Sülh bayrağı... - Ümid Nəccari - şeirlər

Qızcığaz

Mən gördüyüm qızcığazın

köynəyini saraltmışdı günəş.

Pambıq doluşmuşdu saçlarına,

ayaqqabılarını güllələmişdi yollar...

Dodaqlarında təbəssüm tabutu.

Sahildə uşaqlar çılğıncasına

Uçururdular çərpələnglərini

Uçururdular günəşi...

Sabahları...

Buludları uçururdu uşaqlar.

Dünyanı başına götürmüşdü qəhqəhələr.

Sevinirdi qağayılar.

Xoşbəxtcəsinə üzürdü qayıqlar...

 

Mən gördüyüm qızcığaz

qoydu yerə satmağa gətirdiyi tumları.

Uşaqlara baxıb

Əlini uzatdı içinə,

çıxarıb ürəyini uçurdu göy üzünə...

 

Sülh bayrağı

Elnarə Akimovaya

Küləklər kölgəmizdən əsər üstümüzə,

kəpənəklər uçar barmaq uclarından.

Payız bir qapı qonşuydu,

gedəndən saraldı yarpaqlar,

töküldü ağaclar.

 

Yağış fəslidir, bu yazını yazıram:

Sözlərin "Yad" olduğu yerdə

Hamımız bir azca Sizif,

Hamımız ölən Tanrılarıq "Zərdüşt belə deyirdi"sində

Yaxın gəldikcə artır qaranlıq küçələrin dirək işığı

Məşəl olur yandırdığın şamlar.

 

Götür bir yerə yaz!

Yaz ki:

- Sənin yazılarında dünyanın ən yalan şeiri gerçəyə dönər.

Deyim, biləsən,

biləsən ki,

hər gecə açıq qoyuram sabahların pəncərəsini,

bilirəm, nəhayət, sənin əllərindən doğacaq günəş.

 

Deyim, biləsən,

biləsən ki,

səs notlarından çiskin havalar çökər şəhərin gözəllik küçələrinə,

adını çəkdikdə gəmilərin fit səsinə oyanar qağayıların yuxusu.

Sən baxışlarınla bütün əsgərlərə deyirsən,

deyirsən ki:

"Göy üzünə atəş açmazlar

Ağ buludlar göy üzünün Sülh Bayrağıdır.

Nə bilsin müharibəçilər? Nə bilsin siyasətçilər?

Savaş meydanında ayaqyalın gəzən uşaq,

Allahdan öncə anasının adını səsləyər".

De, bilsin

deyilməyənlər çoxdur bu şeirdə,

döyündükcə ağrıdar ürəyimdə qalan söz qəlpələri.

 

Yağış fəslidir, bu yazını yazıram,

bizdən sizə bir kəlməlik yol var.

Yaşadığımız bu dünyada

susuzluqdan çox sözsüzlük öldürür insanları...

 

İkiayaqlı qəfəs

Qapıları çırparaq yorulan bir şəhərin hekayəsini yazırdı külək.

Yazırdı ki, darıxmaq insanın kölgəsidir.

Onunla birgə doğular,

Onunla birgə ölər.

 

Zaman - bir qarıdır səssizlik paltarında,

bizə xatirə toxuyur hər an...

 

...hər an,

Vaxt - bir dəyirmançı kişidir,

saçlarımıza un ələyir gündən-günə...

 

İkiayaqlı qəfəslər

içində uçmağı unutmuş bir quşu daşıyır.

 

Hamının uzaqlarda tanımadığı bir tanışı var.

Darıxanda ona ağlayar,

Sıxılanda ona yazar.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!