Bilmirəm
Qolumda köhnə zəncirim,
əlləşib qıra bilmirəm.
Ağrısı məndə yurdlaşıb,
Bu dərdə çara bilmirəm.
Duman, çən düşüb izimə,
Toru çəkilib gözümə.
Elə hopmuşam dözümə,
Ayağa dura, bilmirəm.
Gecə fikir, gündüz fikir,
Yağış gözümdən nəm çəkir.
Ömür ağrıdan tükənir,
Üz tutum hara bilmirəm.
Zaman ağrılardan keçir,
Guman ağrılardan keçir.
Dərd gələndə bizi seçir,
Niyəsin sora bilmirəm.
Öz şələmdi kürəyimdə,
Qəm gül açıb diləyimdə.
Qisas ölür ürəyimdə,
Qılıncı vura bilmirəm.
Payız şeiri
Havalar soyuyur, göy qəhərlənib,
Yağış yağır gülün, çiçəyin üstə.
Üzümə çırpılır qürbətin yeli
Ağrılar şığıyır ürəyin üstə.
Dərələr duman geyir əyninə,
Ömrümə kədərdən bir cığır salır.
Bu göndən baxıram dünənki gönə,
Yadımda xatırə göynəyi qalır.
Ürək bir tilsimli sevda yeriymiş,
Heç kəs bu tilsimdən baş aça bilmir,
Bir gön bu ömründə yolu dönəcək,
İtən sevgilər də geriyə dönmür.
Payız xəyallarım bürüyüb məni,
Xəyallar içində hər gün azıram.
Yandan ötüb gedən ömrün yazına,
Dumanlı bir payız şeiri yazıram.
Yadımdadı bir vaxtlar
Xəzərdə mayaklar yanardı.
Dalğalar Xəzərə
Sevgi şərqiləri oxuyardı.
Ruhumuz Xəzərdən
Mavilik qoxuyardı.
Xəzər hünərli, səxavətli, varlı idi,
Kürüdə görərdik.
Balıq da öz yerində,
Ömrümüzün gənclik illərində,
"Azəri", "Çıraq" yataqlarından
Polad dirəklər üstündən
Borular boylanır indi,
Sahildə neft karvanları hoylanır indi,
Yedəyi yad əlində.
***
Mənim dostum dalğalar,
Həzin-həzin pıçıldayın qulağıma
qəlbinizdə hər nə var.
Bir vaxt mən də sahildən
Ayağımı kəsəcəm,
Xəzərə vida eliyib
Bu dünyadan köçəcəm.
Əlini ver əlimə,
Sahil yatmır könlümə.
Düşüm, qarışım sizə,
Baş vuraq göy dənizə.
Verək ürək-ürəyə,
Söykənək kürək-kürəyə.
Sizinlə şahə qalxım,
Ya elə göy sularda batıb
Qəfildən yoxa çıxım.
Yeni həyat qaynasın
O qərıb nəğmənizdə,
Bir əksim, bir də sevgim
əbədi qalsın sizdə.
Xəzərə yağış yağır
Xəzərə yağış yağır
Gözümün yaşı kimi.
Sığınmışam mən ona
Dostu, sirdaşı kimi.
Yağış yağır Xəzərə
Hər dənəsi inci, zər,
Yağışın laylasından
Sanki dincəlir Xəzər.
Sahilində durmuşam
Xəyallar aləmində.
Damcılar bir ovcumda
kövrələn ümidlərim
sıxılır bir əlimdə.
Yağış yağır şıdırğı
Bütün aləm sevinir.
Sanki anamız Günəş
Yağış gölündə çimir.
Sanıram yağış yağmır
Göylərdən nur ələnir,
Yollar, cığırlar baxışlarımda
mavi işığa dönür.
Ayrılıram xəyaldan
Nə Xəzər var, nə yağış,
Göz yaşlarım yaxama
Düzülüb naxış-naxış.
Kimsə çağırır məni
Qulağımdadı səsi.
Bu yağış səsidirmi,
ya qəriblik nəfəsi?..
Ürəksiz adam
Sən məndən gen dolan, ürəksiz adam,
Mən çəkən dərdləri çəkə bilməzsən.
Şam kimi üzülüb gecə sübhədək,
İynənin gözündən keçə bilməzsən.
Vətənsiz heykələm, doğma vətəndə,
Əli baltalılar budayır məni.
Günahı yumadım, neynim hələ də,
Torpaq günahlarım qınayır məni.
Mən, o mən deyiləm sevda başında,
Saçına sevgidən çiçəklər düzən.
Yurdsuz bir dərvişəm ahıl yaşında,
Haqqın sorağilə dünyanı gəzən.
Hirsimin yanğısı sinəmi ütüb,
Özümün ağrımı özüm çəkirəm.
Üstümə zamanın qayğısı çöküb,
Dünya ağrıdadır dözüm çəkirəm.
İçimdə bir göynər dünyam var hələ,
Bu qəm tufanında ta üzüm gülməz.
Mən söz adamıyam başdan-ayağa.
Duyğuma yad nəfəs yol tapa bilməz.
