1984-cü ilin bir payız günü "Yazıçı" nəşriyyatının qaranlıq koridorunda cavan bir oğlanla üz-üzə dayanmışdıq. Rəhmətlik Zəlimxan Yaqub bizi tanış elədi.
"Bu, Zabildi, Neftçaladan, şairdi, sözü ucalıqda saxlayan şair".
O vaxtdan düz 36 il keçdi. Düz 36 ildən sonra Neftçalada yenidən üz-üzə gəldik. Bütöv bir ömür keçib-getmişdi. Ancaq Zabil heç dəyişməmişdi.
O zamankı qaynayan gözləri, həyəcanı, dəli-dolu sözləri, canatmaları - hər şey əvvəlki idi.
Və o gün mənə son kitabını bağışladı - "Yaşıl simfoniya". Kitabın adını "Yaşıl simfoniya" qoysa da, sözlərinə yaşıldan daha çox, ana qaranlıqdan tutmuş yeddi rəngin bütün çalarlarının işığı düşmüşdü. Lap özünün kitabına yazdığı ön söz kimi: "Poeziya mənim üçün cəmiyyət hadisəsi deyil, təbiət hadisəsidir. Zəlzələ kimi, şimşək kimi, sel kimi, yağışdan sonra yaranan göy qurşağı kimi. Hətta balıq ovunda ayağım altında qalıb üstümə cuman ilan kimi".
Zəlzələ, şimşək, sel, yağışdan sonrakı göy qurşağı... Və bir oxucunu həyəcanlandıran hər şey var bu kitabda.
Kür üstündə Neftçalanın Qonaqkənd adlanan yurd yerində bir şam yanır - Zabil Pərviz adında. Bu şamın işığında ruhumuzun, olmuşların və olacaqların rəsmini çəkir Zabil Pərviz:
Harda qaldı o göy dəniz,
Doğma dəniz, ögey dəniz...
Bu da bizim taleyimiz,
Dənizə çatmayan çaylar.
Gedib dənizə çatmayan çayların nisgili var Zabilin şeirlərində.
Zabilin şeirlərini oxuduqca, bir zamanlar söylədiyim "şairlik bütün ömrü boyu özünəbənzər adam axtarmaqdı və sonunda da onu tapmamaqdı" fikrinin nə qədər doğru olduğuna bir daha əmin oldum. Yazılarından görünür ki, Zabil Pərviz bütün ömrü boyu axtarışda olub. Onun axtarışı ümidlə süslənmiş bir axtarışdı:
Əsir başım üstən bahar yelləri,
Keçir ürəyimdən arzu selləri,
Könlümdə ilahi bir səs dilləşir,
- Mənim göyərməyə bir ümidim var.
Mən həmişə o düşüncədə olmuşam ki, şairlər haqqında yazılan bütün mübaliğəli sözlər aldadıcı və yalançı olur.
Mənə görə böyük şair ifadəsi yanlış, aldadıcı ifadədir. Böyük şair, kiçik şair olmur. Adam ya şairdi, ya da şair deyil. Hər şey bu qədər bəsit. Zabil sözün həqiqi mənasında şairdi:
Yalançı taleyin kəs qanadını
Qanadı könlündə, közündə axtar.
Uçmaq istəyirsən - öz qanadını
Özgədə axtarma, özündə axtar!
Zabil şair olmaqdan əlavə, həm də gözəl müəllimdir. O, dolanışıq ucbatından təhsilini buraxmış uşaqların faciəsini, gəncliyin faciəsi kimi qiymətləndirir və bu faciəni görün necə gözəl bir dillə poetikləşdirir:
Çəkilib xəlvətə səssiz xəlvəti,
Yiyəsiz arzular harda ağlayır?
Az qalır qışqıram, az qalır deyəm,
Burda bir boş qalan parta ağlayır.
Zabil Pərvizi oxuduqca özümə qayıdıram. 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində təyinatla müəllim işləməyə getdiyim və yaşadığım Kələki və Unus kəndini xatırladım. Əyalətdə yaşayıb Bakının, bütöv Azərbaycanın nəbzini tutmaq zor iş olsun gərək. Azərbaycanın problemləri, xalqın ruhu Zabilin yaradıcılığında söz-söz, misra-misra qızıl bir xətt kimi keçir:
Çox oxuduq, "gözəl Vətən,
Kolun belə, gülün belə"
Qarabağdan Təbrizəcən,
Səpələnib külün belə.
