harda varsan, ora qiblədir mənə... - Şeirlər. Tərlan ƏBİLOV

Onun təklifi

Yanındayamsa
sil beynindəki qadınları;
bir əlçim qum bəs edər ayaqlarımı yandırmağa,
bir hovur günəş bəs edər dənizi canlandırmağa,
bir ovuc külək yetər saçlarımın rəqsinə...
Sənindir
saçlarım,
sinəm,
düz və hamar ayaqlarım...
Tələsmə...
əllərimdən tut,
dünyanı unut,
cəhənnəm olsun sahil...

*  *  *

Sevda nə olduğunu
dualarının dimdiyindən vurulan quş daha yaxşı bilər,
yol nə olduğunu ayağı olmayan adam daha yaxşı anlayar,
ümid nə olduğunu şamsız qalan...

Götür bir ovuc dən səp o quşa,
ayağı olmayan o adamın çiynindən sal bu yolu,
bir şam yandır şamsız qalana...

İnan,  gördüyün bu səhranın
nə vaxtsa dəniz olduğuna...

 

Sonuncu pərdə

Yorub məni uzaqlara yol çəkmək,
uzaqlara göz dikmək.
Bekarçılıqdan qollarım çiyinlərimə ağ olur,
əllərim qollarıma...
Üzümə ağ olur sənə ünvanladığım sətirlər.
Əvvəlində özümə bir yer saxlamadığımdan
sonumda çox sıxlıqdır indi;
sağa dönürəm işsizlik,
sola dönürəm huşsuzluq,
yumruqlayır kürəyimi arxada asılan şəkillər,
önümdə  yamaqdır pəncərədən asdığın pərdə...
Yorub məni yer,
yorub məni göy,
bezdirib məni yaxınlar,
bir qədərdir uzaqlar.
Yer üzündə nə qədər adam var,
o qədərdir uzaqlar...

Keçdi

Keçmədim səndən, könlümdən
nə keçdisə yalnış keçdi.
Dolu gəlmədin ömrümə,
sən də bu ömrü boş keçdin.

Düşdü sevgin iş qapımda,
Dedim göydən düş qapımda.
Duan keçməmiş qapımdan,
canımdan yüz qarğış keçdi.

Hürdü, adamlar hürüşdü,
Baxtın ayağı sürüşdü.
Ovcumda quraqlıq düşdü,
gözlərimdən yağış keçdi.

Qırıldım, səni qırmadım,
Bir addım geri durmadım.
Məni özgələr vurmadı,
üstümdən dost-tanış keçdi

Qalereya

Varaq olmadığından
yuxumuzu ərşə çəkir
yoxluq.
Yoxa çıxıb
quşların çəkildiyi göy üzü,
yoxa çıxıb
pərdəsi çəkilmiş pəncərələr.

Damımızın altında
su basmış döşəmədir yer.
Sulu boyadır gözlərin...

Sabah-sabah
ən gözəl rəsm əsəridir
çəkdiyin ah...

 

Sən eşqsən

Sən eşqsən;
zərifliyinin içində
qırılmazlıq,
güc,
dözüm gizlədilmiş eşq...

Saçlarından dəniz,
gözlərindən günəş damcılayır,
dodaqlarından La İlahə İlləllah...

Sən eşqsən,
harda varsan,
ora qiblədir mənə, qadın...

 

Çıxırsan

Bu oddu, atəşdi, sevgi?
Laləsi yanan dağda sən
başıma duman gəlirsən,
başımdan çən çıxırsan.

Necə yanmaqdı bu? - özüm
yanıram, cızdığım çıxır,
məntək cəhənnəm odundan
günəştək şən çıxırsan.

Qarışır yanıq iyimə,
ağacdan tökülən payız.
Mən adamlıqdan çıxıram,
sən özündən çıxırsan.

İçimdə iki böldüyün
bir adamsan tək-tək ayrı;
yadıma düşən kimi sən,
yadımdan sən çıxırsan...

Axar

Səhər günəş doğur,
axşam ay.
Pəncərəmdə dalğalanır dəniz,
qapımda ləpələnir qağayılar.
Şəhəri yuyub aparmaq istəyən leysandan sonra
közərir ulduzlar.
Heç nə olmamış kimi
küçəmizdən keçən adamlarla
işə tələsir gələn gün.
Heç elə bil çıxıb getməmisən,
heç elə bil sevməmişəm səni...                       

Lənkəran


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!