Qoymuram bir gün də gözdən özümü... - Kəmaləddin QƏDİM - şeirlər

Bir az göz yaşım qalıb

Yaman kövrək olmuşam,

Yetən ağladıb məni.

Gələn ağladıb məni,

Gedən ağladıb məni...

 

Arzum, istəyim hərdən

Olub çin, ağlamışam.

Olub, uşaqlarıma

Bir az gün ağlamışam.

 

Fərq etməyib mənimçün,

Sayan saydığın sayıb...

Adamın yadı olub,

Dərdin yadı olmayıb.

 

Bəzən ağzımda yanıb

Dilim, ağladıb məni.

Lap elə bir tamaşa,

Film ağladıb məni.

 

Nə olsun ki, kimisə

Nədənsə qorumayıb.

Dilim-ağzım quruyub,

Göz yaşım qurumayıb...

 

...Daha kirpiklərimlə

Bərk-bərk qucaqlamışam.

Bir az göz yaşım qalıb,

Özümə saxlamışam...

 

Salam, şair, dur gedək...

Nə çəkibsən, nə çəkmişəm, bilirsən,

A bağrıqan lalam şair, dur gedək...

Nə açmışam, nə bükmüşəm, bilirsən,

Həmin dilsiz, lalam, şair, dur gedək...

 

Gecə-gündüz qapısını döydüyüm,

Kor bəxtini qarğıdığım, söydüyüm.

Baş əydiyim, oxşadığım, öydüyüm

Atam şair, balam şair, dur gedək...

 

Gözlərinin biri sevinc, biri qəm,

Gör necə də diri qalıb, diri, qəm...

Alınmadın, satılmadın, bilirəm,

Bürcüm şair, qalam şair, dur gedək...

 

Düzlüyündən düzdə qalan düz adam,

Alov adam, atəş adam, köz adam.

Təpəsindən-dırnağına söz adam,

Hikmət şair, kəlam şair, dur gedək...

 

Kəlmə-kəlmə surətini çəkdiyin

Özbəözü deyiləmmi təkliyin?

Əcəlinəm, həsrətini çəkdiyin,

Gözlədiyin yolam, şair, dur gedək...

 

Yapış, son kəs uzatdığım əl vida,

Əl vidadı, həm də təzə-tər vida.

Bundan belə əlvidadı, əlvida,

Salam, şair, salam, şair, dur gedək...

 

Hələ günahdır adın

Mən nə ölüdən ölü,

nə diridən diriyəm.

Qınağa tutulmuşun,

qarğınmışın biriyəm.

 

Evim-eşiyim zindan,

Dörd yanı hündür barı.

Sanki arasındayam

dəmir barmaqlıqların.

 

Ən böyük aşiq də mən,

günahkar da mənmişəm.

Girib şeirlərimin

içində gizlənmişəm.

 

Hələ əllərin yasaq,

hələ günahdır adın.

Əfv fərmanı gözləyən

dustaq kimiyəm, qadın...

 

Aparır

Tanrının bir sirri mən,

Mən boyda sirr aparır.

Baxma gəlmişəm göydən,

Yer çəkir, yer aparır...

 

Əllərim kəm gətirir,

Gözlərim nəm gətirir.

Gələn dərd-qəm gətirir,

Gedən xeyir aparır...

 

Qanadın gərir hər gün,

Barıyam, dərir hər gün.

Xəbər göndərir hər gün,

Hər gün deyir...aparır...

 

Səssiz alır canımı,

İzsiz alır canımı.

Söz-söz alır canımı,

Şeir-şeir aparır...

Könlümü

Sən heç böyümədin... sözlərinə bax,

Böyüdən oldumu bala könlümü?

Nə vaxt uzaq oldu bəladan, uzaq,

Nə vaxt tutmadı ki, bəla könlümü...

 

Nə vaxt istəmədim aça yaz kimi,

Saça, ətir saça, saça yaz kimi.

Bir gün də birisi qara saz kimi,

Basa sinəsinə, çala könlümü...

 

Üzünü yamaca, yala saldılar,

Yaman dağa-daşa, kola saldılar.

Elə, aldatdılar, yola saldılar,

Gətirən oldumu yola könlümü...

 

Çıxardım min cürə savaşdan belə,

Qurtardım min qorxu, təlaşdan belə.

Neynirəm bu yaşdan, bu başdan belə,

Kim ata, kim tapa, bula könlümü...

 

Kimlərin fəndinə, felinə düşdü,

Kimlərin ağzına, dilinə düşdü.

Axır ki, sənin də əlinə düşdü,

Sən də barmağına dola könlümü...

 

Qoymuram bir gün də

gözdən özümü...

Elə gedirəm ki, üstümə hərdən,

Salıram lap vallah üzdən özümü.

Bəlkə uzaq tutam ruhumu şərdən,

Qoruyam atəşdən, közdən özümü...

 

Gün çıxır, açılır sabah, çıxıram,

Gözləyir boş təknə, tabaq, çıxıram.

Hər axşam özümə qabaq çıxıram,

Yolçu eləyirəm tezdən özümü...

