İbrahim Sədri - ŞEİRLƏR - DİLSUZ

DİLSUZ

ADAM KİMİ

Mən səni heç sevmədim ki...
Yorğun
       olduğumuz axşamlarda
              söylədiyin şərqiləri sevdim,
bir çiçəyə gülməyini,
        bir gülə bənzəməyini sevdim,
bir də ulduzları sevdim,
sentyabr gecələrində
              dəstə-dəstə enib
                       gözlərinə qonan ulduzları.
Mən səni heç sevmədim ki...
Məni yola salanda -
                      ayrılığı sevdim,
məni vuranda -
                  gülləni sevdim,
məni unudanda -
                    ağlamağı sevdim.
Səni hər xatırladığım zaman
                      yıxılmağı sevdim,
çörəyi sevər kimi
                       sevdim sənsizliyi,
su kimi
        həsrətini çəkdim
                              iyul ayında,
Gecələr rüzgar kimi sevdim,
               səpsərin bir rüzgar kimi.
Mən səni heç sevmədim ki...
Quşlara
     şərqilər öyrətməyini sevdim,
bənövşələrlə danışmağını,
aprel ayına
     bəzi şeyləri xatırlatmağını,
yıxıldığım zaman
baharın bir adının da
       yalnızlıq olduğunu
                          anlatmağını
sevdim.
Dənizə düşmüş gül kimi
düşdüm atəşə - yanğını sevdim.
Mən səni heç sevmədim ki...
Bir gecə
     bir ceyran endi dağdan
                                    qəlbinə -
qısqanmağı sevdim,
bir gecə
       bir şeir kimi
             kibrit çöpünün alovunda,
yalqızlığın, kimsəsizliyin səsində,
yerdən qalxan səhər buğunda,
acımasızlığında bir ahın,
ağlayan üzündə insanın,
fərəhləndirici gücündə duanın -
                              şəfqəti sevdim.
Mən səni heç sevmədim ki...
Getdiyin zaman - getməni sevdim,
Gəldiyin zaman - gəlməni sevdim,
qaldığın zaman - qalmanı sevdim.
Qorxurdum sənə alışmaqdan.
Səni aparan
       qatarın arxasınca
                    dəsmal yelləməyi
                     və gülümsəməyi sevdim.
Səhralara
         ilk qar düşdüyü zaman
səni içimdə öldürdüm
və ölümün
       nə qədər gözəl olduğunu
                       anladım və sevdim.
Mən səni heç sevmədim ki...
Sevsəydim
           adam kimi sevərdim...

 

UNUT

Unut
isladılmış əncir qurularını,
zeytun dənələrini,
çörəyin bugünü...
"Sənmi gəldin?"ləri unut.
Unut...
Ən yaxşısı unutmaqdı...
Əllərin yun yumağıydı,
əllərin ipistiydi,
əllərinin
    əllərimə dəydiyini unut,
unut
ulduz-ulduz,
İstanbul - İstanbul,
unut
üsul-üsul,
unut
şərqi - şərqi...
Necə deyirlər:
"Hara qoyasan
                    belə bir eşqi?"
Elə unut,
elə unut...
Unut,
   heç bir yerə
          guya bilmədiyin
                       şey kimi unut...

BİR İZ QALMALI

Bir iz qalmalı səndən
bütün
    qırılmış şeylərin sonunda:
aynadırsa, - arxasında sirr,
yalnızlıqdırsa, -
                   arxasında inad,
bəli,
    bir iz qalmalı
                səndən sonraya,
bir də
      o qəhr olmuş,
                  lənətə gəlmiş qürbət!
Sən
   hesab et ki,
           mən heç ağlamadım,
heç oda da tutmadım
                  üşüyən ürəyimi,
hələ nəhavənd,
               hələ busə -
heç keçmədi ağlımdan

  bir qan adası kimi qaldın
                   içimdəki dənizlərdə.
Bu sevda
bir az nisgil,
bir az qorxu,
bir az hıçqırıq dadır...
Bir iz qalmalı səndən
pəncərənin önündə
                dibçəkdə əkilən
                    bənövşə misalı.
Mən səni sevdiyim zaman
               dağlar yerindən oynadı,
mən səni sevdiyim zaman
yağışlar yağdı
           güllə ağırlığında,
                   ayrılıq ağırlığında...
Bu fəlakətdən sonra,
hər şeyə rəğmən,
       bir iz qalmalı səndən
bütün
     qırılmış şeylərin sonunda:
aynadırsa, - arxasında sirr,
yalnızlıqdırsa, -
                 arxasında inad…
Bəli,
  bir iz qalmalı
              səndən sonraya,
bir də
     o qəhr olmuş,
                   lənətə gəlmiş qürbət!
Məni əfv et -
itirmək çox tez,
sevmək isə
             çox gecdir...