"Gözləmə"
Su verməyin, ağlasa da,
Gözlərinin yaşı yansın.
Başdan-başa külə dönsün,
Dil çıxarıb daşı yansın.
"Vadi"
Zabil cəmiyyətin faciəsini təbiətə köçürmək ustasıdır. O, zamanı dəyirmanında bir toplumun mənəvi aşınmasını görün nə qədər ürək yanğısı ilə oxucusuna pıçıldayır:
Dayan, sonuncu dağ, belə yıxılma,
Yıxılma dərələr səmtinə belə.
Sənin də beləcə səssiz yıxılman,
Axır ki, ruhumu gətirdi dilə.
Yel vurar, yengələr oynadar səni,
Apardığın nədir, gətirdiyin nə?!
Qopur ləçək-ləçək gülün, çiçəyin,
Xəbərin də yoxdu itirdiyindən.
"Sonuncu dağ"
Zabilin şeirlərində uydurulmuş, yapma heç nə yoxdu. Onun dövrünün böyük ziyalısı İmamverdi Əbilova həsr elədiyi şeirdə həqiqətə könül verməsini, haqqa tapınmasını bir şairin faciəsindən daha çox, xoşbəxtliyi olmasını "gül dilini bilməsi" ilə poetikləşdirir:
Gül dilini bilməyim,
Mənim faciəm oldu.
Əsdi soyuq küləklər,
Xəzanım möhkəm oldu.
Şeh gül üstə gözəldi,
Sular öz axarında...
Gül dilini öyrəndim,
Gül gülü çağıranda.
"Gül gülü çağıranda"
Güllərin, çiçəklərin, ağacların dilini bilmək bir şair üçün böyük xoşbəxtlikdir. Zabil Pərviz bu dili bilir:
Bir dan üzü gördüm ki,
Güllər verib səs-səsə.
Şehli-şehli danışıb,
Məndən deyirlər nəsə.
Ona baxın, siz Allah,
Küsüb gedir dünyadan.
Kim onu qaytaracaq
Bu sərsəri sevdadan.
"Gül gülü çağıranda"
Mən həmişə düşünmüşəm ki, dünyadakı bütün heykəllər şairlərin daşa dönmüş nəğmələridir. Belə bir heykəli Zabil Pərviz də "Heykəl qu quşu"şeirində qoyub...
Mən bir şair kimi yox, oxucu kimi sükutu sözə daşıyan şairlərin oxucusuyam. Zabil Pərviz bir az da qabağa gedib. O, sükutun səsini yox, susmaq istəyənlərin səsini sözə daşıyıb. O, səsi sözə daşıya-daşıya özü də yaddaşlara yazılıb.
O, səksəninci illərdə ədəbiyyata gəlmiş, özünü təsdiq eləmiş bir ədəbi nəslin (A.Cəmil, İ.Türkay, Ə.Kür, Ə.Ol, P.Qusarçaylı, R.Məcid, M.Köhnəqala və b.) gözəl nümayəndəsidir.
Əsl söz sahibləri hay-küydən, iddiadan uzaq olur. Bu da onun ən gözəl nümunəsi:
Ümidim var
Əsir başım üstdən bahar yelləri.
Keçir ürəyimdən arzu selləri...
Könlümdə ilahi bir səs dillənir:
- Mənim göyərməyə bir ümidim var.
Ürək qılınc çəkir qışına bir də,
Çətin bu sevdadan daşına bir də,
Qayıdıb on doqquz yaşına bir də
Mənim göyərməyə bir ümidim var.
Bu dünya əlimi sıxdı, sıxmadı,
Bu tale sonuma çıxdı, çıxmadı,
Yazına, qışına baxdı, baxmadı,
Mənim göyərməyə bir ümidim var.
Döydü yaz günündə xəzanlar məni,
Yazdı daş üstünə yazanlar məni, -
Çalıb çağıracaq ozanlar məni,
Mənim göyərməyə bir ümidim var.
Axır damarımda işıqlı bir qəm,
Bir sirli-sehrli od içindəyəm.
Eşqin "Mənsuriyyə" zirvəsindəyəm,
Mənim göyərməyə bir ümidim var!..
Əzizim Zabil Pərviz! Sən çoxdan göyərmisən. Göyərməyin bir yana, qollu-budaqlı bir ağaca çevrilmisən.
Yarpaqların solmasın!
Sevgi və sayğı ilə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!