Poeziyanın hər üzü... - Fərid Hüseyn yazır

Azad Yaşarın şeirləri haqqında

Çağdaş Azərbaycan şeirinin maraqlı, özünəməxsus şairlərindən biri də Azad Yaşardır. Bugünkü poeziyamızda ironik dil, şeirdə qoyulan məsələləri fərqli yöndən mənalandırmaq, əksər mövzuları poetik mətləbə çevirə bilmək kimi vacib üstünlüklərini o, öz yaradıcılığında reallaşdıra bilib. Onun şeirlərinin yazılma tarixçələrinə baxanda 1981, 1982, 1985 və sair illəri görüb təəccübləndim. Çünki o şeirlərdə səslənən fikirlər, deyim tərzi, poetik mətləb, fərqli üslub o dövr üçün çox böyük yenilik sayıla bilər. Bugünkü şeirə dünənin təsir imkanlarını göstərən, eyni zamanda aktuallığını qorumuş mətnlərdir. Düşünürəm ki, yazıldığı illərdə həmin şeirlər ədəbi mətbuata yol tapsaydı, məncə, indiki şeirimizin istiqaməti bir qədər fərqli olardı, yaxud  o tipli yaradıcılığa atılan daşlar çoxdan ədəbi mühitdə "üyüdülüb yoxa çıxmışdı".

Dəyişim imkanı

Çağdaş şeir oxucuya versiyalar verən, ideyalarını səninlə də bölüşən şeirdir. Ancaq ötən əsrdə bu məsələ şeirdə özünü tam doğrultmurdu. Ötən əsrin şeirinə yaradıcı insanlarda belə bir münasibət vardı: Bir sözün yerini dəyişmək olmaz. Amma indi qətiyyən belə deyil, ədəbiyyat adamları bu ədəbi həqiqətin puçluğunu, bicalığını çoxdan anlayıb. Ona görə də artıq romanlardan rahatca səhifə-səhifə çıxarırlar (mahiyyətə toxunmamaq şərti ilə), dramların yersiz dialoqlarını kəsirlər, şeirlərdə isə sözün yerini asanlıqla dəyişirlər, yaxud bir şeirin variasiyasını başqa bir şair yaradır. Edip Cansevər "Şeirdə artıqlıqlar" məqaləsində bu məsələyə toxunub. O, fikrini belə izah edir ki, o şeirə toxunmaq olmaz, bir sözünü də dəyişmək olmaz ki, onlar artıq beyinlərdə qəlibləşiblər, eyni qafiyələr o qədər işlənib ki, qulağımız "zaman" sözünü eşidən kimi, "məkan "sözünü gözləyir. Yaxud bülbül adı çəkilən kimi, gülün obrazı doğulur beynimizdə. Yəni oxucunu qəliblərə alışdıran şeirdə sözün yerini dəyişmək olmaz, amma yeni şeirdə, öyrəşmədiyimiz ahəngdəki poeziyada sözün yerini də dəyişmək olar, duyğusallığı parodiyaya da döndərmək mümkündür və yaxud sözü əl qısmadan hansısa misraları silmək də çətin deyil. Yəni şeir həm formaca, həm məzmunca azaddır, şeir özünü yaradıb özünü məhv etmək kəsərinə də sahibdir. "Və sözlər arasındakı bağlılığı qaçılmaz etməkdənsə, o rabitəni bir vasitəyə çevirməyin" tərəfindədir çağdaş şeir. Azad Yaşarın şeirlərində həmin genişlik, özünü su üstünə çıxarıb lazım gələndə dibə batıran rahatlıq da müşahidə edilir:

Yaşamın sonu ölümdür,

Hamı

bunu bilərək yaşayır.

Elə isə niyə yaşayır, -

Bir halda ki, yaşamın sonu ölümdür.

 

Nəğmənin sonu sükutdur,

hamı bunu bilir,

və hər kəs öz nəğməsini oxuyur.

