Mənim balam, öz balana söylə ki...
Oğlum, dünən qınayırdın atanı,
Bu gün gördün, hər şey atan deyəndi.
Milyon ildi itkin düşüb həqiqət,
İndi düzlər ağzın sənə əyəndi.
Pis adamlar məndən sənə qalandı,
Mən cəhənnəm, körpə qəlbin talandı.
Aldandığım adamlara aldandın,
Aldanan da, aldatan da həmindi.
Mən qocayam, bərki-boşu qanıram,
Olanları gəldi-gedər sanıram.
Səni necə aldatdılar, yanıram,
Aldanmayan əlindəki qələmdi.
Mənim balam, öz balana söylə ki...
Qəşəm baban dedi mənə böylə ki:
Qurban olum, ruhdan düşmə hələ ki,
Ən gözəli gözəl Allah biləndi.
Nə gözəl oldu
Səhər-səhər bağa girdim beyqafıl,
Bu günün cuması nə gözəl oldu.
İpək torda zikr eləyir hörümçək,
Üzünün cunası nə gözəl oldu.
Bağbanı yatmışdı bu gözəl bağın,
Görürdüm köksündə yüz yerdə dağın.
İllər ilə bağlı qalan dodağın,
Bir xəbər açması nə gözəl oldu.
Qaş qaşa toxundu, göz-gözə dəydi,
Min söz qoşun çəkdi, bir sözə dəydi.
Arı elə bildi dilim çiçəkdi,
Dilimi sancması nə gözəl oldu.
Fələk qələm tutub bir iş işlədi,
Ayaq daşı öpdü, diş dil dişlədi.
Əmr gəldi, yarın köçü başladı,
Yarımın köçməsi nə gözəl oldu.
Bağa girdin, sordun yarın əhvalın,
Bu heyrətə yox cavabın, sualın.
Sirr dediyin bu axırın, əvvəlin,
Qəşəm, əlifbası nə gözəl oldu.
Xoş gəldin
Gedirsən, başının üstündə quşlar,
Quşların üstündə bulud binəsi...
Ayağının altında göy qarışqalar,
Ağzında bir parça buğda dənəsi...
Gedirsən, küçəni tərs keçir nədən
Şəhərin cavanı, qocası indi.
Gətir ətəyində namaz qılım mən,
Sənsən bu şəhərin ucası indi.
Əyilir önündə buludun beli,
Ayaq izlərini hey öpür sənin.
Görən bilirmi ki, şəhərin meri,
Bu şəhər qarşında diz çökür sənin.
Açılıb şəhərin qaşı, qabağı,
Bu qışın qarı da tumardan düşüb.
Deyirlər gündüzün günortaçağı,
Görən bu şəhərə Ay hardan düşüb?
Düşüb ayağına yollar, küçələr,
Bu şəhər nə gözəl, göyçək görünür.
Bax, sənə boylanır tül pəncərələr,
Ağzında bir dəstə çiçək görünür.
Dəyib gözəlliyin indi şəhərə,
Hamının gözündə sevgi közərir.
O günü arxanca danışan qız da,
Səni görən kimi qaçıb gizlənir.
Dərs kimi öyrəndim gözəlliyini,
Mənə sevgidən də dərs deyənim, gəl.
Körpəkən bağçada öyrəndiyini,
Mənə bu yaşımda öyrədənim, gəl.
Qüdrətdən yaranıb hər gözəlliyin,
Mən də baş əyirəm ucalığına.
Gənclikdə qədrini bilməzdim sənin,
Nə yaxşı, xoş gəldin qocalığıma.
Ölmərəm, geriyə dönənə kimi
Görsən ki, soyuqdu üz tutduğun yer,
Burda gözləyirəm, dönərsən geri.
O adam xətrinə dəysə, xəbər ver,
Qoşuntək çəkərəm xatirələri.
Sən mənim qəlbimdən çıxdın dünyaya,
Yeri, gözlərimin üstündə yeri.