 

Bu gündə-dirrikdə, biçimdə hər gün,

Bir cür əkindəyəm, biçində hər gün.

Əriyib itsəm də içində hər gün,

Görsəm tanıyaram sözdən özümü...

 

Əlacam, çarəyəm özüm üstümdə,

Öldürüm nətəhər dözüm üstümdə?

Hər gün üstümdədi gözüm, üstümdə,

Qoymuram bir gün də gözdən özümü...

 

İndi necə üşüdürsən, bilirəm

Ömrü-günü öz başına dar olan,

Öz-özünə qənim pirsən, bilirəm.

Nəyi varsa aşkar olan, car olan,

Necə gizlin, necə sirsən, bilirəm..

 

Yalnız doğrun, düzün olur gecələr,

Danışmağa sözün olur gecələr.

Gülüm, nədən uzun olur gecələr,

Nə çəkirsən... kaş ki, bilsən bilirəm...

 

Yaşatmaqdı işim-peşəm adını,

Özün qədər sevirmişəm adını...

Əzbərimə çevirmişəm adını,

Hər çəkdikcə eşidirsən, bilirəm...

 

O dörd divar... o da ki, sən... tənha, tək,

O da ki, çöl... dəli-dolu bir külək...

Əyni yalın bir çiçəksən, bir çiçək,

İndi necə üşüdürsən, bilirəm...

Bu adam

"Ustadı", bir cürə "usta" bu adam,

Böyüyüb elə öz tipinin üstdə.

Yol gəlib çəpinin üstdə bu adam,

Hələ də yol gedir çəpinin üstdə.

 

Bir başdı, yüz başa vurulub başı,

Zəngli saat kimi qurulub başı.

Gör neçə doğrunun yarılıb başı

Bunun əyrisinin, çəpinin üstdə...

 

Əzilib, büzülür... naz demək olmur,

Lap milli pazdı bu, paz... demək olmur.

Sözünün üstünə söz demək olmur,

Odun yığmaq olmur ipinin üstdə.

 

Nəyi var dövləti, varıdı elə,

Tək vardan, dövlətdən yarıdı elə.

Həmin küpəgirən qarıdı elə,

Çıxıb oturubdu küpünün üstdə.

 

Bir az da arxayın, əmin adamdı,

Tapıb yaşamağın çəmin, adamdı.

Gördüm tanımadım həmin adamdı,

Oxudum adını qapının üstdə...

 

Geri dönməyəsən bir səhər çıxıb

Bir gün ayrılıqlar belin qatlıya,

Son kəs dikələsən, son kəs nər çıxıb.

Elə darıxasan bağrın çatlıya,

Geri dönməyəsən bir səhər çıxıb...

 

Gedəsən...gəlməyə kimsə görüşə,

Oduna düşdüyün oduna düşə.

Birdən diksinəsən, yadına düşə,

Düşə ki yadından bu şəhər çıxıb...

 

"Yaşın nə fərqi var", kim deyib axı,

Ölümə bu qədər yaxınkən, yaxın?

Bu yaşda, bu başda aşiq olmağın,

Sevib-sevilməyin birtəhər çıxıb...

 

Beş-on şeirinnən, beş-on sözünnən

Onsuz da vurmusan quşu gözünnən.

Götürüb getmisən nə var özünnən,

Nə varsa özünnən bərabər çıxıb...

 

...Görəsən sənmişsən elə sirdəki,

Quru nəfəsmişsən, nəfəs, yerdəki.

Açasan qəzeti... şəklin, bir də ki

Qara haşiyəli bir xəbər çıxıb...

 

O dünyada cəhənnəm yox

Mən çəkəni nə bəy, nə də xan çəkər,

Bu boyda ki, qovğa, qada çəkənəm.

Bu dərd ki, var ürək çəkər, can çəkər,

Həm aşkarda, həm röyada çəkənəm.

 

Gedən gedib, xoşa gedib, dözmüşəm,

Dörd yan gedib, köşə gedib, dözmüşəm.

Laçın gedib, Şuşa gedib, dözmüşəm,

Dərdi başa badə-badə çəkənəm.

 

Bu boyda ki, könül verdim dərdə mən,

Vallah, çətin qərar tutam yerdə mən.

Bir başımdı, bir kötükdü, bir də mən,

Əhsən məni bir cəllada çəkənə.

 

Gözlərimin biri kədər, biri qəm,

Elə bil ki, bürüyübdü yeri qəm.

O dünyada cəhənnəm yox bilirəm

Cəhənnəmi bu dünyada çəkənə...

 

Mən dünyanın məğlubu

Mən dünyanın məğlubu,

Qalibimdi vaxt mənim.

Axır sonuma çatdı

doğru mənim, haqq mənim.

 

Pozulan cərgə, sıra,

o səf, o düzən mənəm.

Fələklə zər atan mən,

elə, uduzan mənəm.

 

Dərdlə üst-üstə gəlib

cəm olmuşam, cəm belə.

Məğlubiyyət kimidi

beş-on heç-heçəm belə.

 

Yığın da bu dünyanın

daşın çiynimin üstdə.

Enib ağ bayraq kimi

başım çiynimin üstdə...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!