Zəngin bir ölkənin ac şairiyəm,
Ehtiyac mənimlə hər gün görüşür.
Qələmin ucundan ağ vərəq üstə,
Gecə misra-misra göz yaşım düşür.
Belə yaranmışam, belədir təbim,
Yalana, yaltağa uzağam, yadam.
Vətən ürəyində, torpaq dilində,
Hələ yer tapmayan, ürəksiz adam!
Ürəyimdə gözləyirəm
Təzə mənzil almışıq -
geniş, işıqlı,
Təmtəraqlı, yaraşıqlı.
Heç bənzəri yoxdur köhnə evimizə,
Göz aydınlığı veririk bir-birimizə.
Bu gözəllikdən təzə ruh köçür
Sanki ömrümüzə.
Qızım, nəvəm həvəslə
Köçməyə hazırlaşırlar.
Sevincdən aşıb-daşırlar.
Mən onlara ancaq xoş günlər diləyəcəm,
Andıma, inadıma,
Yol çəkən baxışlarıma,
İslanan yuxularıma güvənəcəyəm,
Səni köhnə evimizdəki
Doğma odamızda gözləyəcəyəm.
Bir-birimizə söykənə-söykənə.
Bir-birimizə yükünə-yükünə
Ömrü başdan başlayaq,
Ürəyimizcə yaşayaq, doyunca.
Bir gün evimizin buz bağlamış
Divarından asılan,
Bir çərçivəyə iki ömür sığınan
Şəkil olunca.
Yaman təşvişdəyəm,
Qaçıram pəncərəyə, qapıya,
Qorxuram gəlməyəsən
İnadım məni qınaya.
Təkliyimlə doludur evim, odam,
Gecikmə, uzaqlardan
Ömrümə gələn adam.
Ayaq səslərini ürək
döyüntülərimtək izləyirəm,
Səni ürəyimdə gözləyirəm.
Allah bəndəsi
Atam Qulam Kəlbalı oğlu
ağır bir elin ağsaqqalı,
37-dən sağ çıxan
Üç qardaşın yeganə yadigarı,
Vətən savaşını çətin zəhmət illərində,
Ağır qurşun qəlpəsı
Bir əlində,
Ülgüc, bülov birində,
Titə çiynində,
Bir sağ ola, bir salama,
Üz qırxardı, saç vurardı.
Sənətini hər yerdə öyərdi,
Sonra da müştərini çaya,
qayğanağa qonaq edərdi,
Nənəm elə deyinərdı.
Hər gün üzü qibləyə,
Dualar eləyib, salavat çevirərdı,
Gizli saxladığı "Qurani-Kərim"dən
ayələr oxuyar,
Şəhadəti bizə öyrədərdi,
Allah kəlamıdı, bala, - deyərdi.
O vaxtlar buna ciddi qadağalar vardı,
Hər dəfə partiya cəzası,
Ya həbs gözləyirdi onu,
Yenə də unutmurdu,
Allah bəndəsi olduğunu.
Həmid kişi, Ziyad, Cəmil kimi
Etibarlı dostları vardı,
Ürəyində Ağamurada xüsusi yer olardı.
Ülgüc vura-vura
Zarafatından qalmazdı,
Şaqqıltı ilə gülməyinə,
Toyda oynamağına tay olmazdı.
Erməni faşistlərı,
Torpaq hərisləri.
Sinəsinə çəkdilər dağı.
Dağıldı başının yığnağı,
Şəhid oldu kənd növrağı,
Görən indi dururmu Allah bəndəsinin
Horovlu qəbiristanlığındakı
başdaşı güllələnən,
yana əyilən məzarı?
Ziyarətinə tamarzıdı övladları.
Bu ömrü dəyişirəm
Hava buludludu,
Göylər qarışıb.
Hər tərəfə çöküb qatı çən-çisək,
Lift də yenə işləmir
Həmişəkitək.
Çoxdan çölə çıxmıram
Tərli pəncərəmdən baxıram.
Çocuqluqda olduğu kimi,
Yenə kövrəlib ürək.
Sığınıram səbrə, dözümə
Ayaqlarım xəyanət edib mənə,
baxmır sözümə.
Xəyanət edib mənə ömür də, yaş da,
Aciz qalmışam bu ümidsiz savaşda.
Payız durnalarım da tələsik
köçüb gedirlər.
Yönlərı haradı, mənzillərı hara,
Bir də qayıdarlarmı
Bizdən küsən dağlara?
Təbim də məndən küsüb,
Payız sükutuna düşüb, dinmir,
Qələmim həvəssiz-həvəssiz
Sözlərin, hecaların
Arasında veyillənir,
Qaçqın duyğularımın qarasına gileylənir.
Geyimlərim də üzə dururlar bir-bir,
Biri yaşıma düşmür.
Biri əynimə gəlmir.
Ayaqqabılarımı da toz basıb,
Yetim-yetim üzümə baxırlar,
Gəzdiklərı yerlər üçün darıxırlar.
Yenə payız gəlib, qəhərlənirəm,
Təzədən fürsət düşə əlimə
Bu ömrü dəyişdirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!