Kimi kədərli, kimi şən.

Elə isə niyə oxuyur -

Bir halda ki... Yox!..

 

Nə olsun ki, nəğmənin sonu sükutdur,

nə olsun ki, yaşamın sonu ölümdür, -

hələ ki sağıq

gəlin, yaşam nəğməsini oxuyalım

ölümə qarşı,

sükuta qarşı.

Edib Cansevər sonra fikrinə bir örnək verir: "Yəhya Kamal bir-birindən gözəl misralar yazır, amma o misralar divar kimi qarşımızı kəsir. "Mohaç türküsü" şeirini oxuyuruq, amma müharibədən bəhs etsə də, müharibəni şeirdə görə bilmirik. Çünki Yəhya Kamal mənini göstərməkdənsə, şeiri qurur. "Duydumsa da zevk almadım Islav kederinden" yazanda öz kədərini gizlədib ənənəvi şeirin mövqeyini qoyur ortaya. Məncə, artıqlıq budur, həm də bütöv şeirin artıqlığı".

Azad Yaşar şeirləri ilə dünyagörüşünü ortaya qoyur, o özündən əvvəl gələnləri ötürmür, daşı arxasından götürüb irəlidəkinə tullamır, öz dayandığı yerdəki rakursu işıqlandırır. Ona görə də yuxarıdakı şeirdə qənaət asanca dəyişir, şair ilk fikrindən yekun bir fikirlə aralaşır. İlk məqamda ölümün yaşamı absurdlaşdırdığı qənaətindədir, sonda isə məlum olur ki, həyatın məqsədi bu absurdluğa qalib gəlməkdədir - yəni sonu sükutlu olana yeni nəğmə oxumaqda, ölənin əvəzində başqasının yaranmasında. Eksiztensialistlər deyirdilər ki, insan ölüb gedir, necə ki, bir böcək məhv olur. Onlar absurda inanırdılar ona görə ki, mənanı asanlıqla itirə bilsinlər - çünki onlar insanın arqumentləri ilə dünyanı çözməyə çalışırdılar, həyatın dəlilləri ilə yox. Həyatın dəlili odur ki, səndən əvvəl də dünya vardı, səndən sonra da olacaq - bu davamlılıqda tapmaq lazımdır ömrün mənasını, insanın arqumenti budur ki, mən olmayanda dünya mənim nəyimə lazımdır? Azad Yaşar bu şeiri ilə həyat həqiqətini müdafiə edir.

Lirizm

Azad Yaşarı lirik şair adlandırmaq olmaz, çünki o, daha çox modernist, postmodernist neo-art axını şairidir. Baxmayaraq ki, o da yaradıcı yolunun başlanğıcında lirik ovqata köklənib, dərinə varsaq sentimental notlar da yükləndiyinin şahidi olarıq. Amma onun bir yaradıcı kimi qənaət dayanacağı yeni şeir axınının mənzili olub. Şarl Bodler "Lirik şeir" adlı məqaləsində bu mövzuya geniş toxunub, əlbəttə, o da məqsədli şairlər kimi, odu öz qabağına çəkmək - məsələyə, təmsilçisi olduğu ədəbi axın istiqamətində qiymət verir, məcazi desək, kəndiri öz dirəyinə bağlamağa çalışır, amma dərin həqiqətləri də gizlətmir. Onun nəzərində lirik şeir təbii canlılığın şişirdilməsidir. O, lirik şeirin yolunu iki istiqamətdən təqdim edir: Hyberbole (güclü təsir bağışlamaq üçün sadə mənanı şişirtmək, dağ başına qaldırmaq) və Apostrophe (birbaşa hansısa insana, yaxud şəxsiləşdirilmiş nəsnələrə xitab).

Lirik obraz insanın cənnətdəki halıdır. Liriklər Ədəmi özlərinə ideal məkan seçiblər. Məsələn, onlar ideal qadını Həvvaya bənzədirlər - Həvva yaradılışın ilkidir, bu o deməkdir ki, ən təbiisidir. Yaxud gözəli uşağa bənzədirlər - çünki uşağın gözəlliyi həm ən safdır, həm də qocalıqdan maksimum uzaqdır.

