YAZIB TULLADIM SUYA
Yazıb tulladım suya,
Bütün arzularımı.
Bir az torpaq, bir az ot,
Tütün arzularımı.
Önündə diz çökərək,
Dalınca ah çəkərək.
Eylədim göyə dirək,
Sütun, arzularımı.
Çəkdim onu ah kimi,
Son günah kimi yudum.
Sonra da sərib günə,
Yarpaq-yarpaq qurutdum..
Yetim arzularımı..
UÇQUN
Bu gecə uçqun kimidi,
Qar altda kim qalacaq..
Gözümdən asdığın dərd,
Gözlərini tutacaq.
Çəkəcək dara səni,
Bu yersiz cəsarətin
Gözündən töküləcək,
Əlimin hərarəti.
Varmı bir özgə bahar,
Bir də gələ ömrünə.?
Arılar yığışacaq,
Sevginin şirəsinə.
Daha gecdi, yığış get,
At özünü gecədən.
Bir yeni yol başlayaq,
Tamam başqa küçədən...
ŞEİR YAZIRAM
Yığılıb odama şeir yazıram,
Uçulmuş o dama şeir yazıram..
Ünvansız adama şeir yazıram...
Başını buraxdım şairliyimin!..
Yağış səpələdi olacaqları,
İçib durulandı sərv ağacları..
Sayı yox kimsəsiz duracaqların...
Başını buraxdım şairliyimin..!
Getsin, hara gedir getsin.., öz işi...
Zamanə dəyişib, dövran dəyişib..,
Daha bu gədə də sözə ilişir..,
Başını buraxdım şairliyimin!..
ATILMIŞ UŞAQLAR
Yatar, anasını görər yuxuda,
Oyanar özünü tək görər uşaq.
Oynar buludların ətəklərilə,
Yorulub Allaha söykənər uşaq.
Bir nənə qucağı- sığınacağı,
Sağ ikən anaya həsrət böyüyər.
Balaca qəlbində tumurcuq tutub,
Bütün atalara nifrət böyüyər.
Bütün ağrıları yenər içində,
Xoşbəxtlik haqqında nağıl uydurar.
Səsi dəyən yerdən sınar yuxusu,
Qalxıb dəli kimi qaçar qapıya..
Özüylə oğurluq tale gəzdirər,
Üstündə bir barmaq sənəd tapılmaz.
Ömründən taqataq qatarlar keçər,
Amma bir qatarla anası gəlməz...
Alar əllərindən çərpələngini,
Zamandan zamana atar küləklər.
Hərdən tellərini öpüb, oxşayıb,
Hərdən də dağıdıb qaçar küləklər.
İşin ağırına verər çiynini,
Kədəri dişinə sıxıb böyüyər.
Analı dünyanın qolları üstə,
Özünü təzədən doğub böyüyər..
Yatar anasını görər yuxuda,
Oyanıb özünü tək görər uşaq.
Oynar buludların ətəklərilə,
Yorulub Allaha söykənər uşaq..
GEDİB BİR DƏ TAPINACAM İSAYA
Sən-bütün arzularımın ən yaxşısı,
Sən-gördüyüm yuxuların çin olmayanı.
Sən-siqaret tüstüsü, şərab qoxusu,
Sən-sərab qorxusu, səhra dumanı...
Dolu vuran tərəfisən yerimin,
Külək döyən tərəfisən göyümün.
Sən çoxaltdın elə dərdi-sərimi,
Sən taladın nəyi vardı öyümün...
Gedib bir də tapınacam İsaya,
Bir də başdan oxuyacam Quranı...
Sən hələ də tutulmayan oğrusan,
Mən hələ də haqq gözləyən divana...
Gedim görüm kim ölübdü, kim qalıb,
Gedim yığım kül altında nəyim var.
Öyünürdüm, ilahinin altında,
Mənim də bir baş salmağa öyüm var..
Deyirlər ki, damın damır sənin də,
Dözə bilmir, çat-çat olub divarlar.
Tavanından güman yerin üzülür,
Boş canını çəkə bilmir avarlar.
Burum-burum tüstü olub çıxarsan
Bu bacasız, bu ocaqsız öyündən...
Bir də haçan bar gətirə bu ürək,
Bir də nə vaxt tənha könül sevinə...
HEYİF, QUŞ OLMADIQ
Adamlara yuva qurmağı,
quşlara uçmağı öyrətdik..
adamlar uçmağa həris...
Ağaclar yarpaq-yarpaq seyrəlir,
dünya adam-adam azalır..
belə gəlir payız...
Dam-dam uçub dağıldı bu kənd,
küçə-küçə yıxıldı..,
səssiz, küysüz..
Dava-dava oyunuyla başladıq
müharibələri,
oyuncaq güllələrdən öldü
uşaqlığımız..
Sevdik, qınandıq..
Anlaşılmadıq.
Heyif,
bu dünyada quş olmadıq..
POSTİNSAN
Aparır çiynində günahlar bizi,
Nə Tanrı yazanıq, nə şeytan yazan.
Suçumuz rəngbərəng, günahımız bol,
Yoxdu bir məlakə özünü öyə.
Daşınır bir yerdən başqa bir yerə,
Cismdi, bədəndi, könüldü, ruhdu.
Eh, nə deyirsən de, a qəlbi kövrək,
Yenə bir yaranın yamağı yoxdu...
Uduzur dünyaya lap bəri başdan,
Çalışır dağ üstə dağ qoya insan.
Bomboz səhralarda qum təpəsidi,
Dağların yanında daş, qaya İnsan..!
Alın əllərindən iddiaları,
Özündən nə qalır yerdə bir görək.
Əlinə bir sevgi fırçası verin,
Dünya sülh rənginə boyana bəlkə.
Edam kötüyünə çəkin pisliyi,
Asın xəyanəti dar ağacından.
Qoy həsəd, paxıllıq baxıb utansın,
Göylərin altından, yerin qatından.
Səpin könüllərə toxumlarını,
Hər qəlbdə yaxşılıq, qayğı göyərsin
Bir əli ulduzda, bir əli Ayda,
Bir əli səmadan Günəşi dərsin..
Açılsın qəlblərin qara qutusu,
Hər kəsin savabı, suçu bilinsin.
Məğribdən Məşriqə uzanan yolun,
Sarvanı bilinsin, köçü bilinsin...
Təzə gün başlasın təzə həvəslə,
Dünyanın əşrəfi seçilən İnsan!..
Bir əli Günəşdə, bir əli Ayda,
Başı göy üzünə ucalan İnsan!...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!