Sən də Bakıdasan,
mən də Bakıda.
Sən sol səkidəsən,
mən sağ səkidə.
Bəlkə dərdlərimiz eyni biçimdə,
Bəlkə hisslərimiz eyni çəkidə.
Axşam bəlli olur elə səhər də,
Qəribə şəhərin qərib adamı.
Belə itirməzlər, bu boz şəhərdə
Gur yağış altına sərib adamı.
Gəzdim - xəyalının tutub əlindən...
Yol-yol, döngə-döngə gözümə doldun.
Adın küçə-küçə keçdi dilimdən,
Dönüb gözlərimdə bir Bakı oldun.
Sən ey ürəyimin zalım elçisi,
Quru nəfəsini izləməkdəyəm.
Mənəm məmləkətin tək dilənçisi,
Sən adlı şəhəri gözləməkdəyəm.
Bəlkə də bu anda yanımdan keçən
Adamlar halıma baxıb gülürlər.
Onlar nə bilir ki, eşqə susayan
Sevənlər qadasız-qansız ölürlər.
Görüblər sevənin üzünə gülüş,
Əlinə sarmaşıq həvəsi hopar,
Hardan bilsinlər ki, dərdi görünməz,
Həsrətin qaysağı içindən qopar.
Bu ağrı ölçüyə, çəkiyə gəlməz,
Onun tərəzisi ancaq qəlb olar.
Təkcə sevgidir ki, uymaz hesaba,
İkidən bir çıxsan sıfırı qalar.
Gözlərim havalı baxır ətrafa,
Necə rahat olsun bu sərsəri can.
Sən də Bakıdasan,
mən də Bakıda.
Bəs niyə tapmıram səni, hardasan?..
Həm var, həm də yox kimiyəm
Bu dünya niyə belədi,
Havası zəhər - uduram.
O məni unudan gündən,
Mən də onu unuduram.
Unuduram çiçək-çiçək,
Yarpaq-yarpaq, budaq-budaq.
Nə vaxtsa göz su içəcək
Bulud-bulud, torpaq-torpaq.
Hamı bilməz bu halımı,
Mən həyatın tilsimiyəm.
Yazıb-pozublar alnımı,
Həm var, həm də yox kimiyəm.
Kim deyir ki, gün gecəyə,
Gecələr üzü danadır?
Oyun bitir heç-heçəyə,
Ağlım ruhumu qanadır.
Şair dəliliyi bir şeirlikdir
Görsəniz dolubdur, gözün silərsiz -
Dünyada nə qəm var şairlərindir.
Ağrısının adın desə gülərsiz -
Hələ doğulmayan şeirləridi...
Çəkər həsrətini doğma diyarın,
Arzusuna dönər keçdiyi həyat.
Durub ortasında o, dörd divarın,
Özünü həbs edər, birinə inad...
Oturub üstünə xəyallarının,
Xatirələr yorar bir dağ başında.
Gizləyər hamıdan bu hallarını,
Sevgisin qoruyar səbr daşında.
İtər nəzərindən üzlər, çöhrələr,
Bəzən ən doğması çıxar yadından.
Aydınlıq gətirər ona gecələr,
Özünə məktublar yazar adından.
Əlləri islanmaz, ruhunu yuyar,
Şairin o anı tam seyrlikdir.
Hamı dəli deyər,
tək şair duyar -
Şair dəliliyi bir şeirlikdir.
İki vur iki,
hər dəfə dörd etmir,
heyif ki.
Erkən doğumları,
gecikən ölümləri var həyatın.
Hələ bunu demirəm,
vurulmağı çox çətin,
çünki
ağlayanı gülənindən çoxdur
bu məmləkətin.
İndi siz deyin,
iki vur iki neçə edər?
Dörd gündüz edəndə
beş gecə edər...
İki vur iki -
birinə hay-haray,
birinə vay, havar,
o birinə dörd divar...