Lirik şeirdə şair üçün bütün zamanlar əlçatandır, ona görə liriklər öz dövründən Veneraya da, İsa Peyğəmbərə də üz tuta bilirlər və onların xitabları məntiqsiz görünmür. Çünki lirik üçün zaman anlayışı əbədiyyətdən ibarətdir, belə olan halda yaş və dövr fərqi aradan qalxır, - hamı bir-birinin müasirinə çevrilir.

Azad Yaşarın yaradıcılığının ilkin dönəminə təsadüf edən lirik-sentimental dövr məhz dediyim məqamlarla zəngindir. Sanki o, fəhmən  o məsələlərdən bixəbər olmayıb, o məqamları şeirə gətirib və bunu həvəskar səviyyədə, hamı ilə bir taxçada düzülmək azarı ilə yox, mümkün qədər fərqli formada edib. "Sən olduqca" şeirini misal göstərək:

Gözlərim dincələr gözəlliyində

ürkək-ürkək baxaram

"azalar" deyə.

 

Ömrüm uzanar gözəlliyinlə

ölüm də yaxın düşməz mənə

sən olduqca.

                        (1981)

"Qaranlıqda pıçıltılar" şeiri dediklərimizə əlavə təsdiqdir:

- Əllərin necə də böyükdür.

(oxşayırsan)

- Hə, gülüm.

- Ürəyin kimi

- ...(susuram)

 

Gözlərin də təmizdir, dərindir

(baxmaqdan doymursan)

- Hə, gülüm.

- Ürəyin kimi

- ...(susuram)

 

- Sinən necə genişdir...

(başını qoyursan)

- Hə, gülüm.

- Ürəyin kimi

- ...(susuram)

 

- Bunlar həm də mənimdir.

- Hə, gülüm.

- Ürəyin kimi?!

- Ürəyin kimi.

                        (1979)

Azad Yaşarın bu cür gözəl şeirləri çoxdur. "Kölgələnmiş gözəllik", "Sevənlərin haqqı"  və başqa şeirlər var ki, onlar yuxarıdakı fikirlərə söykənəcək kimi əlavə təsdiqlərdir, amma təəssüf ki, bir yazı daxilində sevdiyin bütün şeirləri misal göstərmək namümkündür. Azad Yaşarın şeirləri "fikir şeirləri"dir, yəni əksərən sonda müəyyən qayə aydınlaşır, ona görə də onun şeirlərindən hansısa hissəni çıxarıb misal göstərmək çətindir.

Minimalist şeirlər

Azad Yaşarın minimalist şeirlərində mətləblər sadəcə müşahidələrin cəmi deyil, onlarda fikrin mənaya doğru yönələn istiqaməti görünür. Necə ki, eynən rəsm əsəri də sadəcə, donmuş anı əks etdirmir, şəklə baxanda orda təkrarlanan zamanı - əbədiyyəti görürsən. İlk baxışdan bu minimalist fikirlər oxucuda elə təsir oyadar ki, onlar ardı gəlməyən fikirlərdir, amma sonra anlayırsan ki, bu müxtəsər fikirlərdə, kəsə deyimlərdə böyük məna lakonizmə sıxlaşdırılıb. Ona görə də oxucu şeirdəki zamanın (o hər nə qədərdirsə) içindən həmin poetik nümunələrə baxmalıdır. 

"Folklor bayrağı" altında

"Hamı və heç kim"də "Folklora hədiyyə" silsiləsi var, orada təcnis, cığalı təcnislər, bayatılar var: özü də şeir standartlarının bütün qayda-qanunları yerli-yerində olmaq şərti ilə. Amma məsələ burasındadır ki, kitabın əvvəlindən oxuya-oxuya gələndə və topludakı modern estetikaya köklənəndə, o şeirlərdən sonra isə "postmodern mətnlər" bölümünə adlayanda folklora şairin münasibəti ikimənalı başa düşülür: Həm folklorun keçilmiş yol kimi dərki, həm də ona ironiya kimi. Müəllif, məncə, arzularına çatıb.

