NARGİS
Dünyanın bütün qadınlarını, kişilərini...
Mən bütün dünyanın çiçəklərini sevə bilərdim.
Öpə bilərdim, bütün dünyanı dodaqlarından.
Qayğısına qala bilərdim,
güllələnən, bombalanan bütün körpələrin...
Bətnində uyuya bilərdim,
körpəsi Berlin divarı kimi, qəhqəhəylə sökülən,
bütün xocalılı anaların.
Mənə qucaq açan bütün sinələrə qısıla,
bütün qollarda azad ola bilərdim.
Mən İsanın yerinə çarmıxda,
Janna Darkın yerinə tonqalda,
Urmiyada,
Arakanda, ölə bilərdim.
1813-1828,
1918-1920,
1990-1992-ci illərin
haqsız, qəddar, amansız hadisələrinə səbəb olanları
dünyanın təqvimdən silə bilərdim məsələn.
Bütün dinlərin, irqlərin,
bütün könüllərin qadını, adamı,
anası, körpəsi, insanı ola bilərdim...
Sağalda bilərdim bəlkə də, İsa kimi...
Bütün doğu Türküstanda qətl olunmuş insanları.
Musanın əsası ilə Afrikanın
bütün səhralarına toxuna bilərdim məsələn...
Açardım zəngin ərəblərin süfrəsini
dünyadakı bütün ac körpələrin önünə.
Ürəyimdə eyni anda milyonlarla sevgini daşıya bilərdim...
Ulduzlar boyda parçalana, qara dəlik kimi bütün nüvə silahları uda bilərdim məsələn...
Mən dünyanın faciəsinə,
ömürlük günəş boyda sükutla susa,
Mübarizə dəyən gülləyə,
170 desibel səslə hönkürə bilərdim...
Sevgimin rəngi, dili, dini, irqi, cinsi, yoxdur mənim...
Dünyada yaşayan bütün rənglərdəki
uşaqların gözlərindən boylana bilərdim, Muskun təxəyyüllərinə.
Mən bir ilan kimi sanca bilərdim dünyanın Trampvari zehniyyətindən.
Anasını görən körpənin gülümsəməsiylə gülümsəyə bilərdim Yaradıcıya!
Kainat boyda sevə bilərdim, səni əzizim
Mən sənə vurğunam.
Sən dünyanın yox mənimsən.
Sən doğmamsan, əzizimsən,
vətənimsən, sevgilimsən!
Şuşadakı möcüzəsən sən,
Xarıbülbülsən!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!