Nişan üzüyünü almadım, amma
Nişandı üzündə gözümün yeri.
Fikirli əllərin gəlir yadıma,
Saçların sinəmə dağılan gecə.
Səni ayaqların apardı hara?
Bir vaxt gətirmişdi səni beləcə.
Gözümü yaş ovar, üzümü külək,
Sən bir az dünyanı qan-yaş görərsən.
Sən məni nə vaxtsa unutsan, ürək,
Qayıdıb yerimdə bir daş görərsən.
İşıq səpələrəm sənin yoluna,
Gözümün işığı sönənə kimi.
Mən qoca kişiyəm, getdin, dayanma,
Ölmərəm, geriyə dönənə kimi.
Ayaqlarım üşüyür, mənə nəsə olacaq
Ayaqlarım üşüyür, mənə nəsə olacaq,
Xəbərin olacaqmı, bunu deyə bilmirəm.
Əllərim üşüsəydi, nə olardı görəsən,
Bir aydı düşünürəm, onu deyə bilmirəm.
Hardasa yol qırılır, ayaqlarım donur, bax,
Boyum göyə dartılır, addımlarım kiçilir.
Nə qədər yollar var keçirəm ürəyindən,
Di gəl onun üstündən tırtıllı tanklar keçir.
Yağıbdı aramıza qar kimi məsafələr,
Xatirələr başacan, ayrılıqlar dizəcən.
Sübhəcən axır yerə otağımın işığı,
Aşağıda bir sərxoş söyüş söyür sübhəcən.
Kimsə məni dindirir, huşum çıxır başımdan,
Ağlım özün itirir, sirr açılır, sirr düşür.
Məsafələr dartılır, ayaqlarım kiriyir,
Mən uçuram göylərə, ayağımdan yer düşür.
Cümələrdə sən adımı gizli tut
Yerdən yeddi Günəş uçdum uzağa,
Milyon ilə, gələ bilsən, gələrsən.
Guş qılginən həm oruca, namaza,
Məni dilə, gələ bilsən, gələrsən.
Cümələrdə sən adımı gizli tut,
Səhər sevsən, axşamları tez unut.
Göz yaşını əl-üzünə sər, qurut,
Belə-belə, gələ bilsən, gələrsən.
Ağlım azdı, canı təngə gətirdim,
Təhvil verdim, ömrü sona yetirdim.
Bir gör məni haralarda itirdin,
Bilə-bilə, gələ bilsən, gələrsən.
Öpmək üçün güman saxla gözü də,
Demək üçün sahman saxla sözü də,
Toza döndüm, evinizdə tozu da,
Silə-silə, gələ bilsən, gələrsən.
Ruhum deyir bu şeirim də son vida,
Tapılmaram, nə quruda, nə suda.
Ay sevdiyim, ay gözəlim, əlvida,
Gülə-gülə, gələ bilsən, gələrsən.
At haqqında şeir
Ağbulaqlı Tahirin atı
Gecənin birində
Dönüb küləyə,
Getdi ön cəbhəyə...
Keçdi yalın o üzünə
Bir qarın dolusu
ələf yeməyə.
Kimi dedi, atın
Qardaşı varmış təpənin arxasında,
Kimi də dedi,
At doğulduğu kəndi görübmüş
yuxusunda,
Dəlinin biri də sərsəmlədi
Təpənin dalında
Xatirəsi varmış,
Bugün-sabah qayıdar, qardaş.
At qayıtmadı
yerinə bir şeir qayıtdı...
Tahir yazmışdı o şeiri
Atı haqqında...
İndi kəndimizdə
Tahiri at kimi
Çapır o şeir...
Əlil arabası
Bulvarda
Həyatın şəklinə bax,
Əlil arabası ilə uşaq kolyaskası,
Yanaşı addımlayır...
Görəsən, kim çəkib bu şəkli,
Haradan, nə vaxt, özü də saat neçədə...