Ölüm eşqi

Azad Yaşarın şeirlərində ölüm mövzusu çox işlənir, amma bu şeirlər bizim poeziyamıza xas ölüm anlayışının davamı deyil, yəni ölümün faciəsini yox, sonrasını - başqa həyatdan ona baxaraq - yox olmağı canlandırır. "Ölümdən sonra yazılan şeir", "Sirr", "Avtomobil qəzası", "İtki", "Vaxtsız ölüm" və sair şeirlərdən oxucuda belə təəssürat yaranır. Sanki ölüm qorxu kimi yox, hadisə kimi maraqlıdır. Bizim poeziyamızda Azad Yaşarın şeirləri müstəsna nümunələrdəndir ki, ölüm mövzusu ilə qorxu, pessimizm, mənəvi gücdənsalma təlqin eləmir. "Avtomobil qəzası" şeirinə baxaq:

Bir tərəfdə - sərxoş sürücü,

digər tərəfdə - dörd nəfərlik ailə.

Hamısı öldü.

Bir yanda xıncım-xıncım əzilmiş iki maşın,

o biri yanda - yıxılmış iki ev, iki tifaq.

Bir yolu könüllü bölüşə bilmədikləri üçün

bir ölümü paylaşıblar məcburən.

Bir az əvvəl

gicgahlarında atan al-qırmızı,

isti qan

indi tökülüb qara, soyuq asfaltın sinəsinə.

Bayaqdan yarışdıqları o dəli küləklər

"bizi ötənin min qanadı gərək" - deyə

indi təskinlik verirlər onlara,

saçlarına sığal çəkərək.

Saatlarının əqrəbləri

irəli getsə belə,

artıq onlar nə göstərə bilər ki,

keçmişdən başqa?!

Qovşaq

Azad Yaşar şeirə nəsr təfəkkürü gətirir, amma ideyasını poetik sözə çevirə bilir. Məsələn, bir şeirində "Dostunu göstər, deyim sən kimsən" fikrini "çörəyi hansı yolla qazandığını de, deyim kimsən" fikri ilə əvəzləyib. Şeirdə bu cür sərt həqiqətlər ilk baxışdan qəbuledilməz görünə bilər, amma müasir şeir təfəkküründə bu cür fikirlər rahat həzm olunur. Şeir, sanki esse ilə poetik düşüncənin, yaxud publisistika ilə poeziyanın ortaqlığında yaranır. Bu cür incə məqamlara geniş mütaliə yatırımı ilə bələd olan Azad Yaşar dünya şeirindən aldıqlarını öz dünyasından keçirərək oxucusuna fərqli formada qaytarır. O, poeziyaya doğru yalnız dəmir yolu relsləri kimi dümdüz getmir, iradə azadlığının şeirlərinə açdığı cığırlar boyunca irəliləyir.

Yönlər

Azad Yaşar şeirləri ilə oxucuları çoxlu yönlərə, istiqamətlərə kökləyir. Məsələn, "Qəribə qoxusu var pulların" şeirində. Orda pul üçün axıdılan tər; o tər ki, zəhmətkeşin alnından da axır, qorxmuş oğrunun kürəyindən də. Yaxud pulun qoxusu. O qoxu ki, həm kir qoxusunu xatırladır, həm batırılan qan qoxusuna oxşayır, yaxud əskiyə bənzəyən pullar, sanki susmuş ağızların nəfəs qoxusunu yada salır. Şeir, sanki çoxsaylı fikirlərin təkzibidir. Belə məqamda poetik həqiqət artıq birxətli mahiyyət ifadə etmir, nəticədə hər yeni rakursun öz qaydaları zühur edir və oxucunun fikri haçalanır - hərtərəfli düşünmək imkanı yaranır.

