...Quş qanadında qayıt... Bir misra yazının başlığı, bir misra isə yazının birinci cümləsidir. Əfsanə Rəvanındır misralar, Şəkidə yaşayıb-yaradan istedadlı şairin:
Vallah, qınayan olmaz,
Keç inadından, qayıt.
Yağış damlasında gəl,
Quş qanadında qayıt.
Gördünüzmü, Əfsanənin dili necə də rəvandır. Sosial şəbəkələrdə yayınlanan şeirlərini xeyli müddətdir izləyirdim. Bu yazıda nümunə gətirdiyim misraların hamısı bu günlərdə "Bir qələm" nəşriyyatında çapdan çıxan "Amma bağışladım" kitabından deyil. Mən hələ bu kitab çap olunmamışdan əvvəl sevmişdim onun şeirlərini. Amma kitabı da oxudum... Oxudum və qənaətimdə yanılmadığıma sevindim. Azərbaycanın, sözün həqiqi mənasında, əvəzolunmaz şairi Ramiz Qusarçaylının kitaba yazdığı "Gözlərin and yeri" adlı ön sözünü oxumaq bu şairi sevməyə yetər.
Əfsanə Rəvanın içi həsrət dolu şeirlərindəki həsrətin özü gerçəkdir. Çünki bu həsrətin yaratdıqlarını da Əfsanə Rəvan sevgidən keçirib qələmə alır. Dünyada gerçək olan nə varsa, gözəldir. Həsrətin özünü də sevgi yaratmayıbmı... Bu sevgi deyilənin ayrılığı olmasaydı, həsrət adlı bir nəsnədən danışmağa dəyərdimi... Bu həmin sevginin həsrəti deyilmi... "Düşmən" də aşikar olanda ürəklə "düşmənçilik" edərsən.
Həsrətdən əzab çəkən hər kəsin içində bir bağışlama istəyi var. Amma çox vaxt "yox, özümü sındırmayım" düşüncəsinin qarşısında guya bağışlamaq ağlımızın ucundan belə keçmir. Guya... Dedim axı, hər kəs bağışlamaq istəyir, sadəcə istəyir. Çox vaxt ürək eləmirik. Əfsanə Rəvanın amma bağışladım deməsi, hər şeydən öncə bir böyüklük düşüncəsidir. Axı, bir az əvvəl
Bəxtimin geyindiyi,
Paltarlar da qaraymış.
Dərdin ayaqlarında
Çəkmələrim darıymış
- demişdi.
Amma... Amma bağışladı ha... Çoxunun eyləyə bilmədiyi etiraf, köklənə bilmədiyi düşüncədi bu. Bəlkə də ona görə deyir ki,
Gəl, bir anda yox eylə
İllərin həsrətini.
Vallah, qorxma, cəhd elə,
Bir addımdı çətini.
Çünki artıq bağışlanıb. Qayıtmağın yollarını da şair özü göstərir. Birinci addımı at, çətini odur... Yox, əgər yenə də "yox, özümü sındırmayım" düşüncəsinin qulu olacaqsansa, olacaqlara qatlanacaqsan. Axı, bağışlayanın da darıxmaq deyilənə öyrəşməsi var. Ən dəhşətlisi budur:
İnsan darıxmaqlara,
Öyrəşir elə bil ki.
Mən də qəşəng öyrəşdim,
Darıxmaq dərd deyil ki...
Zamanın darmcal vaxtında bir belə həsrətli yaşantıları poetik misralara çevirə bilən adam, son anda Yaradana da bədii sual göndərir:
İlahi, sənindəmi,
Dərdin başından aşır?
Bu boyda harayı eşitməmək olarmı?.. Amma bağışlayandan sonra da bu həsrətin güzəştə gedən tərəfi hələ ki, müəllifdir:
İnan mənə, uzaqdı sənə gələn yollarım,
Şaxta, boran, sazaqdı sənə gələn yollarım,
Hər döngəsi tuzaqdı sənə gələn yolların,
Bilmirəm hardan gəlim...
Çıx bu "yox, özümü sındırmayım" düşüncəsinin təsirindən, heç olmasa sənə gələn yolların koordinatını göstər. Biz sənin həsrətinin yazdırdığı bu şeirlərin müəllifini sevdik, sən də o sevginin böyüklüyünü qoru...
Əfsanə Rəvanın bir neçə şeirini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.
Əfsanə RƏVAN
Tanrıya məktub
İlahi, sənindəmi
Dərdin başından aşır?
Beynində min cür xəyal,
Min cür fikir dolaşır?
Yoxsa niyə sən mənim,
Səsimi duymayasan.
Hər gün qapına gələn,
Sənə ən yaxın olan
Kəsini duymayasan.
Hərdən məni də eşit,
Oyan yuxudan, oyan.
İzin vermə, İlahi,
Dualarıma qıyam.
Mən hər gün əllərimi
Səmadan asdım, Allah!
İntihar günah idi,
Bağışla, bir də olmaz,
Bağışla, çaşdım, Allah!
Ah çəkirəm göyün də,
Yerin də silkələnir.
Günəşin od içində
Başıma kül ələnir..
Bəlkə də dərdlərimi,
Eşitsən əvəzimə
Bir ömür qəm çəkərsən.
Tanrı, özünü qoru,
Mən bir az gözü sulu
Göylərdə çox uzanma,
Gözümdən nəm çəkərsən...
Darıxmaq dərd deyil
Nə başını ağrıdım,
Hər şey elə həminki.
Sən gedəndə də susdum,
Heç bir söz demədim ki…
Qapı, bacası açıq,
Gördüyün o evdəyəm.
Gəlib eləmirsən ki,
Yenə könlünü alam,
Yenə sənə yalvaram
Yenə məni sev deyəm..
Hər gün bir az qırılıb,
Öz içimdə ölürəm.
Sən gedəndən yuxumu,
Saatlara bölürəm.
Nəfəs-nəfəs çəkirəm,
Təkliyi ciyərimə.
Dağ da olsa dözməzdi,
İnan mənim yerimə.
Mən indi darıxmağı,
Dərd hesab eləmirəm.
Daha sənə "qayıt, gəl,
Bir də getmə," demirəm.
İnsan darıxmaqlara,
Öyrəşir elə bil ki.
Mən də qəşəng öyrəşdim,
Darıxmaq dərd deyil ki...
Sevdasına birinin
Öz-özünü yaxasan,
Dərddən göyə çıxasan.
Pəncərədən baxasan,
Dünyasına birinin.
Hər dərdinə yetəsən,
Ürəyində bitəsən.
Bir gün qurban gedəsən,
Sevdasına birinin.
O can mənsiz qəm yemir,
"Geri dön, qayıt" demir.
Qərq olasan bir ömür,
Dəryasına birinin.
Başım, gözüm üstünə
Dəli darıxmaq gəlir
Sən düşəndə yadıma.
Heç kim təsəlli olmur,
Özün yetiş dadıma.
Gör, haçandı görmürəm,
Xəyalın da nazlanır.
Sən tərəfə uçacaq,
Ürəyim pərvazlanır.
Havalar da soyuyub,
Əllərimdən buz düşür.
Görəsən bircə dəfə,
Yadına bu qız düşür?
Gəl, bir anda yox eylə,
İllərin həsrətini.
Vallah qorxma, cəhd elə,
Bir addımdı çətini.
Bütün darıxmaqları,
Bir gecəyə sığışdır.
Bu dağınıq ömrümü,
Gəlişinlə yığışdır.
Gəl, bax fani dünyadı,
Altı nə ki, üstü nə.
Bütün olar-olmazın
Başım, gözüm üstünə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!