GERİ DÖNƏN ADAM

Dekabr,
      ya da yanvar ayı idi -
mənim saçlarım
                   buz bağlamışdı,
elə yanaqlarım da,
elə dodaqlarım da,
elə əllərim də,
elə ürəyim də...
Onun saçları
           gül açmışdı, gül,
elə yanaqları da,
elə dodaqları da,
elə əlləri də,
elə ürəyi də...
Qapını açdım,
əlində bir köhnə çamadan,
baxışlarında
     bir köhnə rəvayət vardı.
Gəldim, dedi, gəldim.
Sənə özümü gətirdim,
                             özümü -
təpədən-dırnağa,
sənə,
   bəlkə unutmusan,
             birlikdə oxuduğumuz
                 türküləri gətirdim,
sənə,
     yazdığım qeydləri,
balıq tutarkən
    səsini içinə salmağını -
                       susqunluğunu,
əlimlə böyütdüyüm
                      bir bənövşəni,
göy üzünə yolladığım duaları,
alışqanımı,
siqaretimi
və kitablarımı gətirdim.
Döndüm, budur, döndüm.
İçəri keçdi, axsayırdı.
Güldü:
" - Atam Yəmən çölündə -
           savaşda itirdi ayağanı,
mən içəridə - həbsxanada,
ikimizinki də
      qurban olsun məmləkətimizə" -
                                                 dedi.
Oturduq.
Uzun-uzadı
          baxdıq bir-birimizə,
on üç ildən sonra...
Gəncliyimizdə
       birlikdə çıxmışdıq
              həyat dediyimiz yola,
nə pendirimiz,
nə soğanımız,
bir ürəyimiz vardı -
             qoymuşduq ortaya...
Yorulanda
      mən başımı söykəyərdim
                           onun çiyninə,
o, tale-əl-bədrü
         oxuyardı qulağıma,
mən kövrələrdim -
      ağlayardım için-için,
o dua edərdi Yaradana,
       ikimizin də adından...
Bir payız axşamı idi.
Yağış yağırdı.
İnsanlar
aldıqları çörəyi
    pencəklərinin altına
          dürtmüşdülər ki, islanmasın...
Birdən fit səsləri eşidildi,
polislər gəldi,
        üst-başımızı aradılar,
onun cibindən
               iki ürək çıxdı -
biri özününkü,
               biri mənimki,
budur, dedilər
                və apardılar...
Qaldır gözlərini yerdən, - dedi,
on üç il nədi ki?
Şən olasan, həbsxana!
Mənə məktub yaz,
bir bənövşə şəkli çək,
göndər anama.
Qaldır gözlərini yerdən, - dedi,
on üç il nədi ki?..
Bax, hələ cibimdədi ürəyin,
qoymadım kimsə toxuna,
qoruyub saxladım -
on üç il nədi ki?..

BİR ŞEY SÖYLƏ

Bir şey söylə -
dəniz
    od tutub yandığı zaman,
bir şey söylə -
ulduzlar
      səmadan üstümüzə
            qar kimi ələndiyi zaman,
Bir şey söylə -
       ətrafını alov sarmış
               pərvanələr kimi
                      olduğumuz zaman,
bir şey söylə -
qəlbdə gizlətdiklərimizin
                       üstü açıldığı zaman,
bir şey söylə -
           göy qaraldığı,
                       yer yarıldığı zaman,
bir şey söylə -
cəhənnəm od tutub yandığı,
           cənnət gül açdığı zaman ...
Ömür bitir, - bu da son,
bir şey söylə ,
bir şey söylə ,
bir şey söylə ...