Qarabağ savaşı

Azad Yaşarın Qarabağ problemi haqqında yazdığı şeirlər daha çox əsgərlərin dilindəndir. Məsələn, "Materiyanın itməmə qanunu", "Haramın haramla çıxarılması" və s. Qarabağ savaşı haqqında milli poeziyamızda daha çox ümumu məzmunlu şeirlər yazırlar, Azad Yaşar isə şeirlərini daha çox birinci şəxsin dilindən qələmə alır. O, müharibə motivlərini şəxsləşdirmək və bunu poetik dillə çatdırmağın öhdəsindən məharətlə gəlir. Məsələn, "Materiyanın itməmə qanunu" şeiri bir şəhid ruhunun anlatdıqlarına nəzər salaq:

Qəribə təsadüflərlə dolu imiş bu dünya,

vallah, danışsam inanmazsınız

bir neçə il əvvəl

Gəncədə qızıl dişlərimi taxan həkim

və Kəlbəcərdə səngərdə can verdiyim zaman

həmin dişləri damağımdan sökən əsgər də

erməniydi.

 

Mən son nəfəsdə

sinəmə çökən Əzrayılla didişdiyim anlarda

o, Sarı iblislə sevişirdi.

 

Yəqin, bir az sonra

artıq bir işimə yaramayacaq bu dişlər

dönüb

Ya onun oğluna nişan üzüyü olacaqdı,

ya da qızına cehiz

Dərd rəngarəngliyi

Azad Yaşar dərdi yaşayıb yazmaq məqamından çıxıb dərdi anlayıb kağıza köçürmək sferasında dayanır, ona görə də özünü - poetik mənini obraza çevirə bilir. Şeirdə bunu təbii şəkildə etmək çox çətindir. "Belə danışıb gülməyimə baxmayın" adlı nümunədə dediklərimizi təsdiq edən məqama diqqət kəsilək:

Belə danışıb gülməyimə baxmayın,

siz məni axşamüstüləri

uşaq kimi evimiz üçün,

anamın üzü,

atamın səsindən ötrü

kövrələndə görün.

tanımazsınız məni,

tanımazsınız, vallah.

(amma özümə nə qədər bənzəyirəm onda)

 

Baxmayın belə gülüb-danışdığıma,

deyirlər hər şeyi bilir

amma, bəlkə də, Allah da bilməz

bu qəriblikdə nələr çəkdiyimi...

 

Gördüyünüz hələ mən deyiləm,

çox görməyin danışıb gülməyimi mənə.

Bilməzsiniz hər halda

necə çətin olur

ağlamalı ikən gülmək.

Konseptuallıq

Azad Yaşar konseptuallıq sərgiləyən və bunu ən müxtəlif yönlərdə bacaran bir şairdir. O, öz imkanlarını yox, şeirin imkanlarını sərgiləyə bilən bir söz adamıdır. Ona görə də həm "Konsept", həm də "Hamı və heç kim" adlı şeir kitabları olduqca rəngarəng, geniş spektrə malik maraqlı şeir toplularıdır. Pol Valeri "Şeir təzələnməyin yollarından biridir" adlı yazısında qeyd edir ki: "Əsərlərin bir-birindən  fərqli olması, özündən əvvəlki ədəbi nəslin şairlərinin meydana gətirdiyi ədəbi modelləri dəyişdirmək şeiri tamam başqa bir təfəkkürlə qavramağa, duymağa imkan verib, bu gün də o imkan bizdən əsirgənməyib". Azad Yaşar öz məninə, yaradıcılığına, düşüncə tərzinə fərqliliyin azadlığını qazandırıb və həmin hür mövqe onun kitablarına mahiyyətli rəngarənglik qazandırıb, şeirlərinə üslubi və intellektual özəlliklər bəxş edib.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!