Ağac haqqında nağıl
Bu ağacın kölgəsi o qədər dərindi ki,
Boğulmaq olar.
Bu ağac o qədər doğmadır ki,
Qoynunda quş kimi
Doğulmaq olar.
Bəlkə, bu ağac qadındı elə,
Öpmək olar yarpağından.
Bəlkə, bu ağac ölümdü elə,
Asılmaq olar budağından.
Bəlkə, bu ağac axşamdı,
Şam yandırmaq olar altında...
Bu ağacın kölgəsi yağışdı,
Şamı söndürər onda.
Bu ağac da şəhərdi,
Elə ağac adında...
Biz də onun yadında...
Yaddaşında, huşunda...
Bir it qaçırdı yolla
Bir it qaçırdı yolla,
Boynunda zənciri sürüyə-sürüyə,
Başqa itlər də itin yanınca
yüyürə-yüyürə,
Uşaqlar da itin arxasınca qaça-qaça
Gedirdi bir kənd.
Əslində, tamaşaydı bu,
adamlar dayanıb baxırdılar
itin qaçışına.
Zəncirini sürüyə-sürüyə
Aparmağına.
O zənciri necə
Qoparmağına.
Heç nəyin fərqində deyildi it,
İt çəkib aparırdı azadlığını.
Bir də onun azadlığını boğan
əllərimizi...
Biz də əllərimizin arxasınca
qaçırdıq.
Çiçəklər, əllər
Məncə, çiçəklərin
Ən gözəl xatirəsi sənin əllərindi.
Həm çiçəyə bənzəyir,
Həm də boş qalıb indi
Çiçəklərin yuvası kimi.
Əllər daha çox ağlayır, məncə.
Çünki əllərini bəzəyən güllər
Bir azdan zibilqabını
Eyni ahənglə sevindirəcək.
İndi çiçəkmi vəfasızdı, yoxsa əllər?
Məncə, çiçəklər.
Əvvəl torpağı sevindirdi,
Sonra qonşunun uşağını.
Sonra bülbülü,
Sonra sənin əllərini,
İndi də zibilqabını.
Arxasınca ağlayan xatirələr,
Çiçəklərin ayağının tozudur,
Məncə.
Tüstülərdə göz yaşı
Bacalardan qalxan tüstülər
Meşələrin ahıdır bəlkə.
Ona görə özlərini dumana bənzətməklə
Ovunmaq istədilər bir az...
Ağacların gələcəyidir tüstülər,
Hər gün meşələrin üstündə dayanıb,
Əl eləyirlər,
bir az susurlar.
Yenə dumanda bir az göz yaşı var,
Bir az yaşla sevinir adamın gözü.
Amma
Göz yaşı da yanıb
Bu tüstülərin.
Adamın gözündən dartıb
Yaşı da çıxarır hələ.
Biz neylədik, insanlar,
Göz yaşlarını yandırıb
Qızınmaqmı olar?
İsmin 7-ci halı
Gəlin belə düşünək,
Nizələrin qan daman ucu
Əslində, bir parça torpaq deyilmi?
Güllələrin özü də,
Lap qırma düyməciklər -
Başlarında torpaq yaddaşı daşıyırlar.
Ekskavatorla başladı ayrılıqlar,
Zülmlə ayırdılar torpaqdan filizi...
Hələ də ağlayır anası torpaq üçün dəmir.
Torpağı axtarır deyə, özünü hər yerə çırpır,
Hər yerə dəyir.
Bəlkə də, insan bədəni də tanışdı ona,
Tanışdı yox, yaddaşdı ona.
Torpaqda bir yaşayırdılar,
Elə ki, ayrıldılar,
Hərəsi bir adda
Çağrıldılar.
Biz yaratdıq ayrılıqları,
Torpaqdan dəmir ayırdıq,
Can ayırdıq,
İndi həsrətlilər qovuşanda ölürük,
Dönürük ismin 7-ci halına.
Gəl belə danışaq, kədərli dostum
Gəl belə danışaq, kədərli dostum,
Yadındadı, kəndin ortasında
Köhnə bir meydançada
Top oynamağımız?
Top üçün havada yellənən
Əlimiz və ayağımız?
Mən vurduğum qolları
Pəncərədən bizə baxan
O qıza həsr eləyirdim,
Sən bunu bilmirdin, amma,
Əl çalırdı pəncərədə.
Əllərinin səsi
Çiçək kimi tökülürdü
pəncərədən.
Bir dəfə də oynayanda
Vurduğum top
Onu gəlin aparan
Maşının
Ön şüşəsinə dəydi.
Gəlin bir az qalxdı ayağa,
Topa elə baxdı,
Elə baxdı ki,
Deyəsən, gözündən top kimi
Yaşlar düşdü.
Fikrimcə, o düşünürdü
Qapıya topu düz vura bilmirəm daha,
Ya da topu onun yollarına
Vurmuşam
Belə.
Nəğmə
Quzu otaranın,
Dərsə gedənin,
Gedən qatarın,
Şeiri çap olunmayan şairin,
Dodağında bir göyərmiş nəğmə var...
Adamı o nəğmə yaman yandırır,
Nə quzular başa düşər onu,
Nə getdiyi məktəb,
Nə sərnişin,
Nə də oxucu.
İllah ki, şair kənd şairi ola,
İllah da biləsən bu quzuları
qəssablar sevir,
Qatarlar səni ayırır,
Və kənd adamları deyirlər,
Əsl şair şəhərdə yaşayar,
Allahşükür, səni yandıracaq
Bu nəğmə,
Başına çarə qıl...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!