma pınar,

Bilməm için niyə sızlar?

Can Mehmedim gedirsə -

Vətən borcu var.

 

Dəli-dəli əsmə rüzgar,

Bilməm sənin nəyin var?

Can Mehmedim gedirsə -

Vətən borcu var.

 

Minlərlə könül qovuşub,

                              bir ürək olur,

O ürək şahlanıb,

           bir mehmed olur,

O mehmedcik

            uyumaz bir vətən olur...

 

Ürkə-ürkə qaçma ceyran,

Vətənimə eşqim qurban -

Nə önəmi var...

Can Mehmedim gedirsə -

Bir görəvi var.

 

Nazlı-nazlı ötmə durna,

Vallah, sənin bir sevdan var.

Can Mehmedim gedirsə -

Vətən borcu var.

 

Minlərlə könül qovuşub,

                              bir ürək olur,

O ürək şahlanıb,

          bir mehmed olur,

O mehmetcik

            uyumaz bir vətən olur...

Qars türküsü

Mən səni sevmişdim bir ilk baharda,

Sən məni tərk etdin boranda, qarda.

Hər yara sağalır unudulanda,

Sağalmır yarası ilk məhəbbətin.

Mən səni hər zaman araram, yar,

Eşqindən od tutub, yanaram, yar.

Açdın ürəyimdə dərin yaralar

Yamanmış cəfası ilk məhəbbətin.

 

Döydü qapımızı hicranın əli,

Dəymədi əlimə cananın əli.

Bu dərdə neyləsin loğmanın əli

Bumudur vəfası ilk məhəbbətin.

 

Unudulur

Unudulmaz demə, demə,

Unudulur, unudulur.

Bitişir ən dərin yara,

Ağrısı da unudulur.

 

Bir röyadır, gələr keçər,

Hər eşq bitər, xəyal olur.

Unudulmaz demə günlər,

Unudulur, unudulur.

 

Bu həyat belədir, dostum,

Yaşanan gün keçmiş olur.

Ən dəyərli xatirələr

Bir gün gəlir, unudulur.

 

Ən acı dərmandır illər,

Sən dursan da, dünya dönür.

Qəlbini yandıran yanğı

Yavaş-yavaş külə dönür.

 

Bir röyadır gələr, keçər,

Hər eşq bitər, xəyal olur.

Unudulmaz demə günlər,

Unudulur, unudulur.

 

Nə qədər sevmişdim səni,

Ölürdüm “öl” dediyin yerdə.

Gözlərimdən bulaq kimi

Axıb gedən yaşlar harda?

 

Bir röyadır, gələr, keçər,

Hər eşq bitər, xəyal olur.

Unudulmaz demə günlər,

Unudulur, unudulur.

 

Bu həyat belədir, dostum,

Yaşanan gün keçmiş olur.

Ən dəyərli xatirələr

Bir gün gəlir, unudulur.

 

Yollar, yollar

Yollar uzar, uzar gedər,

Yola düşən qərib nə der?

Bu yol, əcəb, harda bitər,

A Leyli, a Leyli...

 

Yolların yoxdur amanı,

Yolçudan sorma zamanı.

Damarında donar qanı,

A Leyli, a Leyli...

 

Sevdiyim ağlımdan getməz,

Bu qəhrə ürək yetməz.

Ömür bitər, yollar bitməz,

A Leyli, a Leyli...

 

Yol var, çiçəkdəndi üzü,

Yol var, qarı örtür dizi,

Yollar ayırdı bizi,

A Leyli, a Leyli...

 

Yollar aşar üfüqlərdən,

Yaxınlardan, uzaqlardan.

Bir xəbər yoxdu yardan,

A Leyli, a Leyli...

 

Baxa-baxa yollara

Adım düşdü dillərə,

Gedirəm qürbət ellərə

A Leyli, a Leyli...

 

Hardasan

Hardasan?

Kim bilir, indi hardasan?

Bəlkə çox, çox uzaqlardasan...

 

Kim bilir,

           bəlkə də

      başqa əllər var əlində,

Kim bilir,

bəlkə də

     bambaşqa bir şərqi var dilində.

 

Qovuşmaq - röya kimi,

Həsrət - qanayan yara.

Təsəlli kar etməz

Sevdiyindən ayrılanlara

 

Getsin günlər,

Getsin aylar,

Getsin illər

   birər-birər,

                        qovuşmursa sevgililər,

                        yaşamaq nə dəyər...

Gəl təzkərə

Gəl təzkərə, gəl təzkərə, bitsin bu möhnət,

Evdə atan, anan, bacın, üzünə həsrət,

Yolunu gözləyən yarın üzünə həsrət...

 

Bir il oldu, davul-zurna ilə yola saldıq səni,

Otağın baş tərəfindən asdıq köhnə şəklini.

Qəm yemə, yaş olsa da, quruyar gözlərim,

Vətən borcu, namus borcu deyib gözlərəm.

 

Gəl təzkərə, gəl təzkərə, bitsin bu möhnət,

Evdə atan, anan, bacın üzünə həsrət,

Yolunu gözləyən yarın üzünə həsrət...

 

Məktub gəldi, salamın var yaşlı atana,

Bacı, qardaş, əmi, dayı, bir də anana.

Qoca öküz, sarı dana yaddan çıxmamış,

Məktubunda söz etmədiyin tək yarın qalmış...

 

Gəl təzkərə, gəl təzkərə, bitsin bu möhnət,

Evdə atan, anan, bacın üzünə həsrət,

Yolunu gözləyən yarın üzünə həsrət...

 

Çeşmələrdə, bağçalarda adın oxunur,

Oxunduqca ürəyimə xəncər soxulur,

Səni anmaq günah deyil

                        qırx köynək uzaq ellərə,

Söyləyəməm mən dərdimi özümə belə...

Gəl təzkərə, gəl təzkərə, bitsin bu möhnət,

Evdə atan, anan, bacın üzünə həsrət,

Yolunu gözləyən yarın üzünə həsrət...

 

Bax, sevgilim, bahar gəldi, çiçəklər bitdi,

Əkdiyim əkinlər boy atıb, dizinə çatdı.

Əlimə yaxdığım xına qeyb oldu getdi,

Bitsin artıq bu ayrılıq, canıma yetdi...

 

Gəl təzkərə, gəl təzkərə, bitsin bu möhnət,

Evdə atan, anan, bacın üzünə həsrət,

Yolunu gözləyən yarın üzünə həsrət...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!