Məktəbimiz - Qəşəm İsabəyli - uşaq şeirləri

Ay baba, nə xəbərdi...

- Ay Şəm-Şəm, neyləyirsən,

Dərsini öyrənmisən?!

- Ay baba, nə xəbərdi,

Yeməyimi yeyirəm?!

- Həəə... nə oldu, ay bala,

Yəqin, yeyib doymusan?!

- Ay baba, nə xəbərdi,

Həzm eləyirəm...

 

Zeynəb cığalçılıq edir

Zeynəb cığalçılıq edir,

Guya bizə acıq edir.

 

Yeməyi vaxtında yemir,

Yeməyən vaxtlarda yeyir.

 

Durmağın vaxtında durmur,

Durmayan vaxtlarda durur.

 

Yatmağın vaxtında yatmır,

Yatmayan vaxtlarda yatır.

 

Üstünü örtürsən - açır,

Üstünü açırsan - örtür.

 

Guya bizə acıq edir,

Zeynəb cığalçılıq edir.

 

Pinti maşın

Palçıq içindədi maşın,

Səhərəcən kirli yatıb, -

Ay baba, yazığım gəlir -

Gör necə fikirli yatıb?!

 

Ay baba

- Ayılar qış yuxusuna gedib,

Biz də üşüyə-üşüyə dərsə gedirik.

Belə də uşaqlıq olar?!

 

Fərari

Bizdə də fərari var -

"Qarabağ tarixi"ndə

Dərsdən qaçır uşaqlar.

Çaqqallar

Ulaşır çöldə çaqqallar,

Evdə Zeynəbi qorxudur.

Çaqqalları qorxutmaqçun

Zeynəb gah it şəkli çəkir,

Gah yazığı gəlir - pozur.

 

Baba

- Qapını açıq qoydun,

Külək hirsləndi, baba.

Elə çırpdı -

Diksindim.

 

Küçük

Hava elə qaraldı,

Qorxu düşdü küçüyün canına.

 

Çevrilib baxdı

O yan-bu yanına,

Gördü yata bilməyəcək.

Nə fikirləşdisə,

Ayı potası kimi bağırdı.

 

O dəqiqə kəndin itləri

Bir-birinə qarışdı.

 

Küçük gülümsəyib,

Başını qoydu pəncəsinin üstünə:

- Çaqqal girə bilməz kəndə,

Rahat yataram mən də!

 

Ən ağır söz

- Bir kilo dəmir ağırdı,

Bir kilo pambıq?

- Dəmir!

Babam acıqlı baxdı üzümə:

- Səni dərsə aparıb-gətirəndə

Yandırdığım benzinə dəyməz!

- Cavabım?

- Savadın!

- Savadıma nə gəlib, ay baba?!

- Ağzında kilo deyirsən, -

Kilonun kilodan nə fərqi?!

- Onda niyə bəs

"Ayaqqabım dəmir kimi ağırdı?!

Pambıq kimi yüngüldü başım!".

Deyirsən?!

Zeynəb

Qaqaşım Şəm-Şəm ki, mənə

"Zeynəb şirin qızdı" - deyir,

Milçəklər eşidib gəlib,

O ki var məni dişləyib,

Elə bilib yeməliyəm.

 

Kimi çox istəyirsən

- Ananı çox sevirsən?

Atanı çox sevirsən?

- Hamıdan çox deyirsən?

- Bəli.

- Müəlliməmi!

- Niyə müəlliməni,

Niyə bəs ananı yox?!

- Anamın saçı qısadı,

Əlləri də yepyekə!

Müəlliməmin uzundu saçı,

Əli də sığır ovcuma!

 

Ən böyük canlı

- Ən böyük canlı hansıdır?

- Fil!

- Düz deyil.

- Kərgədan.

- Bu da bir yalan.

- Balina.

- Əsla!

- Olmadı ki!

- Su.

- Suuuuu?..

 

Bibim oğlu Muhamməd

Atası oruc tutub, namaz qılandı,

Odur ki, ərəbcə qoyub adını -

Muuhamməəd.

Özü də hazırlaşır

Oruc tutub, namaz qılmağa.

Bizə gələn kimi də

Soyunub, lüt oturur.

- Neyləyirsən, Məhəmməd?

- Məhəmməd yox, Muuhamməəd!

- Neyləyirsən, Muuhamməəd...

- Paltarım bulansın, deyirsən?!

 

Şirniquş

Yeyib şirniquşunu,

Zeynəb ağladı birdən.

- Nə oldu, Zeynəb, sənə,

Niyə ağlayırsan, hə?

- Ağzıma hirslənmişəm,

Yaman acgözdü ağzım!

Yedi şirniquşumu,

Yox oldu birdən yazıq!

 

Şəm-Şəm və Zeynəb

Atamın bərkdi qucağı,

Babamın qucağı yumşaq.

Şəm-Şəm paxıllıq eləyir:

- Düş yerə ordan, ay uşaq!

- Niyə düşüm?

- Düş deyirəm!

- Düşüm, sən gəlib minəsən?!

 

Məktəbimiz

- Məktəbimiz yaman zəifdi, baba.

- Zəif nəyə deyirsən?

- Uşaqlar dərsdən qaçır.

 

Nə olsun

Nə olsun bacımdı Zeynəb,

Nə olsun çox istəyirəm!

Səhv işini görən kimi

Üzünə deyirəm!

 

Baaa-baaa...

Göy guruldadı,

Zeynəb bağırıb,

Üstümə qaçdı:

- Baaa-baaa...

 

İldırım

Yaxşı ki, evimiz var, ata,

İldırım başımıza

Düşərdi yoxsa!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!