Salam
Adi bir sözdü salam,
bax ki, hikməti çoxdu.
Salam qədər müqəddəs
ikinci bir söz yoxdu.
Sən özünə salam verirsən
hər dəfə bağır basanda.
Hikmətini anlayırsan
salama ehtiramla
qulaq asanda.
Salam dilin dövlətidir,
ürəyin də varı.
Salam açardı,
qapı kimi açır adamları.
Salamın sehrindən
qaça bilmir heç kəs.
Duz-çörək unudulandı,
Salamla haqq-hesab kəs.
Tanrının min adından
biridir, deyirlər.
Sözün bitdiyi yerdə
sözün özünə
salam söyləyirlər.
Salam olsun
məni sayanlara
və saymayanlara.
Salam mərhəmət bağışlayır
sözün hər üzünə
uymayanlara.
Tanrı haqqı
Tanrı göz yaşı tökür
mənim ad günümə.
Ürəyimdə qalan arzularıma
su çiləyir.
Bu yağan yağış,
bu əsən külək,
bu guruldayan ildırım
dil açıb danışır,
görən mənə nə diləyir.
Tanrı bilir,
mən ömrüm boyu yanmışam,
Haqqın,
ədalətin keşiyində dayanmışam.
Ocaq olmuşam,
köz olmuşam,
mən mənə möhtaclara
göz olmuşam.
Həmişə hamıya ürəyim yanıb,
bəzən özgələr üçün yaşamışam.
Çiynimdə bir elin yükünü daşımışam.
Tanrı bilir,
arzularıma su səpməyə dəyər
bu payız öncəsi.
Hər kəsi yaşadır
və yaşadacaq
onun məfkurəsi
və düşüncəsi.
Mən daş doğulmamışam,
münbit torpağam,
həmişə qoynumda
gözəlliklər becərmişəm.
Mən elə bir bitkiyəm,
daş üstünə düşən
toxum kimi cücərmişəm.
Yox, Tanrı göz yaşı tökmür
bu qismətə,
sevincdən ağlayır.
Ana öz övladının uğuruna
sevindiyi kimi sevinir,
Ana öz övladına güvəndiyi kimi
mənə bel bağlayır.
Nə yaxşı ki, belə yaşadım,
Nə yaxşı ki, sözə bəndəm..
Tanrı söz ilə yaradıb hər şeyi,
ucaldıqca
Tanrının yaratdığı sözə ucaldım,
Nə yaxşı ki,
enəndə də
Tanrının xoşladığı
sözə endim.
Yağ, ağ yağış,
yağ, yu fikirlərimi,
Söz yuyulanda təmizə çıxır.
Söz yaratmaq Tanrının işidi,
mən söz Tanrısı olmağa tələsirəm,
Tanrı da mənim sözümçün darıxır!
Ad günü olan dostuma
Səninçün doğma olan gün
beləcə ötdü,
Gündüz gəlib keçdi yanından,
həsrətlə gözlədiyin gecə ötdü.
Bu da doğum gününün sevinci,
yaşadın,
içindəki ağrıları
kimsə görmədi.
Tanrı səni gözəl yaratdı,
gözəl bəxt vermədi.
Həsrət dolu baxışların
dil açıb danışdı
yarımçıq həyat hekayəsini.
Bu gün,
elə bu gün
oturub saatlarla dinlədin
qəlbinin səsini.
Bu qədər təbriklərin içində
ürəyini açan söz axtarırsan.
Sənə zillənən baxışların arasında
Qəlbini titrədən göz axtarırsan.
Amma özün də yaxşı bilirsən,
Ötənlər geri dönməyəcək.
Səni qoyub,
Mələk kimi uçub gedən
o Mələk adamın ruhu
göylərdən yerə enməyəcək.
Bu ağır həqiqəti alıb gözlərinə
işıq saçacaqsan.
Bundan sonra
hər doğum günündə
o ruhu yaşadan
xatirələrə
qucaq açacaqsan!
Sözün vicdanı
İstəmirəm
təkcə şair olub qalam,
İstəyirəm
alaçıq və təpə adamların
üstündə dayansın
mənim söz Qalam.