BU GÜN BAZAR
Bu gün bazar.
Havada
     çox sevdiyim
              külək və yağış var.
Hələ
    yuxudan oyanmayıb
                                  qonşular.
Evlərin üstündə
quşlar
     qorxusuz-ürküsüz oynaşırlar.
Günün
      bu saatında radioda
           qədim şərqiləri verirlər:
"Könül pəncərəsindən
               ansızın baxıb keçdin..."
Bu gün bazar.
Havada
     çox sevdiyim
               külək və yağış var...
Hələ
    yuxudan oyanmayıb
                                  qonşular
və mən səni çox gözlədim...
Eşiyə çıxmaq,
bomboş küçələrdə
           təkbaşıma dolaşmaq,
yağışda islanmaq,
mağazaların vitrinlərinə,
kino-teatrların
                afişalarına baxmaq,
telefon köşklərində
      uyuyan çocuqlara
            səssizcə bir "mərhaba" demək,
sahildə qağayılara
           çörək qırıntıları atmaq,
avtobusların
           ilk səfərinə minmək,
getmək,
      həyatın getdiyi yerə getmək
istəyirəm.
Fit çalıb,
     şərqilər uydurmaq
                                  öz-özümə,
təndirdən
           təzə çörək alıb,
                 ətrini içimə çəkmək...
Və mən səni çox gözlədim.
Bax, belə bir şey:
Suyun
    kökdən qaça-qaça
            yarpağın ucuna qədər
                                        qalxması,
bəbənin ağlaması,
torpağın yuxudan oyanması,
yağışın yağması,
alovun istisi,
bax belə bir şey:
səhər-səhər
           bir qəhvəxanaya getmək,
bir fincan
           ətirli çay içmək,
qaçırtmadan
       şəhərin yuxusunu
                 bir şeir yazmaq,
krosvordun
           boş qalmış
                 xanalarını doldurmaq
və bütün bunları
           sənə anlatmaq,
                          anlatmaq,
                                   anlatmaq...
Bax, belə bir şey:
küçələrdə gəzmək,
yağışda islanmaq,
bir fincan çay içmək...
Və mən səni çox gözlədim.

VUR, BİTSİN

Orda,
    masanın üstündə
                            bir rəsm -
ikimiz
    üzü dənizə dayanmışıq,
                                  Üsküdarda,
başımızın üstündə qağayılar,
gözlərimizdə
           naşı, sadəlövh bir eşq
və qəribə xoşbəxtlik...
Sənin çiynində
                       sarı çətir var,
Kadıköydən,
         endirim zamanı almışdıq,
mənim əynimdə
      qara, yun jaket -
             istisi ikimizə də yetərdi,
hərdən
     qoynuma pişik kimi
sığınmağın vardı...
Deyəsən,
fevraldı,
           hə, fevraldı,
                       təpədən-dırnağa
                                  islanmışıq...
Orda,
    masanın üstündə
bir rəsm...
Yandır, getsin.
Orda,
    qapının arxasında
                                  bir yazı:
"Sevirəm" yazmışıq -
                       bir hərfini sən,
                                  bir hərfini mən,
amma
     barmaqlarımız ay titrəyib ha...
Gülüşün,
           hərarətin hopub hərflərə...
Nə süfrənin gözəlliyi,
                                  nə aşın dadı,
sobanı belə
           yandırmağı unutmuşuq...
Orda,
    qapının arxasında
                             bir yazı -
sil, getsin.
Orda
   sürahinin üstündə
                         iki fincan,
çay içmişik birlikdə,
unutmuşuq
        dünyanın bütün dərdlərini...
Bir nağılmış,
            bir yadmış kimi
                              qorxmuşuq,
bərk-bərk sığınmışıq
            bəxtimizin qara ulduzuna...
Mən bir,
    sən üç qənd atmışdın
                      pürrəng çayımıza,
sonra
     pərdəni çəkib
             bir şey diləmişdik
                              göy üzündən,
Ay gülümsəmişdi
               və biz sevinmişdik -
uşaq ki, uşaq...
Orda,
   sürahinin üstündə
                          iki fincan -
qır, getsin.
Orda,
    divarlara həkk olunmuş
                                xatirələr,
hansı yana dönsəm,
                   səndən bir nişanə
gülüşün,
             qızğınlığın orda,
ocağın altını qalamağın,
düymə tikərkən
           iynəni əlinə batırmağın
orda...
Hara baxsam -
                   səndən bir nişanə.
Bir iyun axşamı
      qəfildən ayağa qalxmağın...
Get, bitsin.

Hazırladı:
DİLSUZ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!