Gör nə qədər dəqiq hesablanıb
Əlillə körpə arasındakı
Məsafə,
Vaxt,
Zaman,
Dəqiqə...
İndi təkər ayaqlar,
Bir-birlərini keçmək fikrində deyillər əsla.
Eləcə cüt addımlayırlar -
Əlili nəvəsi aparır,
Körpəni anası...
İkisi də gülümsəyir
Bu mənzərəyə,
Bir-birinə,
Hərdən də
Ayaqlarına...
Ötüb keçənlər də maraqla baxırlar,
Ayaqları qıdıqlayır
Təbəssümlər.
Birdən uşaq kolyaskadan
Düşüb qaçır
Qırmızı topa sarı,
Ondan da qabaq çatır topa
Əlilin olmayan
Ayaqları...
Durub necə deyəsən?
Bax, gör necə həsrətdi,
Səni tutub asırlar,
Kəndiri boğazına keçirirlər
Baxırsan, göydə quşlar uçur,
Bulud yumalana-yumalana,
Uzaqlaşır...
Hava kəpənəklə gülümsəyir
Lap uzaqdan
Yağış qoxusu gəlir...
Qulağını körpə səsi,
Burnunu çörək ətri ağladır,
Durub necə deyəsən,
Ölümü sabaha saxlayın...
Avtobus hadisələri
Əyləşdim...
Başımda Avropa,
Ürəyimdə Şərq, altımda avtobus,
Avtobusun altında Rəşid Behbudov küçəsi.
Küçənin altında hamının olan yer...
Adamlara baxırsan hərəsi bir kitab,
Göz,
Gözdə kədər,
Qaş
Qaşda vergül,
Burun
Burunda nida,
Köynəkdə ləkə,
Ayaqqabıya qədər
Səhifələr.
Oxu istədiyin qədər.
Müharibə, sevgi, sosial kitablar
Oturacaqlar rəflər.
Bax o qoca qadına,
oğlu şəhid olandan
bir səhifəsi qatlanıb,
O səhifədə həyat barmağını saxlayıb,
Barmaqdan qan kimi damcılayır imtiyazlar.
Dayan, erotik kitablar da mindi avtobusa.
Səhifələri tam açıq.
O qoca kişiyə bax,
utanmır eyy, gözlərini qıyıb
erotik şeir oxuyur.
Əllər oturacaqların dəstəyindən yapışıb,
Bax indi mənim əllərim yaşayır
nə vaxtsa adam bıçaqlayan
bir əlin qonşuluğunda...
Görünə
Gedib quylanasan ot tayasına,
Göy üzü bir az da kiçik görünə.
Səni qucaqlaya biçilmiş otlar,
Üstündə balaca küçük görünə.
Yumurta tapasan falın yanında,
Sən də lal olasan lalın yanında.
Dəymişi yeyəsən kalın yanında,
Çəpər də bir azca uçuq görünə.
Saman tayasından saray salasan,
Küçüyü də qucağına alasan.
Qonşu qızı gələ, haray salasan,
Yanağında yanan ocaq görünə.
Nə çoxa qailəm, nə də ki, aza,
Nə tara aşiqəm, nə də ki, saza.
Baxasan gərdişə, bir də boğaza,
Qəflətən əlində bıçaq görünə.
Şəkillərin...
Məni şəkil öldürsün,
İndi mənə nə qalıbsa, şəkil qalıb.
İndi şəkillərinin üstə qoymuşam
Ürəyimi əklil kimi...
Nəyinə lazımdı şəkillərin,
Ağ-qaradı.
Sevgin ürəyimdə ala-taladı.
Birində gülümsəyirsən,
Yadımdadır,
Küsüb barışmışdıq.
Birində də,
Nə qədər eləyirəm,
Görə bilmirəm səni,
Ayrılmışdıq...
Amma dəqiq yadımdadır,
Qolundakı saatı
Mən almışdım sənə,
Heç bilmirəm zaman
Necə tor atdı saatın
Dəqiqələrinə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!