Kimsəni sözə qısqanmıram,
sözü qısqanıram
söz qədri bilməyənlərə,
sözə əsa kimi dirənib duranlara,
canlı meyidə dönüb
vaxtında ölməyənlərə.
Şeir ilə bitmir dünyanın işi,
şeirin işini bitirir,
Şairə dünyanı güldürür zaman,
beynindən yeyir,
qəlbindən vurur,
cibindən öldürür zaman.
Bağışlasın şeir məni,
adam kimi yaşamaq istəyirəm...
İstəmirəm ömrüm boyu sözlə oynayam,
təkcə şair olub qalam,
Sonra sözü günahkar tutam
söz qədri bilməyənlərin yanında
və boynuna haqq qoyub oturam
sözün vicdanında...
Kül
Sən köz idin,
ovcuma aldım,
Ürəyin soyudu,
əllərimdə xatirələrin iz saldı,
yana-yana qaldım.
İndi sən ömrünün
buz dövrünü yaşayırsan,
Mən isə kül olmuşam,
Soyuq adamların içində
isti ömür sürməkdən
yorulmuşam.
Mən sənin özünəm,
dirinəm sənin,
ölünəm sənin.
Bu sirri açma
yarına, yoldaşına.
Mən öz külünəm sənin,
gəl, ovucla,
tök öz başına.
Güvənc
Mənim qanadlarım var,
sən görmürsən,
Görsən də
fikir vermirsən.
Mən hərdən uçuram,
amma aşkara
qanad açmıram.
Heç kimdən qaçmıram.
Bilirsən, qanadlarımı
dostlarımdan gizləyirəm.
Düşmənlərimdən qorxmuram ki,
zərbəni dostlarımdan gözləyirəm.
Qorxuram, qırarlar məni,
Ehtiyat etdiklərim yox,
güvəndiklərim
sındırarlar məni.
Üstün
Özünü məndən üstün tutan dostum,
Sənə sarı dartınmıram,
en adamların sırasına.
Demirəm, mənə baş əy,
Ya da sındır özünü,
Deyirəm,
dön adamların sırasına.
Sən özünü dartdıqca
Dartınıb gedirsən uzağa,
Özündən uzaq düşürsən.
Uçmursan,
qaçmırsan,
yerişin də dəyişib,
Qollarını açıb
buz üstündə sürüşürsən.
Nə qədər ki, soyuqsan,
işlərin yaxşı gedir,
Soyuq havalar
sənə buza dönməyi öyrədir.
Havaların qızmağı var, dostum,
dön geri,
isti ürəklərə qayıt,
Buzlar əriyəndə
səni sellər-sular almasın.
Soyuq üzünü görənlər,
soyuq sözünü yeyənlər
arxanca baxa-baxa qalmasın
En adamların sırasına,
Adam olmağın vaxtıdır,
sonra gec olar.
Yükünü çəkənlər dağılıb gedər,
öz yükünü çəkmək
özünə güc olar.
Dalğa
Gərək ətirlənəydin?
Elə beləcə
su çiçəyinə dönsəydin,
bəsim idin.
Ləçəklərin öpdüyü ləpəyəm,
sən mənim suya qarışıb
nəğmə oxuyan səsim idin.
Bir eşq dalğası gəldi,
səni mənim qoynuma atdı.
Ləçəklərin töküldü,
külək dayandı,
səni də,
məni də
yolub-yoluşduran dalğa yatdı.
Hələ də bilmirsən,
hansı divin yuxusundan gəlirsən,
hansı dinə ibadət edib,
hansı şeytana daş atırsan!
İndi yıxıl yat,
yat görüm, necə yatırsan?!
Döyülməyən qapı
Döyülməyən qapını külək döyər,
küləyə dönümmü indi?
Mən döyülə-döyülə gəlirəm,
növbə sənindi:
Ya küləyə dön,
ya da qapı ol,
açım səni.
İçindəki fikirlərə süpürgə çəkim,
öz əlindən götürüb qaçım səni.
Qorxma, küləyə vermərəm,
mən adi külək deyiləm,
qapılar açsam da,
açıq qapıdan girmərəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!