Demişdim axı bir dəfə,
ən dəqiq elm riyaziyyatdırsa,
onun da kökündə riya var.
İki vur iki,
hər dəfə dörd etmir,
heyif ki...
***
Günahdır, toxunma alın yazıma,
Açma da önümə ulduz falını.
Bəs deyib nə varsa çoxu-azıma,
Yaşayım dünyanın min bir halını.
Gör, o qayalardan keçən qatarı..
Bax, bu dənizlərdə üzən adaya..
Necə yaraşıqdır çiçəyə arı,
Aşiqdır gün Günə, gecə də Aya.
Artıq bir kəlmə də gətirmə dilə,
Ümidə bağlanan bellər sınıqdır.
Günü yaşamağa bax, vermə yelə,
Yellər çalan sazın simi qırıqdır.
Bəlkə sirr olanlar həyat naxşıdır,
Bəlkə də işıqdır, nurdur önümüz.
Elə bilməməyim daha yaxşıdır,
Sonu ölümdüsə... bir az şərab süz.
Var
Fırladır fələk çarxında,
Ağlı başdan alanım var.
İlin, günün bu vaxtında,
Ürəyimdə talanım var.
Bitmək bilmir bu vəsvəsəm,
Meh olub yanına əsəm..
Nə qədər sevmirəm desəm,
Bu sözümdə yalanım var.
Yağdı ayrılığın qarı,
Yol yarıydı, yolçu yarı.
Kölgəsi düşəydi barı,
Sanaydım ki, gələnim var.
Gəlib yoldan döndərəydi,
Ağlayanda güldürəydi,
Əllərini göndərəydi,
Deyəydim ki, silənim var.
Sevgimə əyildiyimi,
İçdiyimi, yediyimi,
"Allah bilir..." dediyimi,
Biləydim ki, bilənim var...
Yanmışam, adı deyiləm,
Ta cənnət dadı deyiləm.
Mən həmən qadın deyiləm,
Hisslərimdən ölənim var.
Demirəm ki, sev məni
Demirəm ki, məni sev,
Seviləcək yanım yox.
Nə oba oldum, nə ev,
Nə də adım-sanım yox.
Niyə sevəsən məni,
Ağlayan-gülən şamam..
Mən öz dərdimi qoyub
Başqasının dərdinə
Yas saxlayan adamam...
Sevmə, nə də qəm yemə,
Nə vardısa silmişəm.
Hüzünlü də deyiləm,
Sən gedəndən ölmüşəm.
Mən Həvva deyiləm ki,
Cənnətin qapısından
Sən Adəmi qovduram..
Mən Allah deyiləm ki,
Qorxudaraq sevdirəm...
Demirəm ki, sev məni -
Düş mənimtək tilsimə.
Birdən xəbərsiz getsəm,
Qurban olum, incimə.
Dünyanın dönən vaxtı
Hansı mahnıdan çıxıb gəldin,
hansı şeirin bəndindən qopdun, adam?!
Sükutu sinəmdən,
möhürü dilimdən qopardın.
Hara apardın
külək rəngli axşamları,
həsrət qoxulu,
kirpikləri yağışlı gecələri,
bir ucu yanıq şeirləri?!
Sən gələli göy qurşağı kimi
püxtə nəğmələr gəldi
bu xam dilimə.
Sevgi qoxulu təranələr axdı
muğam könlümə.
Bütün hüznləri atdım,
mən səndə
çoxdandı itirdiyim özümü tapdım.
Sən sevirsən deyə,
şaqraq gülüşlərimə su küsdü...
Sən mənə üç sözdən ibarət bir cümlə,
mən sənə bir ömrün kitabını susdum...
Hansı mahnıdan çıxıb gəldin,
hansı şeirin bəndindən qopdun, adam?!
Hardan düşdün qəlbimə,
necə qaldın yadımda -
dünyanın dönən vaxtı?..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!